RU

Ekspert: “Baş verənlər hansısa rəqəmsal cahilliyin əlaməti ola bilər”

Son zamanlar sosial şəbəkələrdə vətəndaşlar telefonlarına gələn naməlum 4 nömrəli zənglərdən narahatlıqlarını bildirirlər. Belə ki, onlar bilinməyən nömrələrdən gələn zənglərdən sonra kartlarında vəsaitlərinin azaldığını, bununla yanaşı “vatsap” proqramı üzərindən də zənglərin gəldiyini, bilmədən açdıqda isə daha sonra tətbiqin bağlandığını, yararsız olduğunu iddia edirlər.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən İKT üzrə mütəxəssis Fərhad Mirəliyevin sözlərinə görə, telefon zəngi vasitəsilə hansısa bir əməliyyat etmək mümkün deyil.

 

O bildirib ki, zəngləri açmaqla belə əməliyyatlar həyata keçirilə bilməz: “Bəzən operator adından müəyyən zənglər olur, müsabiqə adı ilə və ya abunəliklə bağlı yönləndirmələr olur, tələb olunur ki, müəyyən düymələrə sıxılsın. Belə edilməsə, hansısa əməliyyat həyata keçirilə bilməz. “Vatsap” zənglərində də əslində bu cürdür. Çünki orada qeydiyyat üçün nömrə gərəklidir. Bunun üçün qısa nömrəyə icazə yoxdur. Praktikada müxtəlif kiber təhlükəsizliklə məşğul olan İsrail şirkətləri var. Onlar, misal üçün, həmin “vatsap” proqramını söküb yenidən yığırlar. Ratifikasiya olunmuş variantı müxtəlif dövlətlərin xüsusi xidmət orqanlarına satırlar. Onlar da bu vasitəilə müxtəlif şəxsləri izləyə bilirlər. Ancaq inanmıram, belə hal bizdə yaşansın. Sizdəki original hesab olsa belə, yoluxdurulmuş “vatsap” üzərindən gələn zəng, mesaj, şəkil vasitəsilə izlənilməyə alına bilir. Bu praktikada var. Mövcud boşluqlar vasitəsilə bunu icad edənlər bu məsələlərdən yararlana bilərlər. Ümumilikdə isə hansısa kiber dələduz, qruplaşma, dəstə bunu edə bilmir. İnanmıram ki, əllərində belə resurslar olsun. Onun tədqiqatına milyonlarla dollar ayrılır. Düşünürəm ki, baş verənlər hansısa rəqəmsal cahilliyin əlaməti ola bilər. Sadəcə, vətəndaşlar bilməlidirlər ki, hansısa abunəlik avtomatik rejimdə qeydiyyata alınmır”.

 

Şəhanə Quliyeva

Tarix: 15 May 2026, 08:18   
Избранный
96
pravda.az

1Источники