Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iqlim və qeyri-rəsmi yaşayış məntəqələri ilə bağlı problemlər müzakirə olunub.
"Far.Az" xəbər verir ki, Şotlandiyanın Qlazqo Universitetinin tədqiqatçısı Diego Pajarito bildirib ki, müzakirələr əsasən iqlim dəyişikliklərinin Latın Amerikası və Afrikadakı qeyri-rəsmi yaşayış məntəqələrinə təsiri ətrafında aparılıb.
O qeyd edib ki, iqlim dəyişikliyi və ekstremal hava hadisələri həmin ərazilərdə yaşayan icmalar üçün ciddi çətinliklər yaradır:
"İştirakçılar bu problemlərin həlli üçün müxtəlif strategiyaların hazırlanması və icmalara dəstəyin gücləndirilməsinin vacibliyini vurğulayıblar".
Tədqiqatçının sözlərinə görə, Şəhərsalma Forumunun Azərbaycanda keçirilməsi mühüm əhəmiyyət daşıyır:
"Forum müxtəlif ölkələrdən olan iştirakçılar üçün yeni təcrübə yaradıb. İştirakçılar bu forumu beynəlxalq əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsi və gələcəkdə daha dayanıqlı yaşayış mühitinin qurulması baxımından əhəmiyyətli platforma hesab edirlər".