RU

Yeni binalarda kağız divar problemi Qonşular nə danışsa eşidirik

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Yeni tikilən çoxmərtəbəli binalarda mənzil sahibi olan vətəndaşların ən böyük kabusu artıq məlumdur: qonşu mənzildə danışılan hər kəlməni eşitmək. Son illər paytaxtda və ətraf rayonlarda inşa edilən yaşayış komplekslərində səs izolyasiyası problemi kütləvi xarakter almağa başlayıb. Divarların sanki "kağızdan" olması sakinlərin həm şəxsi həyatının gizliliyini pozur, həm də gündəlik istirahət hüququnu əlindən alır. Ekspertlər bildirirlər ki, bu problem təkcə komfort məsələsi deyil, həm də tikinti normalarının kobud şəkildə pozulmasının göstəricisidir. Bir çox hallarda mənzil alıcıları təmir zamanı divarların vizual görünüşünə aldansa da, daxili qatdakı boşluqlar və keyfiyyətsiz materiallar sonradan ciddi fəsadlar törədir.Daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov Demokrat.az-a açıqlamasında bildirib ki, mənzillərdə, xüsusilə yeni inşa olunan çoxmərtəbəli binalarda qonşular arasında səs keçirmə problemi tez-tez müşahidə olunur:“Sakinlərin əsas şikayətlərindən biri divarlar vasitəsilə normadan artıq səsin ötürülməsidir. Ümumiyyətlə, yaşayış sahələrində həm xarici mühitdən, həm də mənzillərarası səs səviyyəsi normativlərə əsasən təxminən 40 desibelə qədər məqbul hesab olunur. Lakin bəzi hallarda bu göstəricilər pozulur və səs izolyasiyası zəifləyir. Bu problemin əsas səbəblərindən biri tikinti prosesində yol verilən texniki qüsurlardır. Müasir çoxmənzilli binalar adətən monolit karkas beton konstruksiya ilə inşa olunur. Mənzillərarası və xarici divarların tikintisində isə normativlərə uyğun olaraq ən azı 19 santimetr qalınlığında kərpicdən istifadə olunmalıdır. Bəzi layihələrdə 29 santimetrə qədər qalınlığa icazə verilsə də, minimum standart 19 santimetrdir”. O deyib ki, mənzillərin daxilindəki arakəsmə divarlar daha nazik materiallarla inşa oluna bilər:“Problem o zaman yaranır ki, bəzi tikinti şirkətləri normativlərə uyğun olmayan kərpiclərdən istifadə edir, materiallar düzgün sıxlıqla yerləşdirilmir və ya suvaq qatı kifayət qədər qalın olmur. Həmçinin bəzi hallarda iqtisadi səbəblərlə qazobeton kimi materiallardan düzgün istifadə edilməməsi də səs izolyasiyasını zəiflədir. Nəticədə, bu cür qüsurlar qonşu mənzillər arasında səsin normadan artıq ötürülməsinə səbəb olur. Bu baxımdan, mənzil alan və ya təmir işləri aparan şəxslərin tikinti prosesinə diqqət yetirməsi, materialların keyfiyyətini yoxlaması vacibdir. Zərurət yarandıqda isə divarlarda əlavə səs izolyasiya materiallarının tətbiqi tövsiyə olunur”.Hazırda bir çox mənzil sahibi problemi həll etmək üçün təmir zamanı əlavə xərc çəkərək divarlara xüsusi panellər və ya daş yunu qatları vurdurur. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, binanın layihə mərhələsində nəzərdə tutulmayan bu boşluqlar sonradan həm mənzilin sahəsini daraldır, həm də sakinlər üçün əlavə maliyyə yükü yaradır.Leyla Turan

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
64
demokrat.az

1Источники