RU

"Hayes", yoxsa "turkes" zehniyyəti ilə avropalı olmaq

Axı nə möcüzə baş verdi ki, erməni xalq qısa zamanda dəyişdi, üstün insan amalları və dəyərləri üçün Moskvanın boyunduruğundan imtina etmək fikrinə düşdü? 

Ermənistanda gələn ay olası parlament seçkiləri ilk dəfədir sərhədlərinin kənarda bu qədər maraqla izlənir ki, bu da nə ermənilərin, nə də dövlətin fövqəladə əhəmiyyətinə görədir. Səbəb özünü Avropa Birliyi və Rusiya arasında “bazarlığa çıxarmış” Ermənistana seçkinin nəticələrinə əsasən hansı qüvvənin nəzarət edəcəyidir.

Məndən soruşsanız bu xalqın zülmündən hələ də əziyyət çəkən(Şuşadakı evimizin xarabalığını yada salmaq kifayətdir) biri kimi “erməni dövlətinin Avropa Birliyində nə işi axı...” deyərdim. Axı nə möcüzə baş verdi ki, bu xalq qısa zamanda dəyişdi, üstün insan amalları və dəyərləri üçün Moskvanın boyunduruğundan imtina etmək fikrinə düşdü? Rusiyanın boyunduruğundan xilasını istəyirsə, bu, doğru seçimdir, hətta Azərbaycanın dövlət maraqlarına da uyğundur. Çünki Ermənistan tarixən Rusiyanın “kəbinli arvadı” olmasını əskiklik yox, əksinə, üstünlük bilib, bundan öz maraqları naminə istifadə edib. İndi Putinin “boşanmaq” sözü İrəvana ağır gəlir, guya qürurlarına dəyir. Halbuki çox da uzaq olmayan tarixdə Rüstəm bəyin sözü olmasın, “bu qohumluğu özləri üçün şərəf” bilirdilər, onlara güvənib tarixi torpaqlarımızı, son olaraq isə Qarabağı Azərbaycandan qoparmışdıllar.

Picture

Bütün dünya o gerçəyi də bilir ki, Rusiya ilə “boşanmağa” səbəb də 44 günlük müharibədə Moskvanın nisbətən neytral mövqeyi olub. Avropa Birliyi də bu fürsətdən istifadə edib Ermənistanın “boşanması” üçün nə lazımdırsa etmək istəyir. Yəni kim düşünürsə ki, Paşinyanı dəstəkləyən “başqa bir erməni xalqı”dır, yanılırlar. Sadəcə, indi vəziyyət elədir ki, əksər ermənilər xeyli zəifləmiş Rusiyanın deyil, Avropanın qanadları altında, bəlkə də heç kimin torpağına göz dikmədən, “hayes”, yoxsa “türkes” zehniyyətindən qurtulub, üzərlərindəki işğalçı ləkəsini təmizləyərək yaşamağı sınamaq istəyirlər. Təki...

Rusiya üçün onun iradəsinə tabe olmaqdan hər cür bəhanə ilə yayınan indiki baş nazir Nikol Paşinyanla davam etmək asan deyil. Bəlkə də Moskvaya indiki qədər diqqət olmasaydı, Paşinyanı aradan götürməklə problemi həll etmək olardı. Amma indi Ermənistanda bir quşun və ya bayquşun gözü çıxsa, məsuliyyəti Rusiyanın üzəridə qalacaq. Ona görə Paşinyanla məsafəli davranmır, əksinə onu son olaraq Kremlə dəvət edilər, Allah bilir, neçənci dəfə “sarı vərəqə” xəbərdarlığını da qoydular pencəyinin görünən yerinə. Paşinyan Avrasiya İqtisadi Birliyinin ayın sonunda Astanadakı tədbirində iştirak etməyəcəyini deyib, bunun üçün tutarlı səbəbi də var-seçki kampaniyası. Amma seçkidən sonrası da var axı... Paşinyanın seçkilərdə əzici üstünlüklə qalib gəlməsi mümkünsüz kimi görünür, amma buna nail olarsa, bu, “dünya üçün layiqli xalq, ləyaqətli dövlət şansı ” demək olacaq. Bacaracaqlarmı?

Rusiyapərəst qüvvələr davam edən seçki kampaniyasında məramlarını o qədər açıq bəyan edirlər ki, buna görə itə deyilən “molodes”i bu dəfə onlar da haqq edirlər. “Moskvanın adamları” bizim baxışda Ermənistanın düşmənidirlər, çünki hələ uzun müddət sağalmayacaq “Qarabağ yarasına duz basmaq”, Azərbaycandan qisas almağa çalışan qüvvələrdir. Amma onları dəstəkləyənlər də erməni xalqının nümayəndələridir- azdırlar, ya çoxdurlar, bunu seçkinin nəticələri elan olunanda biləcəyik. Moskvanın revanşistlərə açıq dəstəyini gizlətməyə ehtiyacı yoxdur. Amma o da gerçəkdir ki, Ukrayna müharibəsindən sonra Avropada Rusiyanın adamlarından daha yox, Rusiya əleyhinə olanların hakimiyyəti möhkəmlənib. demək olar. Əgər Ermənistanda revanşistlər əksəriyyətin səsinin qazanarsa, bu Bakının güclü siyasi iradəsi sayəsində regionda yaranmış sülhün gələcəyini sual altına alacaq. Yəni keçmiş prezident Robert Köçəryan-Samvel Karapetyan-Qaqik Tsarukyandan ibarət “şər üçlüyü” yeni, ya da koalision hökumət qurmaq şansı verilərsə, bölgədə sülh prosesi dayanacaq. Bu qüvvələrin seçki kampaniyası zamanı verdiyi açıqlamalardan aydın olur ki, onlar könüllü olaraq Qarabağı tərk edənlərin qayıtması ətrafında spekulyasiyanı davam etdirəcəklər. Həm də bu qayıdış şousunu “xüsusi statusla və beynəlxalq zəmanətlər altında” keçirimək hiylələri var. Onlar “qarant dövlətlər” deyəndə, təbii ki, ən öncə Rusiyanı nəzərdə tuturlar. Sonrakı mərhələdə Minsk Qrupu kimi “mütrüblər qrupu” yaratmaq iştəhaları da ola bilər.

Picture

Bunu biz özümüzə dərd etməməliyik. Əgər “şər üçbucağı” şans qazanarsa, şübhəsiz ki, bu Ermənistanın özü üçün fəlakətli nəticələrə gətirib çıxaracaq. Prezident İlham Əliyev son olaraq Zəngilanda da bu qüvvələrin hakimiyyətə gəlməsinin erməni xalqına yeni fəlakətlər vəd etdiyini dedi. Bütün bu sadalanan və sadalanmayan səbəblərdə erməni seçicisinin üzərinə ciddi məsuliyyət düşür. Razılaşaq ki, indi erməni seçiciyə hər tərəfdən ciddi basqılar da var. Köçəryan son görüşlərinin birində deyib ki, onun Rusiyada “müəyyən əlaqələri” var, lakin bu əlaqələr Moskvanın Ermənistana qarşı hazırkı münasibətini dəyişdirmək üçün kifayət deyil, seçici onlara səs verməklə buna nail ola bilər.

Picture

Azərbaycan narahat olmasa da, boş oturmur və Ermənistandakı seçkilərindəki bu getdikcə böyüyən təhlükəli hadisələri izləyir və istənilən ssenariyə hazır olmalıdır...

Nazim SABİROĞLU,
Musavat.com

Избранный
51
musavat.com

1Источники