Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bəşəriyyəti təhdid edən yeni bir qlobal sağlamlıq böhranı barədə rəsmi qərar qəbul edib.
Ekologiya.az xəbər verir ki, təşkilat Demokratik Konqo Respublikası (DKR) və Uqandada sürətlə yayılan ölümcül Ebola qızdırması partlayışını beynəlxalq miqyaslı fövqəladə vəziyyət elan edib.
ÜST rəsmiləri hazırda söhbətin pandemiyadan yox, lokal, lakin son dərəcə təhlükəli epidemiya dalğasından getdiyini xüsusilə vurğulayırlar. Vəziyyəti kritik edən ən qorxulu məqam budur ki, budəfəki epidemiya virusun "Bundibuqio" (Bundibugyo) adlanan spesifik ştammı tərəfindən törədilib.
Tibb elmində hazırda bu ştamma qarşı təsdiqlənmiş heç bir rəsmi dərman preparatı və ya qoruyucu vaksin mövcud deyil. "Associated Press" agentliyinin ÜST-ün rəsmi məlumatlarına istinadən yaydığı son hesabata görə, mayın 16-da Konqonun şərqindəki İturi əyalətinin Monqbvalu və Tvampara rayonlarında yeni epidemiya nəticəsində azı 80 nəfər həyatını itirib.
Cəmi bir gün əvvəl isə ölənlərin sayının 65 olduğu bildirilirdi ki, bu da ölüm dinamikasının vahiməli sürətlə artdığını göstərir. Beynəlxalq səhiyyə ekspertləri xəbərdarlıq edirlər ki, virusun qonşu ölkələrə və qlobal nəqliyyat qovşaqlarına yayılma riski çox yüksəkdir.
Hazırda Afrika regionuna tibbi yardımların göndərilməsi və sərhədlərdə sanitariya nəzarətinin gücləndirilməsi üçün beynəlxalq səviyyədə təcili humanitar missiyaların təşkilinə başlanılıb. Epidemioloqlar bu ölümcül virusun qarşısının alınmaması halında qlobal səhiyyə sisteminin növbəti ağır sınaqla üz-üzə qalacağını proqnozlaşdırırlar.
Musavat.com
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта