ain.az, Moderator.az portalına istinadən məlumat verir.
“Atam yarı türk idi, çünki onun atası tamamilə türk idi. Atam öz atası Əli Kamalı heç vaxt tanımadı. Mən də babam Əli Kamalı yalnız onun haqqında oxuduqlarımla və araşdırmalarımla tanımışam. Amma indi onun haqqında çox şey bilirəm. Türk köklərim və irsimlə fəxr edirəm...”
Bu fikirləri Böyük Britaniyanın keçmiş Baş naziri Boris Consonun atası, britaniyalı-fransız yazıçı, keçmiş avroparlamentari və ictimai xadim Stenli Conson jurnalist Hafiz Əhmədovun suallarını cavablandırarkən səsləndirib.
Uzun illər Avropa siyasətində, beynəlxalq təşkilatlarda və ictimai fəaliyyət sahəsində çalışan Stenli Conson müsahibə zamanı təkcə ailə köklərindən danışmayıb. O, həmçinin Avropanın gələcəyi, Böyük Britaniya ilə Avropa Birliyi münasibətləri, qlobal iqlim dəyişiklikləri, dünya əhalisinin sürətlə artması, ekologiya problemləri və Boris Conson ətrafında yaranan siyasi qalmaqallarla bağlı diqqətçəkən fikirlərini bölüşüb. Müsahibədə ən çox maraq doğuran məqamlardan biri isə onun Azərbaycan və türk dünyası ilə bağlı söylədikləri olub.

Əvvəlcə onu qeyd edək ki, bu müsahibə COP29 ərəfəsində alınıb. Həmin dövrdə dünyanın diqqəti Bakıda keçiriləcək beynəlxalq iqlim sammitinə yönəlmişdi. Aradan bir neçə il keçməsinə baxmayaraq, Stenli Consonun səsləndirdiyi fikirlər bu gün də aktuallığını qoruyur. Xüsusilə onun Azərbaycanın beynəlxalq əhəmiyyətinin artması, enerji siyasəti və iqlim dəyişiklikləri ilə bağlı söylədiyi fikirlər yenidən maraq doğurur.
Stenli Conson Bakı haqqında danışarkən Azərbaycanın mühüm beynəlxalq platformaya çevrildiyini vurğulayıb və bildirib ki, dünyanın gözü məhz Bakıda olacaq:
“Bu il dünyanın gözü Azərbaycanda, xüsusilə də Bakıda olacaq. Çünki BMT-nin İqlim Dəyişiklikləri üzrə COP29 konfransı Azərbaycanın paytaxtında keçiriləcək. Bu, son dərəcə mühüm beynəlxalq hadisədir. Tarixən neft sənayesinin formalaşdığı məkanlardan biri olan Azərbaycanın indi həmin sənayenin yaratdığı problemlərin həllində mühüm rol oynaması simvolik məna daşıyır”.
Müsahibənin diqqət çəkən hissələrindən biri də Boris Consonla bağlı söylənilən fikirlər olub. Stenli Conson oğlunun “Partiqeyt” qalmaqalı ətrafında haqsız şəkildə hədəfə alındığını düşünür. O, Boris Conson barədə formalaşdırılan bəzi fikirlərin reallığı əks etdirmədiyini bildirib:
“Borislə bağlı ən böyük yanlış fikir onun “Partiqeyt” məsələsində parlamenti aldatmasıdır. Bu tam cəfəngiyyatdır. Boris parlamentdəki bəzi şəxslərin təşkil etdiyi kinli və şəxsi maraqlara xidmət edən siyasi sui-qəsdin qurbanı oldu. Düşünürəm ki, həmin insanların çoxu artıq bu prosesdə oynadıqları rola görə peşmandırlar”.
“Boris Consonun tarixdə necə xatırlanmasını istərdiniz?” sualına isə o, belə cavab verib:
“Tarixin öz hökmünü verməsi üçün hələ yazılacaq çox fəsillər var”.

Stenli Conson müsahibədə Avropanın gələcəyi ilə bağlı da maraqlı fikirlər səsləndirib. O hesab edir ki, Böyük Britaniya ilə Avropa Birliyi arasında münasibətlərin yenidən normallaşmasına ehtiyac var:
“Mənim fikrimcə, hazırda əsas məsələ Böyük Britaniyanın Avropa ilə körpüləri yenidən qurmasıdır. Ətraf mühit, elm, təhsil və təhlükəsizlik sahələrində əməkdaşlıq daha da genişlənməlidir”.
O, həmçinin dünya əhalisinin sürətlə artmasını bəşəriyyət üçün ciddi təhlükə hesab etdiyini də bildirib:
“Mən böyüyəndə dünya əhalisi təxminən 2-3 milyard idi. İndi isə 9 milyarda yaxınlaşır. Təbiətin və vəhşi həyatın məhv olması dövrümüzün ən böyük faciələrindən biridir”.

Müsahibənin ən maraqlı hissələrindən biri isə Stenli Consonun türk kökləri ilə bağlı dedikləri olub. O, ailəsinin türk irsi ilə hər zaman fəxr etdiyini xüsusi vurğulayıb və babası Əli Kamal haqqında danışıb:
“Atam yarı türk idi, çünki atası tamamilə türk idi. Atam öz atası Əli Kamalı heç vaxt tanımadı. Mən də Əli Kamalı — türkçü babamı — yalnız onun haqqında əldə etdiyim məlumatlarla tanımışam. Amma indi onun haqqında çox şey bilirəm və türk köklərimlə, irsimlə fəxr edirəm”.

Stenli Conson bildirib ki, ailəsinin türk dünyası ilə əlaqələri bu gün də davam edir:
“Atamın ögey qardaşı Zəki Küneralp Türkiyənin ən tanınmış diplomatlarından biri idi. Mən hələ də türk qohumlarımla sıx əlaqə saxlayıram və hiss edirəm ki, mənim türk ailəm var”.
O, Azərbaycanla bağlı da isti fikirlər səsləndirib və Bakıya səfər etmək arzusunu dilə gətirib:
“Mən Azərbaycana səfər etməyi çox istərdim. İllər ərzində Türkiyə, İran, Pakistan, Əfqanıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan və digər ölkələr daxil olmaqla Orta Asiyada kifayət qədər geniş səyahətlər etmişəm. Amma hələ Azərbaycanda olmamışam”.
Azərbaycan gənclərinə mesaj göndərən Stenli Conson bildirib ki, Bakıda keçiriləcək beynəlxalq tədbirlərin ölkənin dünyadakı rolunu daha da artıracağına inanır:
“Azərbaycan gənclərinə mesajım budur: Mən sizinlə Bakıda görüşməyi səbirsizliklə gözləyirəm”.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.