RU

Türkiyənin region planında Ermənistan detalı: Bakıya məlumat verildi, qərar dəyişdi

Türkiyə Xarici İşlər Nazirliyi Ermənistanla birbaşa ticarətə başlanılacağını açıqlayıb. Bu istiqamətdə bütün məhdudiyyətlərin aradan qaldırıldığı bildirilir. Həmçinin iki ölkə arasında quru sərhədlərin açılması məsələsi üzərində işlər davam etdirilir.

Ankaranın qərarı Ermənistanla normallaşma prosesində nə kimi üstünlüklər gətirəcək? Bakı və İrəvan arasındakı sülh prosesinin mövcud vəziyyətində bu yenilik necə dəyərləndirilməlidir?

Globalinfo.az-a danışan Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu deyib ki, Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətin başlanmasına dair hazırlıqların tamamlanması və quru sərhədlərin açılması istiqamətində işlərin davam etdirilməsi Cənubi Qafqazda yeni geosiyasi mərhələnin formalaşdığını göstərir:

“Ankara bu addımı 2022-ci ildən davam edən normallaşma prosesinin tərkib hissəsi və “etimad artırıcı tədbir” kimi təqdim edir. Bu qərarın Türkiyə üçün bir neçə mühüm üstünlüyü var.

Birincisi, Ankara regionda iqtisadi inteqrasiyanın əsas mərkəzi olmaq istəyir. Ermənistan bazarının açılması Türkiyənin Şərqi Anadolu bölgələrinin iqtisadi aktivliyini artıra, logistika və tranzit imkanlarını genişləndirə bilər. İndiyə qədər Türkiyə-Ermənistan ticarəti əsasən Gürcüstan üzərindən dolayı şəkildə həyata keçirilirdi. Yeni qərar vasitəçi xərclərini azaldacaq və ticarəti daha sürətli edəcək.

İkincisi, Ankara bununla Cənubi Qafqazda “regional sabitləşdirici güc” obrazını gücləndirməyə çalışır. Xüsusilə son illərdə Türkiyə yalnız hərbi-siyasi aktor kimi deyil, həm də kommunikasiya və iqtisadi əməkdaşlıq platformalarının təşəbbüskarı kimi çıxış etmək istəyir. Ermənistanla münasibətlərin yumşaldılması Türkiyənin həm Qərb, həm də region ölkələri qarşısında diplomatik manevr imkanlarını artırır.

Üçüncüsü, bu addım Türkiyənin “Zəngəzur dəhlizi”, regional nəqliyyat xətləri və Orta Dəhliz strategiyası ilə də əlaqəlidir. Ankara anlayır ki, uzunmüddətli regional layihələrin işləməsi üçün Ermənistanın tam təcrid vəziyyətində qalması artıq praktik deyil. Buna görə normallaşma iqtisadi pragmatizmə əsaslanır”.

vuqar
Vüqar Zifəroğlu

Ekspert bildirib ki, Türkiyə Ermənistanla münasibətləri Azərbaycan faktorundan ayrı düşünmür:

“Son illərdə Ankara Ermənistanla tam normallaşmanın Bakı-İrəvan sülh prosesi ilə paralel aparılacağını dəfələrlə bəyan edib. Bu baxımdan Türkiyənin indiki addımı Azərbaycanla koordinasiyadan kənar görünmür. Əksinə, bu qərar müəyyən mənada Ermənistana mesajdır ki, regional inteqrasiyanın açarı sülh müqaviləsinin imzalanmasından keçir.

Hazırkı mərhələdə Bakı ilə İrəvan arasında sülh prosesində əsas çətinliklər konstitusiya məsələləri, sərhəd delimitasiyası və kommunikasiya xətlərinin açılması ilə bağlıdır. Buna baxmayaraq, ümumi mənzərədə əvvəlki illərlə müqayisədə daha realist diplomatik mühit formalaşıb. Türkiyənin iqtisadi açılım qərarı da məhz bu fon üzərində meydana çıxır.

Bu yenilik Ermənistan üçün ciddi iqtisadi nəfəs imkanı yarada bilər. Uzun illər regional layihələrdən kənarda qalan Ermənistan, Türkiyə bazarına və tranzit imkanlarına çıxış əldə etməklə iqtisadi blokada psixologiyasından uzaqlaşmağa çalışacaq. Amma bunun davamlı olması üçün İrəvanın regional reallıqları qəbul etməsi və xüsusilə Azərbaycanla münasibətləri hüquqi-siyasi əsasda normallaşdırması vacibdir.

Azərbaycan baxımından isə proses həm fürsət, həm də diqqətlə izlənməli diplomatik mərhələdir. Fürsət ondadır ki, regionda kommunikasiyaların açılması iqtisadi inteqrasiyanı gücləndirə və müharibə riskini azalda bilər. Risk isə ondan ibarətdir ki, Ermənistan normallaşma prosesini vaxt uzatma və ya siyasi manevr alətinə çevirməyə çalışa bilər. Buna görə Bakı üçün əsas prioritet İrəvanın formal bəyanatlar verməsindən daha çox praktiki addımlar atmasıdır.

Türkiyə-Ermənistan birbaşa ticarətinin başlanması Cənubi Qafqazda postmünaqişə mərhələsinin dərinləşdiyini göstərən mühüm siqnaldır. Bu prosesin taleyi isə böyük ölçüdə Bakı ilə İrəvan arasında yekun sülh sazişinin imzalanmasından və regional kommunikasiyaların real şəkildə açılmasından asılı olacaq”.

Избранный
18
editor.az

1Источники