Dünən Bakıda yağan intensiv yağıntı sürücülərin hərəkətini çətinləşdirib. Xüsusilə yolu yaxşı tanımayan bəzi sürücülər nişanlanma xəttini görmədiklərindən qayda pozuntusuna yol veriblər. Buna görə də cərimənin tətbiq edilib-edilməyəcəyi məsələsi yenidən gündəmə gəlib.
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən nəqliyyat mütəxəssisi Azər Quliyevin sözlərinə görə, nişanlanma xətlərinin görülməməsinə görə, onun tapdalanması və ya tələbinin pozulmasına görə cərimə yazıla bilməz. O bildirib ki, cərimə İnzibati Xətalar Məcəlləsinin 122-ci maddə ilə yəni texniki vasitələrinin köməyi ilə aşkar olunursa, sürücüyə bununla bağlı görüntü, şəkillər təqdim edilməlidir: “Fotolarda bütöv xəttin görüntüsü açıq-aşkar görülürsə deməli bu halda bu kənardan da, sürücü tərəfindən də görülür. Yox, qarlı, yağışlı havalarda xətlər yaxşı görülmürsə və ya sola geriyə dönməni qadağan edən hər hansısa nişan yoxdursa, sürücü artıq o nişanlanma xəttinin tələbini bilməyərək poza bilər və buna görə cərimə yazıla bilməz. Bəzən elə nişanlar olur ki, yerdə heç bir nişanlanma xətti olmasa belə sürücünün sola geriyə dönməsi qadağandır. Məsələn, məcburi düzünə nişanı var ki, o yol sahəsində qoyulduqda o nişan növbəti yol ayrıcına qədər sola geriyə dönməni qadağan edir. Yerdə xətt olsa da, olmasa da, sürücü sola geriyə dönə bilməz. Bəzi sürücülər düşünür ki, yerdə xətt yoxdursa, deməli, burada manevr imkanı var, icazəlidir. Amma bəzən ötmənin qadağan olunduğu nişan görülübsə, əhəmiyyətini itirdiyi yerə qədər sola geri dönüb, zolaq dəyişib ötmə etmək olmaz. Bu, təkcə nişanlanma xətləri ilə tənzimlənmir. Bəzi nişanlar da var ki nişanlanma xətlərindən daha üstündür. Yerdə nişanlanma xətti görülmürsə və ya yağış, qar yağıbsa, digər yol nişanı yoxdursa, bu halda sürücü qadağanı poza bilər”.
A.Quliyev qeyd edib ki, belə havalarda nişanlanma xətti görülmədiyi üçün cərimə nəzərdə tutulmayıb və ya yol polisi tərəfindən saxlanılıb protokol tərtib edilə bilməz: “Çünki polis protokol tərtib edərkən sürücüyə deməlidir ki, bütöv xəttin tələbini pozmusunuz və bunu əli ilə göstərməlidir. Xətt görülmürsə, sürücü deyə bilər ki, onu görmək olmur. Bəzən sürücülər deyir ki, yerdə nişanlanma xətti yoxdur, mən nə bilim, burada neçə zolaq var... 49-cu maddəyə əsasən, yerdə nişanlanma xətti yoxdursa, silinibsə və ya asfalt örtüyü yeni bərpa olunubsa, yerdə nişanlanma xətti buna görə yoxdursa, sürücü gözəyarı formada avtomobili yolun enindən ora intervallarla yerləşdirməlidir, zolaqların sayını müəyyən etməlidir. Yol 2 avtomobil enindədirsə deməli burada iki zolaq var. Çox enlidirsə, sürücü bilməlidir ki, hərəkət üçün ikidən daha çox zolaq var. Yəni nişanlanma xətləri olmadan da yolun zolaqlarını müəyyən etmək qanunda öz əksini tapıb”.
Şəhanə Quliyeva