Azərbaycanda ödəniş kartlarının sayı artsa da, kredit kartlarına maraq zəifləyib. Mərkəzi Bankın açıqladığı statistik göstəricilərə görə, vətəndaşlar borclanmaqdan daha çox, mövcud vəsaitlərini xərcləməyə üstünlük verib.
Belə ki, hazırda ölkədəki 22,4 milyon ədəd ödəniş kartının 20,3 milyonu debet, 2,1 milyonu kredit kartıdır. Son bir ildə debet kartların sayı 12% artıb, kredit kartlarının sayı isə 9% azalıb.
Maraqlıdır, insanlar kredit kartlarından niyə imtina edirlər?
“Kredit kartlarının azalmasının səbəbi limitlərin tətbiqidir”
Bank eksperti Emin Kərimov deyir ki, kredit kartlarının azalmasının səbəbi limitlərin tətbiqidir: “Plastik kartlara açılan kredit xətlərində Mərkəzi Bank tərəfindən müəyyən limitlər tətbiq olunub. Əvvəllər daha yüksək məbləğlərdə kredit xətti açılırdısa, indi risklərin azaldılması məqsədilə bu göstərici əməkhaqqının 4-5 misli səviyyəsinə endirilib. Kredit kartlarının mənfi tərəfi odur ki, digər adi kreditlərdə vəsait konkret qrafik üzrə ödənilsə də, kredit kartlarında bərpa olunan mexanizm mövcuddur. Yəni, şəxs vəsaiti istifadə edir, ödəniş etdikcə limit yenilənir və yenidən istifadə imkanı yaranır. Bu proses bir müddət davam etdiyindən, kredit tam bağlanma mərhələsinə çatdıqda vətəndaşlar müəyyən çətinliklərlə üzləşə bilirlər. Məhz bu səbəbdən risklərin azaldılması üçün requlyativ xarakterli addımlar atılıb. Onlardan biri də kredit məbləğlərinin nisbətən azaldılmasıdır”.
“Debet kartlar daha geniş imkanlara malikdir”