RU

“ƏN TƏHLÜKƏLİ VİRUS NÖVÜDÜR...” Professor hantavirusla bağlı gerçəkləri açıqladı

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

Musa Qəniyev: “Söylənilənlərin əksinə olaraq, bu virusun orqanizmə əsas yoluxma yolu tənəffüs, eləcə də toxunma yoludur”

“Bu virusa daha həssas yaş qrupu 20-50 yaş arasında olan insanlardır”

“Son günlər Hollandiyaya məxsus “MV Hondius” sərnişin gəmisində hantavirusa kütləvi yoluxma ilə bağlı yayılan məlumatlar, insanlar arasında ciddi narahatlığa səbəb olub. Ən arzuolunmas hal, mövcud vəziyyətə yanaşmanın yenə də qeyri-düzgün olmasıdır”.

“AzPolitika” xəbər verir ki, bunu tibb elmləri doktoru, Tibb Universitetinin professoru Musa Qəniyev hantavirus haqqında yayılan informasiyaları şərh edərkən bildirib.

O, təəssüflə bildirir ki, görünür, Covid19 pandemiyasından lazımı nəticələri çıxarmamışıq.

“Hətta rəsmi mənbələrdə “Azərbaycanda bu virusa yoluxma qeydə alınıb, epidemioloji vəsiyyət nəzarət altındadır” kimi fikirlər səslənir. Bunlar, zamanında bu sahəyə məsul olan bəzi şəxslərin Allaha, Peyğəmbərə and içərək, COVİD19-un Azərbacanda olmadığını və bu virusa yoluxmanın olmayacağı kimi bəsit və mənasız düşüncə tərzini xatırladır”, - professor qeyd edib.

Qloballaşan bir dünyada yaşadığımızı xatırladan Musa Qəniyev, virus infeksiyasının artıq sərhəd tanımadığını bildirib.

“Odur ki, “epidemiya” sözü artıq tarixi keçmişdir, aktual olan yalnız “pandemiya” terminidir. Çox istərdim ki, bu söylədiyim unudulmasın”, - professor vurğulayıb.

M.Qəniyev daha sonra hantavirus haqqında mövcud həqiqətləri açıqlayıb: “Hantavirid ailəsinə aid olan 50-dən çox hantavirus növü mövcuddur. Bunların arasında insandan insana ötürülə bilən yeganəsi “Ander” adlandırılanıdır. Bu adın ona verilməsinin səbəbi ilk dəfə 1995-ci ildə Çənubi Amerikada And dağlarının ətəyində yaşayan virusa yoluxmuş insanlarda tapılmasıdır. Hantavirusların ən qorxulu və təhlükəli növü sayılır. MV Hondius gəmisində tapılan və hazırda dünyada xüsusi narahatlığa səbəb olan məhz bu ştammdır.

Bu virusun genomu Covid 19 kimi təkzəncirli RNT-dən təşkil olunub və şərti olaraq, L (böyük), M (orta) və S (kiçik) adlandırılan 3 seqmentdən ibarətdir. Virus yoluxdurduğu hüceyrəyə Mseqmenti vasitəsilə daxil olur. Yəni virus RNT-sinin bu hissəsi virusun hüceyrəyə giriş qapısının "açarı" rolunu oynayır. Bu seqmentin kodlaşdırdığı vahid poliprotein virusun formalaşması prosesində şərti olaraq Gn və Gc adlandırılan iki fərqli qlikoproteinə ayrılır. Gn virusun hədəf hüceyrə səthindəki reseptorları tanımasını, Gc isə, bu reseptora bağlanan virusun hüceyrənin daxilinə keçməsini təmin edir.

“Ander” virusunun bağlandığı reseptor ß3 (xüsusən, α1ß3) inteqrin reseptorlarıdır. Bu reseptorlar əsasən damar endotel hüceyrələri və trombositlərin səthində yerləşir. Odur ki, bu virus vilavasitə damar və trombosit sistemini hədəfləyir. Nəticədə ağ ciyər çatışmazlığı və laxtalanma sisteminin çox ağır, əksər hallarda geridönüşsüz pozğunluğu ilə müşahidə olunan kardiopulmonal sindroma (HPS/HCPS) səbəb olur.

Nəzərə almaq lazımdır ki, virusun bağlandığı reseptorlar normal halda qan damarlarının bütövlüyünü təmin edir. Yoluxma halında virus onlara bağlanaraq, gerigönüşsüz disfunksiyaya törətdiyindən, bu reseptorlar öz fizioloji funksiyalarını yerinə yetirə bilmir. Nəticədə, yuxarıda qeyd etdiyim kimi, damarlar ciddi zədələnir, ağciyər ödemi baş verir.

Təzad ondadır ki, normada qanda dövr edən və vəzifəsi orqanizmə düşmüş virus və mikrobları məhv etmək olan komplement sistem reseptorları (məs. gC1qR / DAF), “Andes” virusuna yoluxma zamanı (ß3 reseptorlara bağlanma) əksinə olaraq, virusun bu reseptora daha da möhkəm bağlanmasını təmin edir.

Düzdür, bu virusun yoluxdura əmsalı, yəni Ro ideksi 0,5-0,8-dir. Halbuki bu rəqəm qripdə 1,2-1,8 qızılca da isə, hətta 12-15-dir. Lakin onun letallıq, yəni ölüm törətmə əmsalı çox yüksək- 35%-50%-ə bərabərdir. Halbuki, fəsli qrip və qızılcada bu göstərici 0,01%- 0,1%-dir.

Söylənilənlərin əksinə olaraq, bu virusun orqanizmə əsas yoluxma yolu, aerogen (tüpürcək, öskürək zamanı damcılar və s.), yəni tənəffüs, eləcə də toxunma (dəri- sifətin-sifətə toxunması, selikli qişa və s.) yoludur.

Bu virusa yoluxmada yaş faktoru əsas rol oynayır. Uşaqlarda immun sistemi labil, virusun bağlandığı reseptorlar tam formalaşmadığından onlar bu xəstəliyə demək olar ki, tutulmurlar. Eləcə də, yaşlı adamlar. Çünki onların immun sistemi susqun, müvafiq reseptorlar isə, supressiya halında olur. Bu virusa daha həssas yaş qrupu 20-50 yaş arasında olan insanlardır. Çünki, yoluxma halında onların güclü immun sisteminin özü, damar keçiriciliyini məhv edən aqressiv vasitəyə çevrilir. Çox isətrdim ki, bu yaş qrupunda olanlar stressə düşməsinlər. Çünki beta 3 inteqrin reseptoru polimorfizmə məruz qalan (33-cü vəziyyətdə leysin amin turşusunun prolinlə əvəz olunması) müəyyən faiz insanların, bu virusa yoluxma ehtimalı yoxdur”.

Yekunda “Ander” virusunun çox təhlükəli və qorxulu olduğunu vurğulayan professor, ondan 100%-li qorunmanın yeganə və ən sadə yolunun tanımadığın insanlarla görüşərkən öpüşmə, sifəti bir-birinə sürtmək kimi ünsiyyət formalarına yol verməmək olduğunu bildirib.

“Biz sərhədlərin şəffaflaşdığı bir zamanda yaşayırıq. Virus, mikrob və sair infeksiyalar haqqında dövrü olaraq, müxtəlif məlumatlar yayılacaq. Gələcəkdə bu kimi hadisələrə görə, əhalinin narahatlığına son qoymaq üçün, mütləq Səhiyyə Nazirliyi və TƏBİB nəzdində mövcud vəziyyətin elmi əsasa istinad edən təhlilini verib, əhalini düzgün məlumatlandıra bilən əsil alimlərdən ibarət bir bölmə və ya işçi qrup yaradılmalıdır. Bu zərurətdir. İcrası isə, rəhbərlərimizdən asılıdır”, - Musa Qəniyev fikirlərini yekunlaşdırıb.

Rasim Əliyev

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
59
azpolitika.info

1Источники