RU

ABŞ-də yeni qalmaqal - COVID-19-la bağlı ŞOK

Prezident Donald Tramp administrasiyası illərlə Amerika büdcəsi hesabına maliyyələşdirilən xarici biolaboratoriyaların fəaliyyətini araşdırmağa başlayıb. ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard bildirib ki, dünyanın müxtəlif ölkələrində yerləşən 120-dən çox laboratoriya yoxlamaya cəlb olunacaq.

Musavat.com xəbər verir ki, məsələ ilə bağlı yayılan məlumatlar ABŞ-də COVID-19 pandemiyasının mənşəyi, Ukraynadakı bioloji laboratoriyalar və “gain-of-function” adlanan təhlükəli virus təcrübələri ilə bağlı illərdir davam edən mübahisələri yenidən gündəmə gətirib.

“New York Times”ın (NYT) yaydığı məlumata görə, Qabbard bildirib ki, onun rəhbərlik etdiyi qurum ABŞ vergilərindən istifadə olunaraq xaricdə fəaliyyət göstərən laboratoriyalarda hansı patogenlərin saxlanıldığını, hansı eksperimentlərin aparıldığını və bu işlərin insanlıq üçün təhlükə yaradıb-yaratmadığını araşdıracaq.

Tulsi Qabbard xüsusilə COVID-19 pandemiyasını xatırladaraq deyib:

“Pandemiya göstərdi ki, təhlükəli patogenlərlə bağlı laboratoriya tədqiqatları bütün dünyaya fəlakətli təsir göstərə bilər”.

O, həmçinin əvvəlki administrasiyaları və xüsusilə ABŞ-nin keçmiş baş infeksionisti Entoni Fauçini ictimaiyyəti yanlış məlumatlandırmaqda ittiham edib.

ABŞ Milli Kəşfiyyat Ofisinin məlumatına görə, araşdırılan laboratoriyaların 40-dan çoxu Ukraynada yerləşir. Bu laboratoriyalar ABŞ Müdafiə Nazirliyinin “Cooperative Threat Reduction” proqramı çərçivəsində maliyyələşdirilib. Vaxtilə Viktoriya Nuland ABŞ Senatında çıxışı zamanı Ukraynada bioloji tədqiqat obyektlərinin mövcudluğunu təsdiqləmişdi. Lakin Bayden administrasiyası həmin dövrdə ABŞ-nin Ukraynada bioloji və ya kimyəvi laboratoriyalar idarə etməsi barədə iddiaları Rusiya və Çin təbliğatı adlandırmışdı. İndi isə Tramp administrasiyası həmin açıqlamaların ictimai rəyi idarə etmək məqsədi daşıdığını iddia edir.

“Gain-of-function” nədir?

Mübahisələrin mərkəzində duran “gain-of-function” tədqiqatları virusların daha yoluxucu və ya daha təhlükəli formalarının laboratoriya şəraitində yaradılması ilə bağlıdır. Burada virusun yoluxduruculuq səviyyəsinin artırılması nəzərdə tutulur.

Tənqidçilər hesab edir ki, belə eksperimentlər gələcək pandemiyalara səbəb ola bilər. ABŞ Milli Səhiyyə İnstitutunun məlumatlarına görə, 2014–2021-ci illərdə Çində yerləşən Uhan Virusologiya İnstitutunun laboratoriyasında yarasa koronavirusları üzərində aparılan bəzi eksperimentlər virusların yoluxduruculuğunu minlərlə dəfə artırmışdı. Lakin rəsmi Vaşinqton hələ də COVID-19-un məhz həmin laboratoriyadan yayıldığını təsdiqləmir.

ABŞ Müdafiə Nazirliyinin audit sənədlərinə əsasən, 2014–2023-cü illər arasında xaricdə aparılan biotədqiqatlara 1,4 milyard dollardan çox vəsait ayrılıb.
Problem ondadır ki, Pentaqonun özü belə həmin vəsaitlərin konkret hansı təcrübələrə xərcləndiyini tam müəyyən edə bilməyib. Bu isə ABŞ-də ciddi siyasi və təhlükəsizlik müzakirələri yaradıb.

Maraqlıdır ki, Entoni Fauçi hələ 2012-ci ildə yazdığı elmi məqalədə belə təcrübələrin təhlükələrini etiraf etmişdi. O yazırdı ki, nəzəri baxımdan laboratoriyada yaradılmış virus alimlərdən birinə yoluxa və nəticədə qlobal pandemiya yarada bilər. Bununla belə, Fauçi həmin dövrdə belə araşdırmaların elmi baxımdan faydalarının risklərdən daha üstün olduğunu müdafiə edirdi.

Prezident Donald Tramp artıq Çin, İran və nəzarət mexanizmləri zəif olan digər ölkələrdə “gain-of-function” araşdırmalarının federal maliyyələşdirilməsini qadağan edən sərəncam imzalayıb. ABŞ müharibə naziri Pit Heqset isə əvvəlki administrasiyanı amerikalılardan həqiqətləri gizlətməkdə ittiham edib.

Bütün bunlar göstərir ki, COVID pandemiyasından illər keçsə də, virusun mənşəyi, laboratoriya araşdırmaları və qlobal biotəhlükəsizlik məsələləri ətrafındakı siyasi savaş hələ uzun müddət davam edəcək.

E.Məmmədəliyev,
Musavat.com

Избранный
3
28
musavat.com

10Источники