JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
Sea Breeze

Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli tərəfindən vətəndaş müraciətlərinin yerində dinlənilməsi və operativ həlli məqsədilə növbəti səyyar qəbul Yuxarı Əylis kəndində keçirilib.

Qəbulda İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun xidmət sahələrinin rəhbərləri, kənd icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.

Görüş zamanı çıxış edən Rəcəb Rəhimli, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasında aparılan sosial-iqtisadi inkişaf tədbirlərindən bəhs edib. Qeyd olunub ki, “2023–2027-ci illər üzrə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində Ordubad rayonunda şəhər və kənddaxili yol infrastruktrunun yenidən qurulması, meliorasiya və su təsərrüfatı sistemlərinin modernləşdiriliməsi, kənd təsərrüfatının intensivləşdirilməsi, mədən sənayesinin, turizm sahələrinin inkişaf etdirilməsi və məşğulluq imkanlarının artırılması istiqamətində mühüm layihələr həyata keçirilir. Görüşdə, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı” haqqında Sərəncamının əhəmiyyətindən bəhs olunaraq Yuxarı Əylis kəndində və rayonun digər yaşayış məntəqələrində içməli və suvarma suyu təminatının daha da yaxşılaşdırılacağı barədə məlumat verilib.

Eyni zamanda Ordubad rayonunun zəngin tarix-mədəniyyət irsinin qorunmasının dövlətin xüsusi diqqət mərkəzində olduğu vurğulanıb. Qeyd olunub ki, “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması, eləcə də Ordubad şəhərinin ICESCO-nun, “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi”nin isə UNESCO-nun Dünya İrsinin ilkin siyahısına daxil edilməsi bölgənin turizm imkanlarının genişlənməsinə və onun beynəlxalq səviyyədə tanıdılmasına mühüm töhfə verir.

Səyyar qəbul zamanı kənd sakinləri tərəfindən məşğulluq, poçt xidmətinin fəaliyyətinin tənzimlənməsi, elektrik təchizatının qurulması, dayanacaqların qoyulması, özünəməşğulluq proqramlarına cəlb edilmə, qeyri yaşayış sahəsində tikinti işlərinin aparılması, həyətyanı torpaq sahəsində fərdi yaşayış evinin tikilməsi, kənd ərazisində piyadalar üçün körpünün tikintisi, içməli su xəttinin təmir olunması və digər məsələlərlə bağlı müraciət və təkliflər səsləndirilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərlərinin araşdırılması və qısa müddətdə həlli üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilərək icrası nəzarətə götürülüb.

Kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.

JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
ETX
ETX
ETX