RU

Zəngilandan verilən mühüm mesajlar

ain.az bildirir, 525.az saytına əsaslanaraq.

Pərvanə SULTANOVA[email protected]

Prezident İlham Əliyev mayın 10-da Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşündə bir sıra mühüm məsələlərə toxundu, olduqca vacib mesajlar verdi. Həm Ermənistana, həm bütün dünyaya ünvanlanan bu mesajlar bir daha Azərbaycanın regionun gələcəyinə baxışı, sülh quruculuğu və digər məsələlərlə bağlı aydın mövqeyini nümayiş etdirmiş oldu. Ulu öndər Heydər Əliyevin doğum günündə reallaşan səfər həm də rəmzi məna daşıyırdı. Prezidentin görüşdə qeyd etdiyi kimi, Ulu öndərin ən böyük arzusu doğma torpaqlarımızın işğaldan azad olunması idi. Artıq onun vəsiyyəti yerinə yetirilib və Azərbaycanın bayrağı bütün ərazisində dalğalanır, Azərbaycan hər qarış torpağının sahibidir.

Prezident İlham Əliyev bidirib ki, İkinci Qarabağ müharibəsi zamanı nə qədər təzyiqlər olsa da, onların heç biri nəticə vermədi: "Halbuki bizi dayandırmaq istəyənlərin sayı kifayət qədər çox idi. Birincisi, o vaxt ATƏT-in Minsk qrupuna rəhbərlik edən həmsədrlər, o ölkələr. Hərəsi öz səbəbinə görə bizi dayandırmaq istəyirdi. 44 gün ərzində dəfələrlə bizə təzyiqlər göstərilirdi. O ölkələr sıradan olan ölkələr deyil - onlar nüvə dövlətləridir, onlar BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Görün, biz kimlərlə üz-üzə qalmışdıq. Hər biri bu işğalı əbədi etmək, bundan bir alət kimi istifadə etmək və nəticə etibarilə Azərbaycan xalqına rahat nəfəs almaq imkanı verməmək üçün dəridən-qabıqdan çıxırdı. Təkcə onlar deyil, başqa ölkələr də bizim qələbəmizi istəmirdilər".

Vaxtilə Qarabağ münaqişənin nizamlanması üçün yaradılmış ATƏT-in Minsk qrupu öz üzərinə düşən vəzifələri nəinki yerinə yetirməyə çalışdı, əksinə, uğursuz fəaliyyəti ilə tarixə düşdü. Minsk qrupu o zamankı status-kvonu qoruyub saxlamaq, münaqişəni dondurmaq, işğalı sonsuzluğa qədər davam etdirməyə cəhd göstərirdi, bütün fəaliyyəti məhz buna yönəlmişdi. Həmsədrlər açıq şəkildə işğalçı dövlətə dəstək verirdilər, 44 günük müharibədə də buna bir daha şahidlik etdik. Azərbaycan öz ərazilərini azad etməklə, həm də BMT-nin icra olunmayan dörd qətnaməsini yerinə yetirmiş oldu. Bununla da onsuz da fəaliyyətsiz olan Minsk qrupuna heç bir ehtiyac qalmırdı. Amma həmsədrlər yenidən regiona səfər edərək mövcudluqlarını sübut etməyə çalışırdılar.  44 günlük müharibədən sonra, 2020-ci ilin 12 dekabr tarixində Prezident İlham Əliyev ATƏT-in artıq keçmiş olan Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul etdi. Dövlət başçısı bildirdi ki, Bakıya gəlmək onların özünün ideyasıdır: "Mən Minsk qrupunu səfərə dəvət etməmişəm. Lakin mənə məlumat verəndə ki, Minsk qrupu gəlmək istəyir, dedim gəlsinlər, etiraz etmirəm. Bəlkə onların mənə sözləri var".

Prezident onların fəaliyyətsizliyinə də diqqət çəkərək söylədi ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Beləliklə, Azərbaycan məsələni özü həll etdi.

Artıq tarixin zibilliyinə gedən Minsk qrupu həm də vasitəçilik institutunun iflası, diplomatik utanc, riyakarlıq, ikili standartlar və müstəmləkə təfəkkürünün nümunəsi kimi diplomatiya tarixində qalacaqdır. Bu təsisat məhz diplomatik turizmlə məşğul idi. Kaspişikin özünə Bakı, Xankəndi, Tbilisi və İrəvanda villalar kirayə etməsi də bunu bir daha nümayiş etdirir.

Fakt budur ki, Ermənistan heç vaxt müstəqil dövlət ola bilməyib, hər zaman xarici güclərin alətinə çevrilib. Dünənə kimi Rusiyanın forpostu olan Ermənistan indi Fransanın simasında yeni protektorat tapıb. İrəvanın arxasında hansı gücün dayanmasından asılı olmayaraq, bu gün fakt ondan ibarətdir ki, Cənubi Qafqazın gələcəyini müəyyən edən Azərbaycandır, regionun aparıcı dövləti, söz sahibi, sülhün müəllifi Azərbaycandır. Ermənistan rəhbərliyi də, cəmiyyəti də artıq regionda "kimin kim olduğunu" və güclər nisbətinin kimin xeyrinə dəyişdiyini çox yaxşı anlayır.

Dövlət başçısı Azərbaycan-Ermənistan sərhədində Avropanın yerləşdirdiyi "müşahidəçilərə" də toxunub. Prezident bildirib ki, onlar özlərini belə göstərirlər, guya ki, Ermənistanı bizdən qoruyurlar: "Bizdən Ermənistanı qorumaq lazım deyil. Biz istədiyimizə nail olmuşuq. Özünü Ermənistandakı bu tədbirdə yenə də yalançı qəhrəman kimi göstərmək ki, guya onlar Azərbaycanın qabağını alıblar, yoxsa bu aqressiv, təcavüzkar Azərbaycan Ermənistanı məhv edəcəkdi, hamısı cəfəngiyyatdır. Bizim belə niyyətimiz olmayıb, yoxdur və olmayacaq, əgər bizə qarşı yenidən təxribat törədilməsə. Ancaq biz bilirik ki, Ermənistanın siyasi müstəvisində Azərbaycan xalqına, dövlətinə nifrətlə yaşayan kifayət qədər dairələr var və onlar hakimiyyətə gəlsə, bax, o zaman Ermənistan xalqının başı dərddə olacaq".

Prezidentin Zəngilan səfəri bir daha onu göstərdi ki, Azərbaycan regionda sülhün müəllifi, təhlükəsizliyin və sabitliyin qarantıdır. Ölkəmiz regionun inkişafı, infrastrukturun genişləndirilməsi, mövcud potensialdan tam istifadə edilməsi üçün böyük layihələrə imza atır.

Prezident bildirib ki, Ermənistanla burada sərhəd açılandan, Zəngəzur dəhlizi açılandan sonra Zəngilan faktiki surətdə ölkəmizin yeganə rayonu olacaq ki, bunun iki qonşu ölkə ilə sərhəd-keçid məntəqəsi olacaq. Bunun böyük əhəmiyyəti olduğunu deyən dövlət başçısı əlavə edib ki, bu, həm Şərq-Qərb dəhlizidir, Naxçıvandan Türkiyəyə, sonra Avropaya uzanan yoldur, həm də Şimal-Cənub dəhlizidir.

Politoloq Şəbnəm Həsənova mövzu ilə bağlı "525"ə deyib ki, Prezident İlham Əliyevin Zəngilanda səsləndirdiyi fikirlər gündəm müəyyənləşdirən fikirlərdir. O baxımdan ki, bu gün dünyada və regionda gedən proseslər fonunda ifadə edilən hər bir fikir Azərbaycanın keçmiş acı təcrübəsinə nəzər salmaqla indiki və gələcək mövqeyi ilə bağlı aydın yanaşma ortaya qoyur.

Politoloq bildirib ki, dövlət başçısı öz çıxışında həm Azərbaycanın siyasi, diplomatik, hərbi uğurlarından söz açdı, eyni zamanda, Zəngilanda, Cəbrayılda və bütövlükdə Qarabağda gedən bərpa və quruculuq prosesi ilə Azərbaycanın iqtisadi potensialı, gələcək inkişaf perspektivlərini də nümayiş etdirdi:

"Habelə, dövlət başçısı son dərəcə önəmli aspekt olan ideoloji amilə də vaxtında və dəqiqliklə toxundu. Məhz bu aspektin önəmini nəzərə alaraq vurğulamaq istərdim ki, xüsusilə sülh prosesinin irəlilədiyi bir zamanda, Ermənistanda daxili durumun mövcudluğu və Azərbaycana qarşı revanşist fikirlərin səsləndirildiyi bir məqamda ölkə liderinin cəmiyyəti ideoloji baxımdan möhkəm olmağa səsləməsi, tarixi gələcək nəsillərə aşılamaq tapşırığını qarşımızda qoyması son dərəcə mühüm amildir".

O bildirib ki, dövlət başçısı Qələbə meydanında "İskəndər-M", "Skad" raketlərinin adını çəkdi, həmçinin ATƏT-in Minsk qrupunun keçmiş həmsədr ölkələrinin nə qədər güclü, nüvə dövlətləri olduqlarını, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olduqlarını bir daha diqqətə çatdırdı ki, biz çox böyük güclərlə baş-başa gəlmişik: "Bu, inkarolumaz fakt reallığında heç bir mübaliğə olmaz ki, bizim Ali Baş Komandanımız məhz bu cür qüvvələrə qalib gəlib. Müzəffər Ali Baş Komandan İlham Əliyev qan tökmədən Kəlbəcəri, Laçını, Ağdamı azad etdi. Elə birinci Ermənistan Azərbaycan liderinə minnətdar olmalıdır ki, vaxtında hərbi əməliyyatlar dayandırıldı. Ermənistan isə xoşluqla deyil, ultimatumdan sonra çıxdı və Azərbaycan ikinci dəfə Ermənistana sarsıdıcı zərbə vurdu. Beləliklə də, Azərbaycan dünyada mövcud olan separatçı yuvalardan birini dağıtdı. Bu, tariximizin qürur duyulmalı məqamı, səhifəsidir. Ermənistan bununla kifayətlənmədi, torpaqlarımızı zəhərlədi, münbit torpaqlarımız yararsız hala düşdü. Bu baxımdan dövlət başçısı bildirir ki, həmin bu torpaqların bərpası üçün bizə illər lazımdır. Bu reallıq fonunda yürüdülən siyasət bəllidir. Bir tərəfdə yıxıcı, dağıdıcı, zərərverici Ermənistan, onun işğal siyasəti, digər tərəfdə isə sülh quruculuğu yolunda əzmlə irəliləyən, bərpa edən, quran, yaradan və yaraları sağaldan Azərbaycan tərəfi dayanır".

Politoloq hesab edir ki, Zəngilandan verilən mesajlar, Ermənistan xalqı üçün yaddaş kitabçası və strateji yol xəritəsi olmalıdır. Çünki məhz Zəngəzur dəhlizi açıldıqdan sonra Zəngilan faktiki olaraq iki ölkə ilə sərhəd-keçid məntəqəsi olan yeganə rayon olacaq:

"Bu, sadəcə fiziki baxımdan deyil, bir neçə istiqamətdən baxdıqda strateji əhəmiyyətli bir məsələdir. Bu region Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin ayrılmaz bir parçası olacaq. Ermənistanın dünya iqtisadiyyatına, siyasətinə inteqrasiyası da məhz buradan başlayacaq. Odur ki, vaxtilə Ermənistanın Cəbrayıla yol çəkmək xəyalları bu gün Azərbaycanın yaratdığı reallıqda və sayıq halda öz əksini tapır".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
46
525.az

1Источники