RU

Qlobal şəhərçilik dialoqunun 13-cü ünvanı

Özünün artan nüfuzu, strateji mövqeyi və uğurlu diplomatik təşəbbüsləri ilə dünyanın diqqət mərkəzində olan Bakı BMT-nin daha bir mötəbər beynəlxalq tədbirinə - WUF13-ə evsahibliyi etməyə hazırlaşır. Bu, sadəcə növbəti beynəlxalq tədbir deyil, həm də Azərbaycanın qlobal siyasi nüfuzunun, ölkəmizin beynəlxalq etimad kapitalının və Bakının dünyanın ən vacib platformalarından birinə çevrilməsinin növbəti təsdiqidir.

Bu gün Azərbaycan Avrasiya məkanının dinamik inkişaf edən, təhlükəsiz ölkələrindən biri kimi qəbul olunur. Tarixlə müasirliyin qovuşduğu ölkəmiz son illər çoxsaylı beynəlxalq tədbirlərə, zirvə görüşlərinə, idman yarışlarına və qlobal forumlara evsahibliyi edərək özünü təsdiqləyib. Məhz bu səbəbdəndir ki, dünyanın şəhər inkişafı və urbanizasiya sahəsində ən nüfuzlu platformalarından biri olan WUF13-ün Bakıda keçirilməsi təsadüfi seçim deyil, Azərbaycanın qazandığı böyük beynəlxalq etimadın  nəticəsidir.

İkinci Qarabağ müharibəsində Azərbaycanın əldə etdiyi tarixi Zəfərdən sonra ölkəmizin beynəlxalq siyasi çəkisi daha da artıb. Ölkəmizin regional təhlükəsizlik, nəqliyyat-kommunikasiya layihələri, enerji diplomatiyası və sülh təşəbbüsləri dünya miqyasında diqqətlə izlənilir. Bu reallıq fonunda Azərbaycan, o cümlədən Bakı beynəlxalq dialoq, əməkdaşlıq və sabitlik məkanı kimi də qəbul edilir.

Xatırladaq ki, Ümumdünya Şəhərsalma Forumu - World Urban Forum (WUF) 2001-ci ildə BMT tərəfindən yaradılıb və ilk forum 2002-ci ildə Nayrobi şəhərində keçirilib. Forumun əsas məqsədi dünyada sürətli urbanizasiya, yaşayış mühiti, şəhər infrastrukturunun inkişafı, iqlim dəyişiklikləri və dayanıqlı şəhər planlaşdırılması ilə bağlı qlobal çağırışları müzakirə etməkdir. Forum hər iki ildən bir keçirilir və ötən illər ərzində Barselona, Vankuver, Abu-Dabi, Katovitse və Qahirə kimi şəhərlər bu mühüm tədbirə evsahibliyi edib. 2026-cı ildə isə bu mötəbər siyahıya Bakı da daxil olub. 

WUF13-ün əsas mövzusu "Dünya üçün yaşayış məkanı: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar"dır. Forumda dünya şəhərlərinin gələcəyi, o sıradan mənzil siyasəti, urban inkişaf, sosial inklüzivlik, ekoloji dayanıqlıq və innovativ idarəetmə modelləri ətraflı müzakirə olunacaq. 

Forumda dünyanın müxtəlif ölkələrindən təxminən 30 mindən çox təmsilçinin iştirakı gözlənilir. Xatırladaq ki, 2024-cü ildə Qahirədə keçirilən WUF12-də 25 mindən çox iştirakçı qeydiyyatdan keçmişdi. Dövlət nümayəndələri, nazirlər, merlər, şəhərsalma üzrə ekspertlər, investorlar, akademik dairələrin təmsilçiləri, beynəlxalq təşkilatların rəhbərləri və vətəndaş cəmiyyəti və media nümayəndələri artıq gəlməyə başlayıblar.  

Paytaxtda foruma hazırlıq yekunlaşıb. Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, qonaqların yerləşdirilməsi, logistika, təhlükəsizlik, könüllülərin hazırlanması, media koordinasiyası və tədbir məkanlarının tam hazır vəziyyətə gətirilməsi istiqamətində bütün işlər görülüb. 

Bakı Olimpiya Stadionu ərazisində keçiriləcək tədbirin Azərbaycan üçün siyasi əhəmiyyəti olduqca böyükdür. İlk növbədə ölkəmiz yenidən qlobal siyasi və iqtisadi dialoq mərkəzi kimi təqdim olunacaq. Azərbaycan urbanizasiya, "ağıllı" şəhərlər və kəndlər, "yaşıl enerji", işğaldan azad edilmiş ərazilərin bərpası və dayanıqlı inkişaf sahəsində öz təcrübəsini beynəlxalq auditoriyaya təqdim etmək imkanı əldə edəcək. Xüsusən işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən "ağıllı" şəhər və kənd konsepsiyaları beynəlxalq maraq doğura bilər.

İqtisadi baxımdan isə forum ölkəmiz üçün yeni investisiya imkanları, turizm gəlirləri, xidmət sektorunun inkişafı və beynəlxalq biznes əlaqələrinin genişlənməsi baxımından mühüm platformadır. Sözsüz ki, on minlərlə xarici qonağın ölkəmizə səfəri hotelçilik, nəqliyyat, restoran biznesi və digər xidmət sahələrinin canlanması deməkdir. 

Bakının belə tədbirlərə evsahibliyi etməsi heç də yeni deyil. "Formula-1" Azərbaycan "Qran-pri"si, UEFA Avro 2020, COP29 kimi mötəbər tədbirlər artıq sübut edib ki, Azərbaycan ən yüksək beynəlxalq standartlara cavab verən təşkilatçılıq imkanlarına malikdir. Bu təcrübə WUF13 üçün də böyük üstünlük yaradır.

Bakı Xəzərin sahilində gözəl şəhər olmaqla yanaşı, sülhün, dialoqun, multikultural dəyərlərin və beynəlxalq əməkdaşlığın ünvanıdır. Burada Şərqlə Qərb, Şimalla Cənub arasında yeni körpülər qurulur, bu günün və gələcəyin şəhərləri haqqında qərar qəbul edilir.

WUF13-ün Bakıda keçirilməsini Azərbaycanın beynəlxalq nüfuzunun növbəti  uğuru hesab etməkdə tam haqlıyıq. Bu forum bir daha nümayiş etdirəcək ki, ölkəmiz qlobal çağırışların müzakirəsində fəal iştirak edir, təşəbbüslər göstərir və beynəlxalq əməkdaşlığa real töhfələr verir.

Dünyanın diqqəti yenidən Azərbaycana - Bakıya yönəlib. Və Bakı bir daha sübut edir ki, o, yalnız Azərbaycanın yox, həm də qlobal dialoqun paytaxtıdır.

Elşən QƏNİYEV,

İlham BABAYEV (foto),

"Azərbaycan"

Избранный
53
azerbaijan-news.az

1Источники