RU

Türk dünyası üçün yeni süni intellekt dövrü

İlham Əhmədov: “XXI əsrdə artıq dövlətlərin gücü neft, qaz və ordu ilə deyil, məlumat, süni intellekt, rəqəmsal platformalar və texnoloji suverenliklə ölçülür”

Türk Dövlətləri Təşkilatının(TDT) “Süni intellekt və rəqəmsal inkişaf” mövzusunda keçirilən sammiti beynəlxalq diqqət mərkəzinə çevrilib. Mövzu ilə bağlı Musavat.com-a danışan dosent İlham Əhmədov sammitin türk dünyası üçün strateji mesajlar verdiyini bildirib.
Onun sözlərinə görə, bu sammit Türk dünyasının yeni geosiyasi dövrdə öz yerini müəyyənləşdirmək cəhdidir və türk rəqəmsal sivilizasiyasının yaradılmasının start mərhələsi hesab oluna bilər.
Müsahibimiz qeyd edib ki, XXI əsrdə artıq dövlətlərin gücü neft, qaz və ordu ilə deyil, məlumat, süni intellekt, rəqəmsal platformalar və texnoloji suverenliklə ölçülür. Bu baxımdan sammitin əhəmiyyəti siyasi, iqtisadi və texnoloji müstəvidə qiymətləndirilməlidir.

Təhsil

İlham Əhmədovun fikrincə, siyasi baxımdan burada əsas məsələ türk dünyasının rəqəmsal geosiyasətinin formalaşdırılmasıdır. O bildirib ki, Türk Dövlətləri Təşkilatı uzun illər daha çox mədəni-humanitar platforma kimi qəbul olunurdu. Lakin son illərdə təşkilat tədricən geosiyasi oyunçuya çevrilməyə çalışır. “Süni intellekt və rəqəmsal inkişaf” mövzusunun seçilməsi də təsadüfi deyil. Bu, türk dünyasının yalnız ortaq tarix və dil deyil, həm də ortaq texnoloji gələcək qurmaq istədiyinin mesajıdır. Dosentin sözlərinə görə, sammitin əsas siyasi məqsədi “Türk rəqəmsal məkanı” ideyasını formalaşdırmaqdır.
O vurğulayıb ki, hazırda dünya yeni texnoloji bloklara bölünür. ABŞ platforma və süni intellekt hegemonluğu qurur, Çin öz rəqəmsal ekosistemini yaradır, Avropa İttifaqı “rəqəmsal suverenlik” modelini inkişaf etdirir, Hindistan isə milli süni intellekt və rəqəmsal dövlət modelini formalaşdırır. Bu fonda TDT ölkələri mühüm seçim qarşısındadır: türk dünyası başqalarının texnologiya bazarı olacaq, yoxsa öz rəqəmsal sistemini yaradacaq. İlham Əhmədov hesab edir ki, sammit məhz bu suala cavab axtarışıdır.
Dosent Mərkəzi Asiyanın beynəlxalq sistemdə “obyekt”dən “subyekt”ə çevrilməsi cəhdinin də diqqətçəkən məqam olduğunu bildirib. Onun sözlərinə görə, uzun müddət region Rusiya təsiri, Çin iqtisadi ekspansiyası və Qərbin enerji maraqları arasında geosiyasi keçid zonası idi. İndi isə TDT vasitəsilə region ortaq platforma, ortaq texnoloji strategiya və ortaq rəqəmsal təhlükəsizlik modeli yaratmağa çalışır. Bu isə faktiki olaraq “Türk geosiyasi koordinasiya sistemi”nin qurulması deməkdir.
İqtisadi perspektivlərdən danışan İlham Əhmədov qeyd edib ki, TDT ölkələrinin əksəriyyəti enerji, xammal, tranzit və aşağı texnologiyalı ixrac modelinə əsaslanır. Halbuki süni intellekt dövründə əsas kapital məlumat, hesablama gücü, proqram təminatı və innovasiya ekosistemidir. O bildirib ki, Türk dünyası yeni iqtisadi model qura bilməsə, gələcəkdə yalnız məlumat təminatçısı, ucuz bazar və logistika ərazisi rolunda qala bilər.
Dosentin fikrincə, sammit ortaq rəqəmsal bazarın yaradılması baxımından da mühüm imkanlar açır. Buraya vahid rəqəmsal ticarət sistemi, ortaq fintech platformaları, rəqəmsal ödəniş infrastrukturu və Türk dünyası elektron ticarət şəbəkəsinin yaradılması daxildir.
İlham Əhmədov əlavə edib ki, Orta Dəhliz yalnız logistika layihəsi deyil. Gələcəkdə bu dəhliz data koridoruna, fiber-optik magistrala və süni intellekt əsaslı ağıllı logistika sisteminə çevrilə bilər. Bu isə regionun qlobal rəqəmsal iqtisadiyyatda rolunu artıracaq.
O, həmçinin startap və innovasiya ekosisteminin formalaşdırılmasının vacibliyini vurğulayıb. Dosentin sözlərinə görə, Türk dünyasının əsas problemlərindən biri elmin zəif kommersiyalaşması, texnoloji şirkət çatışmazlığı və universitet-sənaye əlaqələrinin zəifliyidir. Əgər sammit real nəticə verərsə, ortaq texnoparklar, süni intellekt laboratoriyaları, vençur fondları və ortaq universitet platformaları yarana bilər.
Texnoloji perspektivdən danışan İlham Əhmədov bildirib ki, əsas strateji məsələlərdən biri türk süni intellekt modelinin yaradılmasıdır. O qeyd edib ki, hazırda süni intellekt sistemləri əsasən ingilis, çin və rusdilli məlumat bazaları üzərində qurulub, türk dilləri isə bu ekosistemdə zəif təmsil olunur. Bu səbəbdən TDT üçün əsas məsələlərdən biri ortaq türk dil korpuslarının, süni intellekt üçün dil modellərinin, rəqəmsal lüğətlərin, tərcümə sistemlərinin və türk dillərində generativ süni intellektin yaradılmasıdır. Əks halda gələcəyin rəqəmsal məkanı başqa dillərin nəzarətində olacaq.
Müsahibimiz  təhsil və insan kapitalı məsələsinə də toxunub. Onun sözlərinə görə, süni intellekt yarışında əsas faktor neft deyil, insan kapitalıdır. Lakin TDT ölkələrinin böyük hissəsində təhsil sistemi köhnədir, tənqidi düşünmə zəifdir və universitetlər qlobal innovasiya mərkəzinə çevrilməyib. Buna görə də sammitin uğuru yalnız siyasi bəyanatlardan deyil, süni intellekt təhsili, rəqəmsal savadlılıq, mühəndis hazırlığı və universitet islahatlarından asılı olacaq. İlham Əhmədov hesab edir ki, Türk dünyasının gələcək taleyi məktəblərdə və universitetlərdə həll olunur.
O bildirib ki, texnoloji suverenlik məsələsi də strateji əhəmiyyət daşıyır. Hazırda axtarış sistemləri, sosial media, bulud texnologiyaları və süni intellekt platformalarının böyük hissəsi xarici nəzarətdədir. Buna görə də əsas sual türk dünyasının texnologiyanın istifadəçisi, yoxsa istehsalçısı olacağıdır. Dosentin fikrincə, bu məsələ yalnız texnologiya deyil, həm də milli təhlükəsizlik məsələsidir.
İlham Əhmədov sammitin qarşısında ciddi maneələrin də olduğunu bildirib. O, geosiyasi ziddiyyətləri, Rusiya faktorunu, Çin təsirini, Qərb-Rusiya qarşıdurmasını, İran və Ukrayna məsələlərini əsas problemlər sırasında göstərib. Bundan başqa, TDT daxilində bütün ölkələrin maraqlarının hər zaman tam üst-üstə düşmədiyini qeyd edib.
Süniİ.Əhmədov texnoloji qeyri-bərabərliyin də ciddi problem olduğunu vurğulayıb. Onun sözlərinə görə, Türkiyə və Azərbaycan bu sahədə daha fəal olsa da, bəzi üzv ölkələrin texnoloji imkanları zəifdir.
İdeoloji qeyri-müəyyənlik məsələsinə toxunan İlham Əhmədov bildirib ki, TDT-nin mədəni birlik, iqtisadi blok, geosiyasi ittifaq, yoxsa texnoloji platforma olması məsələsi hələ tam aydınlaşdırılmayıb.
Sonda dosent qeyd edib ki, bu sammitin əsas tarixi əhəmiyyəti Türk dünyasının ilk dəfə süni intellekti, rəqəmsal suverenliyi və texnoloji gələcəyi strateji təhlükəsizlik məsələsi kimi müzakirə etməsidir. Onun fikrincə, əgər TDT ortaq süni intellekt strategiyası, ortaq təhsil platforması, ortaq rəqəmsal infrastruktur və ortaq innovasiya ekosistemi qura bilsə, bu, XXI əsrdə Türk dünyasının yeni inkişaf mərhələsinə çevrilə bilər. Əks halda təşkilat yalnız simvolik sammitlər keçirən, texnoloji gələcəyi isə başqalarının müəyyən etdiyi geosiyasi klub olaraq qalacaq.

Afaq Mirayiq,
Musavat.com

Избранный
49
musavat.com

1Источники