RU

UN-Habitat-ın icraçı direktoru: Mənzil, sadəcə, dörd divar deyil, o, insanların fundamental imkanlara çıxışını formalaşdırır

Bakı, 17 may, AZƏRTAC

Mənzil anlayışı yalnız dam örtüyü və dörd divardan ibarət deyil. O, insanların fundamental imkanlara – məşğulluq, təhsil, səhiyyə, təhlükəsizlik və sosial statusa çıxışını birbaşa formalaşdırır. Mənzil sistemləri adekvat şərait təqdim etmədikdə, yoxsulluq və cəmiyyətdən təcrid olunma meyilləri daha da dərinləşir, bərabərsizlik isə nəsillər boyu kök salır. Bu, dövrümüzün ən ciddi şəhərsalma problemlərindən biridir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) ilk günü “Hər kəs üçün münasib mənzil” mövzusunda tematik panellərin açılışında bildirib.

Onun sözlərinə görə, qeyd olunan çağırışlar mənzil sistemlərinin güclü dövlət rəhbərliyi, uzunmüddətli planlaşdırma, effektiv tənzimləmə mexanizmləri, eləcə də əlçatan və inklüziv mənzil təminatına yönəlmiş genişmiqyaslı tərəfdaşlıqlar tələb etdiyini göstərir. Məhz buna görə də BMT-nin Yeni Şəhər Gündəliyində hələ 10 il əvvəl bu mühüm məqam xüsusi vurğulanıb: torpaq və mənzil mülkiyyəti sadəcə bir kommersiya obyekti kimi qəbul edilə bilməz. Onun həm də sosial və ekoloji funksiyası var və ümumi ictimai maraqlara xidmət etməlidir. “Biz inklüziv, dayanıqlı, azemissiyalı və rifah səviyyəsi yüksək olan şəhərlər qurmaq istəyiriksə, ilk növbədə, mənzil sistemlərini transformasiya etməliyik. Bu transformasiya isə idarəetmənin gücləndirilməsini, sosial və ictimai mənzil fondunun genişləndirilməsini, qeyri-formal yaşayış məntəqələrində şəraitin yaxşılaşdırılmasını, torpaq sahələrinə və fundamental xidmətlərə çıxış imkanlarının artırılmasını, davamlı maliyyələşdirmə mexanizmlərinin səfərbər edilməsini, habelə yerli idarəetmə orqanlarının potensialının gücləndirilməsini nəzərdə tutur. Bu baxımdan, Azərbaycanın da 2025-2026-cı illər üzrə həmsədr olduğu “Hər kəs üçün münasib mənzil” qətnaməsi üzrə Hökumətlərarası İşçi Qrupu xüsusi əhəmiyyət daşıyır”, - deyə o əlavə edib.

Müxbir - Elgün Niftəli

Избранный
46
1
azertag.az

2Источники