RU

Çində sənaye istehsalının artım tempi zəifləyib

Daxili tələbin aşağı olması və daşınmaz əmlak böhranı ölkə iqtisadiyyatına təzyiq göstərir...

Çində sənaye istehsalının artım tempinin aprel ayında gözləniləndən daha zəif olduğu açıqlanıb.

Poliqon xəbər verir ki, bu barədə Financial Times nəşri Çin Xalq Respublikasının Dövlət Statistika İdarəsinin məlumatlarına istinadən xəbər yayıb.

Məlumata görə, 2026-cı ilin aprel ayında Çində sənaye istehsalı illik müqayisədə 4,1 faiz artıb. Bununla belə, artım tempi əvvəlki dövrlərlə müqayisədə zəifləyib. Eyni zamanda, pərakəndə satış göstəricilərinin demək olar ki, durğun vəziyyətdə qaldığı bildirilir.

Nəşr qeyd edir ki, dünyanın ikinci ən böyük iqtisadiyyatı zəif daxili tələbin təsiri altında fəaliyyət göstərməyə davam edir. “Bloomberg” tərəfindən sorğulanan analitiklər sənaye istehsalında 6 faiz, pərakəndə satışlarda isə 2 faiz artım proqnozlaşdırırdılar. Halbuki əvvəlki ay bu göstəricilər müvafiq olaraq 5,7 faiz və 1,7 faiz olmuşdu.

“Moody’s Analytics” şirkətinin hesabatında isə dərcdən əvvəl Çin iqtisadiyyatında daxili fəallığın zəif olduğu və investor əhval-ruhiyyəsinin aşağı səviyyədə qaldığı vurğulanmışdı. Analitiklər bildirirlər ki, hazırda ölkədaxili xərclərin böyük hissəsi dövlət müəssisələrinin fəaliyyəti hesabına təmin edilir.

Statistikaya əsasən, əsas kapitala investisiyalar yanvar–aprel aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz azalıb. Bununla yanaşı, yalnız aprel ayında bu göstəricinin 1,7 faiz artdığı və bunun analitik proqnozlarına uyğun gəldiyi qeyd olunur.

Financial Times yazır ki, Çin iqtisadiyyatı uzun müddətdir davam edən daşınmaz əmlak sektorundakı böhranın nəticələri ilə mübarizə aparır. Mənzil bazarındakı geriləmə xüsusilə ev təsərrüfatlarının maliyyə vəziyyətinə ciddi təsir göstərib və daxili istehlakın zəifləməsinə səbəb olub.

Çin hakimiyyəti iqtisadi fəallığın azalmasını kompensasiya etmək məqsədilə infrastruktur layihələrinə və sənaye istehsalına yatırımları artırmağa çalışır. Bununla yanaşı, ABŞ ilə davam edən ticarət qarşıdurmasına baxmayaraq, Çin ixracının sürətlə artdığı vurğulanır.

Nəşrin məlumatına görə, Çin və ABŞ arasında ötən ilin oktyabr ayında əldə olunan müvəqqəti razılaşma iqtisadi artım üçün müəyyən müsbət şərait yaradıb. ABŞ Prezidenti Donald Trump ilə Çin lideri Xi Jinping arasında əldə edilən bu razılaşmanın ötən həftə bir daha təsdiqləndiyi bildirilir.

Poliqon.info

Избранный
6
poliqon.info

1Источники