RU

CAVANŞİR FEYZİYEVİN “TÜRK DÖVLƏTLƏRİ BİRLİYİ: QLOBAL İNTEQRASİYANIN TÜRK MODELİ” KİTABI HAQQINDA BR NEÇƏ SÖZ

(ikinci yazı)

Əsərdən türk xalqlarına ötürülən əsas mesajlardan birisi də budur ki, Atatürkün nəhəng şəxsiyyət olması danılmaz faktdır. O, ümumtürk inkişaf qanunauyğunluğunun, türk sivilizasiyasının möhtəşəmliyinin ideologiyasını iliyinə qədər mənimsəmiş siyasi dövlət rəhbərdir. O, inkişaf edən dünya mədəniyyətinə təkcə silahla deyil, həm də daim inkişafda olan türk ideologiyası ilə daxil olmağın yolunu yaxşı bilirdi. 20-ci əsrin əvvəlində müstəqilliyi əldən getmiş bütün türk xalqlarının gözü Osmanlı imperiyasında idi. Amma Osmanlı imperiyasının siyasi, iqtisadi, sosial, bir sözlə bütün sahələr üzrə strategiyası və taktikası tükənmişdi. Türk ruhuna təzə qan lazım idi. Tarix Atatürkdən bunu tələb edirdi. Və Atatürk bu tələbin imtahanından üzüağ çıxdı. Nəyin hesabına? Ətrafına yığdığı böyük türk ideoloqlarının dediklərini həyata keçirməyin hesabına…
Türkçülüyün böyük ideoloqu Yüsif Akçura Atatürkün ən yaxın silahdaşlarından biri idi.
O, “Türkçülüyün tarixi” adlı əsərində türkçülük ideologiyasının əsasını qoymuşdu.
Yüsif Akçura (1876-1935) İvan Qroznının yaxın dostu olan knyaz Adaşın nəslinin davamçısı olub. 2 yaşından yetim qalıb. Mücadilə illəri İstanbulda keçmişdir. Gənc türklər hərəkatına bağlı olduğundan tutulub sürgünə göndərilmiş, lakin sürgündən qaçaraq Parisə getməyi, Fransa Siyasi Elmlər Akademiyasında və məhşur Sorbon Üniversitetində təhsil almağı bacarmışdır. 1905-ci ildə Sürixdə Lelinlə görüşmüş xalqının milli hüquqlarının qorunmasına dair ondan təminat almışdır. Amma sonradan məlum olduğu kimi Lenin başqa türk şəxsiyyətlərini aldatdığı kimi ona da verdiyi sözü tutmamışdı. Yüsif Akçura Türkiyəyə Cumhuriyəti qurulduqdan sonra Böyük Millət Məclisinə üzv seçilmiş, İstanbul Üniversitetində professoru vəzifəsində çalışmış, Atatürkün gözünün işığı olaraq onun mədəniyyət və siyasət məsələləri üzrə müşaviri təyin edilmişdir. 1931-ci ildə Türk Tarix Qurumunun yaradılmasında əsas rol oynayaraq, vəfatına qədər həmin təşkilata rəhbərlik etmişdir…
Yüsif Akçura 1904-cü ildə yazdığı və Qahirədə “Türk” qəzetində çap etdirdiyi “Üç tərzi-hərəkat” traktatında Osmanlı imperiyasının üç ideoloji platforma- osmançılıq, islamçılıq və türkçülük qarşısında olduğunu, ancaq ən optimal seçim və bu dövlətin milli nicat yolu kimi türkçülüyə söykənməli olduğunu bəyan etmişdir. Əsər çap olunduqdan dərhal sonra elə həmin qəzetdə türkçülüyün digər nəhəng şəxsiyyətləri-Əli Kamal, Əhməd Fərid, Əli bəy Hüseynzadə kimi mütəfəkkirlərlə fikir mübadiləsi aparmışdır. Bu tezislə Yüsif türkçülük siyasətini dövlət siyasəti statusuna qaldırılmasını əsaslandırmışdı. Akçura türkçülük siyasəti deyərkən Rusiyada, Osmanlı imperiyasında yaşayan türk xalqlarının vahid türk milləti təşkil etdiyini nəzərə alır, türk amilinə dayanan bir dövlətin yaranmasını müdafiə edir, bütün türklərin bir-birini tanımalarını, sevmələrini, mədəni-kültür cəhətdən birləşməsini istəyirdi. Yüsif Akçura yaradıcılığının zirvəsi 1928-ci ildə yazdığı “Türkçülüyün Tarixi” əsəridir. O, bu əsərdə türkçülüyün mövcud sistemlər içərisində bənzərsizliyi və onun tarixi-nəzəri əsaslarını müəyyən edirdi. O, türkçülük hərəkatına töhvə verən insanlar barəsində ensiklopedik məlumatlar təqdim edirdi…
Atatürkün sevdiyi fikir adamlarından biri də Ziya Göyaldır (1876-1924). Atatürk onun haqqında belə demişdir:” Ətimin və sümüyünün atası Əli Rza əfəndidirsə, fikrimin anası Ziya Göyalpdır”. Ziya Göyalp türkçülük ideyasının üniversallaşmasında xüsusi xidməti olan mütəfəkkirdir. O, türkçülük nədir sualına cavab axtararkən siyasətin, elmin, əxlaqın, mədəniyyətin, fəlsəfənin, bir sözlə, bütün sahələrin mahiyyətinə vararaq onun konseptual ideologiyasını müəyyənləşdirirdi…
Müəllif kitabda, həmçinin, Əli bəy Hüseynzadənin, Əhməd bəy Ağa oğlunun, İsmayıl bəy Qasparlının, Zəki Vəlidi Toğanın, Ayaz İsakinin, bir sözlə, türk birliyi ideyasına töhvə verən bütün fikir adamlarının həyatını, yaradıcılığını diqqətdən kənarda qoymayıb. Onların sayəsində Atatürkün, Atatürkün qayəsində onların etdiklərinin birər-birər araşdırıb…
Müəllifin qənaətinə görə o zaman türk dünyasının ağır sarsıntı keçirdiyi vaxtlarda Türkiyə Cümhuriyətində yeniləşən türkçülük ideologiyası havadan götürülməmişdir. O, tarixin bağrında yetişən və onun bağrından qopub gələn bir zərurətin nəticəsi idi. Bu, ey türk xalqi titrə və özünə dön deyən böyük türk xəqan səsinin əks-sədası idi…
Axı, türklər həmişə tarixən aparıcı-siyasi hakimiyyətə, öngül cəmiyyətə, üstün mədəniyyətə malik bir xalq olaraq daim zamanın sınağından yeniləşərək çıxmışdır. Amma həmişə öz köklərinin üstündə durmaqla. Türkün bütün klassik abidələrində bu ruh tarixən diri qalmışdır. Türklərin yaratdığı epos-oğuznamələr, (” Oğuz Kağan” “Kitabi-Dədə Qorqud”, “Manas”, ” Əmsali-Türki”), Mahmud Kaşğarlının “Divanü-Luğat-it-Türk”, Yüsif Balasağunlunun “Qutatqu-Biliğ”, Seyid Əhməd Yəsəvinin “Divani-hikmət”, Fəzlullah Rəşidədinin “Oğuznamə”, Əlişir Nəvainin ” Müqayisət-ül-lüğəteyn”, Əbdülqazi Bahadır xanın “Səcəreyi-Tarakima (” Türk ulusunun son kitabı”) və sair əsərlər göydəndüşmə deyil. Bu əsərlər o zamanıçı Türkiyədə təzədən nəfəs almaqla xalqa təzə nəfəs verirdi…
Müəllifin də qeyd etdiyi kimi türkün keçən əsrin 20-ci illərində tək bir müstəqil dövləti qalmışdı. Bu dövləti yönəldənlər və bu dövlətin başında duran Atatürk yaxşı ki, o zaman bir millət bir dövbət demirdi. Keçər dövran belə qalmaz, o biri qardaşlarımız da azad olar deyirdi. Və bu deyim zamanla özünü doğrultdu. Əvvəl bir millət iki dövlət olduq. Sonra bir millət 7 dövlətə çevrildik. Yəqin ki, zamanla bu dövlətlərin sayı artacaq…
(Ardı olacaq)

Избранный
8
4
veteninfo.az

5Источники