Bakı, 17 may, AZƏRTAC
WUF13 şəhərlərin gələcəyinin formalaşdırılması və qlobal urbanizasiya gündəliyinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən “Build Change” təşkilatının nümayəndəsi Xuan Kabalyero deyib.
O qeyd edib ki, sessiya müxtəlif ölkələrdən hökumət nümayəndələrini, vətəndaş cəmiyyəti institutlarını və digər tərəfləri bir araya gətirərək şəhərlərin inkişafı ilə bağlı yanaşmaların formalaşdırılmasına şərait yaradır. Burada müzakirə olunan məsələlər gələcəkdə şəhərsalma siyasətinə və resursların bölüşdürülməsinə təsir göstərəcək və yaxın illərdə əsas istiqamətlərdən biri iqlim dəyişikliyinə uyğunlaşma olacaq.
O bildirib ki, inkişaf etməkdə olan ölkələrdə əsas problemlərdən biri keyfiyyətsiz və dayanıqsız tikilmiş yaşayış fondudur. Bu səbəbdən diqqət yalnız yeni mənzillərin inşasına deyil, həm də mövcud evlərin dayanıqlılıq, enerji səmərəliliyi və təbii fəlakətlərə davamlılıq baxımından yaxşılaşdırılmasına yönəlməlidir.