RU

Azərbaycanda WUF13 start götürür

Bu gün Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) açılışı keçirilir.

Sitat.info xəbər verir ki, əsas tədbirləri Bakı Olimpiya Stadionunda təşkil olunacaq.

Mayın 22-dək davam edəcək WUF13 BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə baş tutur.

Dünyanın ən nüfuzlu urbanizasiya platformalarından hesab olunan forum Bakını qlobal şəhərsalma və dayanıqlı inkişaf müzakirələrinin mərkəzinə çevirəcək. Tədbirə 182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçməsi WUF tarixində ən yüksək göstəricilərdən biri kimi dəyərləndirilir.

Forum çərçivəsində şəhərlərin davamlı inkişafı, iqlim dəyişikliklərinin urban mühitə təsiri, müasir şəhər idarəçiliyi, rəqəmsal həllər, əlçatan yaşayış və ekoloji yanaşmalar ətrafında geniş müzakirələr aparılacaq. WUF13 dövlət rəsmilərini, beynəlxalq təşkilat nümayəndələrini, şəhər merlərini, ekspertləri və vətəndaş cəmiyyəti təmsilçilərini bir araya gətirən vacib beynəlxalq platforma kimi çıxış edəcək.

Tədbirdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi yenidənqurma layihələri də təqdim olunacaq. Qarabağ və Şərqi Zəngəzurda tətbiq edilən "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları, eləcə də "yaşıl enerji zonası" istiqamətində görülən işlərin beynəlxalq iştirakçılar tərəfindən xüsusi maraqla qarşılanacağı gözlənilir.

WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq tədbirlərə uğurlu ev sahibliyi imkanlarını və ölkənin qlobal əməkdaşlıq təşəbbüslərində fəal rolunu bir daha nümayiş etdirir. Forum həmçinin Azərbaycanın dayanıqlı inkişaf və müasir şəhərsalma sahəsində təcrübəsinin beynəlxalq auditoriyaya təqdim olunması baxımından əhəmiyyətli hesab edilir.

Tədbir zamanı BMT-nin rəsmi dilləri olan ərəb, çin, ingilis, fransız, rus və ispan dilləri ilə yanaşı, Azərbaycan və türk dillərində də sinxron tərcümə təmin ediləcək.

Qeyd edək ki, WUF tarixində ilk dəfə olaraq proqramda Liderlər Sammiti də yer alıb. Bu isə forumun beynəlxalq siyasi və strateji əhəmiyyətini daha da artıran yeniliklərdən biri sayılır.

Избранный
2
5
sitat.info

6Источники