Son aylarda dünya bazarında ərzaq qiymətlərində yenidən artım müşahidə olunur. Xüsusilə taxıl, bitki yağları, şəkər və süd məhsullarının qiymətində yüksəliş beynəlxalq təşkilatların hesabatlarında da əksini tapır.
Azpost.info -nun məlumatına görə, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) açıqlayıb ki, 2026-cı ilin mart ayında qlobal ərzaq qiymət indeksi ardıcıl ikinci ay artıb. Əsas səbəblər enerji qiymətlərinin yüksəlməsi, logistika problemləri və Yaxın Şərqdəki gərginlikdir.
FAO-nun hesabatına görə, xüsusilə bitki yağlarının qiyməti ciddi şəkildə bahalaşıb. Bunun əsas səbəbi neft qiymətlərinin artması və bioyanacaq istehsalına tələbin yüksəlməsidir. Şəkər və taxıl bazarında da oxşar tendensiya müşahidə edilir.
İqtisadçı ekspert Natiq Cəfərli bildirir ki, dünya bazarında ərzaq bahalaşması Azərbaycana da təsirsiz ötüşmür. Çünki ölkə bəzi məhsullar üzrə idxaldan asılıdır və beynəlxalq bazarda qiymət artımı daxili bazara da keçir.
Ekspertlər hesab edir ki, ərzaq inflyasiyasının əsas səbəblərindən biri enerji və logistika xərcləridir. Neft bahalaşdıqca daşınma, gübrə və istehsal xərcləri də artır. Bu isə son nəticədə bazar qiymətlərinə təsir edir.
Dünyada iqlim dəyişiklikləri də ərzaq bazarına ciddi təsir göstərir. Hindistan, Braziliya və bəzi Afrika ölkələrində quraqlıq və hava dəyişiklikləri məhsuldarlığı azaldır. Ekspertlər hesab edir ki, yaxın illərdə ərzaq təhlükəsizliyi qlobal siyasətin əsas mövzularından birinə çevriləcək.
Azərbaycanda isə bahalaşma xüsusilə idxal məhsullarında hiss olunur. Ət, yağ, süd məhsulları və bəzi meyvələrin qiymətində artım müşahidə edilir. Analitiklər bildirirlər ki, daxili istehsalın artırılması və aqrar sektorun gücləndirilməsi inflyasiyanın təsirlərini azaltmaq üçün vacibdir.
S. Abdulla