RU

“Finalda “Qarabağ” olsaydı, fərqli mənzərəyə şahidlik edə bilərdik” tribunalar niyə dolmadı?

ain.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ölkə kubokunun finalında sürpriz qeydə alınmadı. Hər baxımdan rəqibdən üstün olan “Sabah” mövsümü “qızıl dubl”la bitirdi. Əlbəttə, bura qədər irəliləyən “Zirə”nin də əməyini görməzdən gəlmək olmaz. Meydandan kənarda görülən işlərə də yer ayırmalıyıq. Təbii ki, söhbət PFL-in, demək olar, qüsursuz təşkilatçılığından gedir. Bu haqda başqa yazıda ətraflı bəhs edildiyindən burda diqqətimizi çəkən başqa məqama – azarkeş azlığına toxunacağıq.PFL-in rəsmi saytında yer alan protokola əsasən, oyunu stadiondan 7045 tamaşaçı izləyib. Əslində “Palms Sport Arena”nın 10289 yerlik olduğunu, qarşılaşmanın çəkisini nəzərə alsaq, tribunaların tam dolacağını proqnozlaşdırmaq sadəlövhlük deyildi. Azı ona görə ki, oyuna hələ bir həftə qalmış 6 mindən çox bilet satılmışdı. Bəs, çoxlu oturacağın boş qalmasına nə səbəb oldu? Oyunun iş gününə təsadüf etməsi, klubların azarkeş sayı, hələ tarixi ənənələrinin tam formalaşmaması, yoxsa “Sabah”ın rəqibinin daha əzəmətli olmaması? Öz aramızdı, “bayquşlar”ın yarımfinal mərhələsində “Qarabağ”a qarşı ilk oyununda 21000, cavab matçında 8730 tamaşaçı olmuşdu. “Köhlən atlar”la keçirilən premyer-liqa görüşləri də azarkeşlərin böyük marağıyla yadda qalmışdı. Tribunalara 22-ci turda 10361, 28-ci turda isə 17338 azarkeş təşrif buyurmuşdu.Bu mənzərəylə bağlı fikrini öyrənmək üçüm PFL-in Media və marketinq direktoru Sənan Abdullayevə müraciət etdik. Hər halda, bilet satışıyla bağlı məqamlar, tribunalardakı durumun əsas səbəbləri və real rəqəmlərlə bağlı bilgi məhz ondadı. Sənan bəyi dinləyək:

“Əslində dediklərinizdə haqq var. Ancaq stadionun tutumu 10000 tamaşaçıdan çox olsa da, satışa çıxara bildiyimiz biletlərin sayı 8131 ədəd idi. Bizim üçün üzücü məqam var. Əksər biletlər alınmışdı. Təəssüf ki, bilet alsa da, oyuna gəlməyən xeyli adam var idi. Bununla belə, sirr deyil ki, finalda “Qarabağ” olsaydı, fərqli mənzərəyə şahidlik edə bilərdik. Heç şübhəsiz, bu komandanın azarkeş sayı ümumi tamaşaçı sayına böyük ölçüdə təsir edəcəkdi. Ağdam təmsilçisi avrokubokların da daimi iştirakçısı olduğuna görə azarkeş kütləsi daha böyükdü. Yenə də 7045 tamaşaçının az olduğunu düşünmürəm. Kiçik rəqəm deyil. Sevinirik ki, müəyyən qədər say azlığı hadisələrin axarına ciddi təsir göstərmədi”.

Fürsətdən istifadə edib, Sənan bəyin təşkilatçılıqla bağlı fikirlərini də soruşduq:

“Əlimizdən gələni etmişdik. Hər məqama fikir vermişdik. Hətta fiziki məhdudiyyəti olan azarkeşlər üçün də xüsusi yerlər ayrılmışdı. Təmizlik sistemlərinə, qidalanmaya da önəm vermişdik. Bilindiyi kmi, oyunlarda stadion daxilində satılan qida məhsulları daha baha olur. Lakin biz marketlərlə anlaşmışdıq ki, qiymətlər dəyişməsin. Bu üzdən qarşı tərəflərə təşəkkür edirəm. Həmçinin azarkeşlər üçün fanzona düzəltmişdik. Çalışdıq ki, hamı oyundan zövq alsın. Sonda həm də oyunda olduğunuza, hadisələri işıqlandırdığınıza görə sizə - “Futbol+” qəzetinə təşəkkür edirəm”.

KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
39
1
icma.az

2Источники