Böyük Britaniyanın baş naziri Kir Starmer ətrafında siyasi böhran daha da dərinləşir və artıq hakimiyyət dəyişikliyi ssenarisi açıq şəkildə müzakirə olunmağa başlayıb.
Musavat.com xəbər verir ki, bu barədə “Politico” saytı məlumat yayıb.
Saytın xəbərinə görə, Mançester meri Endryu Bernem hərəkətə keçib və Leyborist Partiyasında liderlik uğrunda mübarizənin real konturları görünməyə başlayıb.
Məqalədə qeyd olunur ki, Endryu Bernem parlamentə qayıtmaq üçün Meykerfild dairəsində keçiriləcək əlavə seçkilərə qatılmağa hazırlaşır. Seçkilər həmin dairənin deputatı Coş Saymons istefa verdikdən sonra baş tutacaq. Əgər Bernem bu dairədə qalib gələrsə, onun Starmerə açıq şəkildə meydan oxumasının yolu açılmış olacaq.
Leyborist Partiyasının rəhbər orqanının Bernemin namizədliyinə yaşıl işıq yandırıb-yandırmayacağına qərar verməsi gözlənilir.
Lakin məqalədə vurğulanır ki, Endryu Bernem üçün vəziyyət heç də asan görünmür. Sağçı Naycel Faraj artıq Meykerfild uğrunda “bütün resurslarını səfərbər edəcəyini” açıqlayıb. “Reform UK” həmin bölgədə sürətlə güclənir və Bernem son dərəcə ağır siyasi döyüşə hazırlaşmalı olacaq.
Məqalədə diqqət çəkən başqa detal isə maliyyə bazarlarında yaranan narahatlıqdır. Son günlər Londondakı maliyyə dairələri artıq Starmer dövrünün sonuna hazırlaşmağa başlayıb. Funt sterlinqin məzənnəsi aşağı düşüb və investorlar Endryu Bernemin mümkün hakimiyyətini daha müdaxiləçi iqtisadi siyasətin başlanğıcı kimi qiymətləndirirlər.
Britaniyada artıq əsas sual Starmerin böhrandan çıxıb-çıxmayacağı deyil, onun hakimiyyətdə nə qədər qala biləcəyidir.
Məqalədə diqqət çəkən detallardan biri də Endryu Bernemin şəxsi və ideoloji profili ilə bağlıdır. Katolik ailəsində böyüyən Bernem Britaniya siyasətində sosialyönümlü baxışları ilə tanınır. Onun həyat yoldaşı isə hollandəsilli Mari Frans van Hildir.
Musavat.com