RU

Cavanşir Paşazadə: “Esvatini Kralının milli geyiminə görə tənqid edilməsi yolverilməzdir, cılız fikirlərlə çıxışlar edirlər...”

Azərbaycan-Cənubi Afrika Respublikası parlamentlərarası işçi qrupunun üzvü Cavanşir Paşazadə BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində milli geyimdə Bakıya gələn Esvatini Krallığının Kralı Əlahəzrət III Msvati ilə bağlı müzakirələrə münasibət bildirib.

 

C.Paşazadə Pravda.az-a açıqlamasında deyib ki, hər hansı ölkənin milli geyimin tənqid olunması yolverilməzdir.

 

Deputat bildirib ki, Azərbaycan bu gün böyük və nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi edir: “WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın dövlət başçısının apardığı güclü siyasətin nəticəsidir. Bu, Bakıda keçirilən birinci beynəlxalq tədbir deyil. Dünya ölkələrindən Vətənimizə bu cür beynəlxalq tədbirlərdə iştirak etmək üçün gələn çoxlu sayda millətlərin nümayəndələri hər zaman olub. Hamımız bilirik ki, bəzi ölkələr öz milli geyimlərini təbliğ edirlər. Xarici ölkələrdə olanda da bunu görürük. Səfirlər dövlət başçısı ilə görüşəndə, yaxud başqa dövlətlərin nümayəndələri səfir təyin olunanda çoxu milli geyimdə gəlir. Belə beynəlxalq tədbirlərdə də insanların milli geyimdə olmaları öz xalqlarına, dövlətlərinə olan münasibətin göstəricisidir. Biz buna pis yanaşmamalıyıq. Bu, həmin ölkənin öz daxili işidir. Bəzi insanların isə bunu gözü götürmür. "Mən də fikir bildirdim, mən də varam" demək istəyirlər, cılız fikirlərlə çıxışlar edirlər. Buna yol vermək olmaz. Azərbaycan sivil ölkədir. Xalqımız bütün millətlərin dinlərinə, əqidələrinə, adət-ənənələrinə hörmət edən xalqdır. Buna görə də belə yanaşmalar yanlışdır. Deyirlər ki, Cənubi Afrika Respublikasında insan hüquqları müdafiə olunmur. Bəzi ölkələrdə hələ də daxildə çəkişmələr, müharibələr gedir. Hökuməti parçalamağa səy göstərən ölkələr dünyada mövcuddur. Bunların arasında xırda Afrika ölkələri də var. Demokratiyanın qorunub-qorunmaması onların daxili məsələlərindən asılıdır. Bu vəziyyət bir çox xarici ölkələrdə davam edir”.

 

Aytəkin Qardaşova

 

Tarix: 18 May 2026, 11:58   
Избранный
23
pravda.az

1Источники