RU

WUF13 çərçivəsində müxtəlif ölkə nazirləri bir araya gəliblər

Mayın 17-də müxtəlif dünya ölkələrini təmsil edən nazirlər və yüksək səviyyəli nümayəndələr inklüzivlik, iqtisadi imkanlar və iqlimədavamlılıq üzrə müzakirələr çərçivəsində mənzil təminatı məsələsinə xüsusi diqqət ayırmaq üçün Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasında (WUF13) Azərbaycan Respublikasının sədrliyi ilə Yeni Şəhərsalma Gündəliyinə həsr olunmuş nazirlər toplantısında bir araya gəliblər.

Müzakirələr zamanı əldə olunan nailiyyətləri və qazanılmış təcrübələri bölüşməyə çağıran BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax bildirib ki: “Biz uğurlu nəticələrə və işlərin davamlı inkişafına mane olan amilləri müəyyən etməli, həmçinin hər kəs üçün münasib mənzil təminatını həyata keçirmək və 2036-cı ilədək Yeni Şəhərsalma Gündəliyinin icrasını sürətləndirmək üçün zəruri tərəfdaşlıqları, siyasətləri və investisiyaları müəyyənləşdirməliyik.”

“Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusu çərçivəsində keçirilən nazirlər görüşü şəhərlər üçün həlledici əhəmiyyət daşıyan bir dövrdə milli hökumətləri, yerli rəhbərləri və beynəlxalq tərəfdaşları bir araya gətirib. Yeni Şəhərsalma Gündəliyinin qəbulundan ötən on il ərzində şəhərsalma ilə bağlı çağırışların daha mürəkkəb və qarşılıqlı əlaqəli xarakter aldığı bildirilib. Nazirlər görüşündə mənzil təminatının dayanıqlı şəhər inkişafının əsas istiqamətlərindən biri kimi rolu, eləcə də Dayanıqlı İnkişaf Məqsədləri (DİM) və Paris Sazişi daxil olmaqla qlobal öhdəliklərin icrasına verdiyi töhfə ətrafında müzakirələr aparılıb.

“Bakıda keçirilən bu toplantı xüsusi əhəmiyyət daşıyır, çünki o qlobal perspektivləri və yerli təcrübəni bir araya gətirir”, - deyə Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13-ün milli koordinatoru Anar Quliyev bildirib ki: “Dünya şəhərləri sürətli urbanizasiya, mənzil çatışmazlığı, iqlim riskləri və münaqişədən sonrakı bərpa kimi çağırışlarla üzləşməli olur. Daha güclü beynəlxalq əməkdaşlığa və praktiki həll yollarına ehtiyac hər zamankından daha yüksəkdir.”

Nazirlər üç yüksək səviyyəli müzakirə paneli çərçivəsində Yeni Şəhərsalma Gündəliyinin icrasını gücləndirmək və qarşıdakı onillikdə işlərin gedişatını sürətləndirmək üçün praktiki yanaşmaları müzakirə ediblər.

Birinci panel “Sosial inklüzivlik və yoxsulluğun aradan qaldırılması üçün mənzil təminatı” mövzusuna həsr olunub və adekvat mənzil təminatının bərabərsizlik və sosial təcridin aradan qaldırılmasına necə töhfə verə biləcəyini ön plana çıxarıb. Müzakirələr zamanı sosial və ictimai mənzil sistemlərinin gücləndirilməsi, qeyri-rəsmi yaşayış yerlərində şəraitin yaxşılaşdırılması və mənzil siyasətlərinin ən həssas qruplara çatdırılması istiqamətində yanaşmalar nəzərdən keçirilib.

Nazirlər eyni zamanda dəyişən qlobal reallıqların yaratdığı yeni təsirləri də müzakirə ediblər. İqlimlə bağlı fəlakətlər, məcburi köçkünlük, artan mənzil xərcləri və geosiyasi qeyri-sabitlik dünya üzrə mənzil sistemlərinə təsir göstərir və bu vəziyyət daha güclü siyasət tədbirləri ilə uzunmüddətli investisiyaların həyata keçirilməsini zəruri edir.

“Urbanistik rifah və hər kəs üçün bərabər imkanlar naminə mənzil təminatı” mövzusuna həsr olunmuş ikinci müzakirə panelində mənzil təminatının iqtisadi inkişaf və insanlarda potensial artımının aparıcı qüvvəsi kimi oynadığı rol diqqət mərkəzində olub. Nazirlər mənzil sistemlərinin məşğulluğun dəstəklənməsinə, məhsuldarlığın artırılmasına və xüsusilə qadınlar, gənclər və həssas qruplar üçün imkanların genişləndirilməsinə necə töhfə verə biləcəyini müzakirə ediblər.

İştirakçılar mənzil təminatını torpaq idarəçiliyi, infrastruktur, nəqliyyat sistemləri və yerli iqtisadi inkişafla əlaqələndirən kompleks yanaşmaların əhəmiyyətini vurğulayıblar. Müzakirələr zamanı yerli hökumətlərin rolu, eləcə də proseslərin icrasının dəstəklənməsi üçün daha güclü institusional və maliyyə mexanizmlərinə olan ehtiyac xüsusilə vurğulanıb.

Üçüncü müzakirə paneli “Ekoloji baxımdan dayanıqlı və iqlimədavamlı şəhər inkişafı naminə mənzil təminatı” mövzusuna həsr olunub və mənzil təminatı ilə iqlim fəaliyyəti arasında getdikcə artan qarşılıqlı əlaqəni müzakirəyə çıxarıb.

Mənzil təminatı və şəhərsalma artıq iqlim həllərinin mühüm tərkib hissəsi kimi qəbul olunur. Bütün dünyada tikinti və inşaat sektoru istixana effekti yaradan qaz  emissiyalarının əhəmiyyətli hissəsini təşkil edir və bunun fonunda adekvat mənzil təminatından məhrum olan milyonlarla insan iqlim risklərinə qarşı daha həssas olur.

Nazirlər aşağı karbonlu tikinti, iqlimədavamlı planlaşdırma, qeyri-rəsmi yaşayış məntəqələrinin modernləşdirilməsi, eləcə də mənzil və şəhərsalma siyasətləri ilə milli iqlim öhdəlikləri arasında daha güclü əlaqələrin qurulması sayəsində mənzil strategiyalarının iqlim hədəfləri ilə uyğunlaşdırılması üzrə yanaşmaları müzakirə ediblər.

Müzakirələr həmçinin COP30 çərçivəsində keçirilmiş Urbanizasiya və İqlim Dəyişikliyi üzrə Dördüncü Nazirlər Görüşü də daxil olmaqla son iqlim prosesləri nəticəsində formalaşmış dinamikanı davam etdirib. Sözügedən görüş müxtəlif idarəetmə səviyyələri arasında əməkdaşlığın gücləndirilməsinin və iqlim gündəliyi ilə şəhərsalma gündəliyinin daha sıx inteqrasiya olunmasının vacibliyini bir daha təsdiq edib.

Şəhərlər inkişaf etdikcə onların daha mürəkkəb çağırışlarla üzləşdiyi vurğulanıb. Görüş çərçivəsində iştirakçılar tərəfindən hamı üçün adekvat mənzil təminatının yalnız sosial zərurət deyil, həm də insanların, eləcə də bütün şəhərlərin gələcəyinə yatırılan mühüm investisiya olduğu xüsusilə qeyd edilib.


Görüş çərçivəsində nazirlər öhdəlik bəyanatları üzrə sessiyalarda iştirak edərək qarşıdakı onillikdə Yeni Şəhərsalma Gündəliyinin icrasını sürətləndirmək və mənzil sistemlərini gücləndirmək üçün tələb olunan əsas dəyişiklik istiqamətlərini müəyyənləşdiriblər.

Nazirlər səviyyəsində keçirilən bu görüş WUF13 çərçivəsində aparılan daha geniş müzakirələrin tərkib hissəsidir və mənzil təminatı ilə dayanıqlı şəhərsalma üzrə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə yönəldilmiş davamlı fəaliyyətlər də daxil olmaqla, tədbirin ümumi nəticələrinə töhfə verir.

Избранный
5
1
hit.az

2Источники