RU

Bir oğlu, bir nəvəsi şəhid, digər 3-ü qazi, müharibə veteranı

     Dünən, 15 May-Beynəlxalq Ailə Günündə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev şəhid anası və şəhid nənəsi Zemfura Vəliyevanı 80 illik yubileyi münasibətilə yaşadığı evdə ziyarət edib.
     Səmimi söhbət şəraitində keçən görüşdə ailənin keçdiyi ağır, eyni zamanda qürurlu həyat yolundan danışılıb. Vurğulanıb ki, Vətən uğrunda övladlarını qurban vermiş anaların qarşısında hər birimiz mənəvi cəhətdən borcluyuq. Qeyd olunub ki, belə ailələr xalqımızın mərdlik, vətənpərvərlik və fədakarlıq simvoludur.
     Rəşad Tağıyev Zemfura Vəliyevanı yubileyi münasibətilə təbrik edərək ona möhkəm can sağlığı arzulayıb, şəhid ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini bildirib. O qeyd edib ki, Azərbaycanda ailə dəyərlərinin qorunması, şəhid ailələri və qazilərə göstərilən dövlət qayğısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə daim diqqət mərkəzində saxlanılır.
     Görüş zamanı şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub, ailənin qayğıları ilə maraqlanılıb.
     Zemfura Vəliyeva göstərilən diqqətə görə minnətdarlığını bildirib. O deyib ki, şəhid ailələrinə göstərilən hörmət və qayğı onların mənəvi təsəllisidir. Şəhidlərimizin heç vaxt unudulmadığını görmək isə hər bir şəhid ailəsi üçün böyük təsəlli və qürur mənbəyidir.
     Qeyd edək ki, Zemfura Vəliyevanın oğlu İsə Vəliyev I Qarabağ müharibəsində şəhid olub. Digər oğlu Rövşən Vəliyev I Qarabağ müharibəsi qazisidir. Nəvəsi Rəşad Yusubov Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıb. Digər iki nəvəsi isə Vətən müharibəsi veteranıdır.
     

Hamlet Qasımov,

XQ-nin Gəncəbasar müxbiri

Избранный
16
1
xalqqazeti.az

2Источники