RU

Regiondakı gərginlik neft qiymətlərinə təzyiq yaradır

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

İranın cavab hücumları artıq yalnız hərbi qarşıdurma kontekstində qiymətləndirilmir. Proses eyni zamanda regionun enerji və təhlükəsizlik balansına yönəlmiş strateji təzyiq mexanizmi kimi dəyərləndirilir. Xüsusilə Körfəz bölgəsində gərginliyin artması enerji marşrutlarının təhlükəsizliyini risk altına sala və qlobal bazarlarda ciddi qiymət dalğalanmaları yarada bilər. Tehran region ölkələrini prosesə dolayı şəkildə cəlb etməklə beynəlxalq güclərin münaqişəyə münasibətini dəyişdirməyə çalışır. Lakin hazırkı mərhələdə ABŞ və müttəfiqlərinin enerji bazarını nəzarətdə saxlamaq cəhdləri böhranın qlobal miqyasda daha da dərinləşməsinin qarşısını qismən ala bilir.

Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İranın cavab hücumlarının əsas məqsədi yalnız hərbi qarşılıq vermək deyildi. Tehran çalışırdı ki, münaqişəni regional miqyasdan çıxarıb daha geniş geosiyasi və iqtisadi böhrana çevirsin. Rejim hesab edirdi ki, Körfəz ölkələrinin prosesə cəlb olunması və enerji təhlükəsizliyinin təhdid altına düşməsi qlobal bazarlarda ciddi panika yaradacaq.

Sadiq İsabəyli

Siyasi şərhçinin sözlərinə görə, İran rəsmiləri dəfələrlə açıq şəkildə bildirirdilər ki, neftin qiyməti 200 dollara qədər yüksəlməlidir. Tehran hesablayırdı ki, enerji qiymətlərində kəskin artım baş verərsə, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları beynəlxalq təzyiqlərlə üzləşəcək və bir sıra dövlətlər Vaşinqtonu geri çəkilməyə məcbur etməyə çalışacaq.

Sadiq İsabəyli vurğulayıb ki, bu strategiyanın əsas hədəflərindən biri də Körfəz ölkələri idi. Xüsusilə Birləşmiş Ərəb Əmirlikləri istiqamətində təhlükə siqnallarının artması təsadüfi deyildi. İran bununla həm regionun təhlükəsizlik balansını pozmağa, həm də beynəlxalq maliyyə sisteminə psixoloji təzyiq göstərməyə çalışırdı. Körfəz ölkələrində fəaliyyət göstərən iri beynəlxalq şirkətlər və maliyyə mərkəzləri üzərindən “bu region artıq təhlükəsiz deyil” mesajı verilməyə cəhd olunurdu. Məqsəd sərmayə axınını zəiflətmək və region dövlətlərinin iqtisadi sabitliyini sarsıtmaq idi.

“Tehran paralel olaraq Hörmüz boğazı faktorundan da təzyiq vasitəsi kimi istifadə etməyə çalışdı. İran rejimi dünya bazarına çıxan enerji marşrutlarının təhlükə altına düşdüyünü göstərməklə qlobal güclərə ‘İranla hesablaşmaq məcburiyyətindəsiniz’ mesajı vermək istəyirdi. Çünki Hörmüz boğazı üzərindən keçən enerji xətləri dünya iqtisadiyyatı üçün həyati əhəmiyyət daşıyır”, – deyə siyasi şərhçi qeyd edib.

Lakin proses İranın gözlədiyi ssenari üzrə inkişaf etmədi. Neft qiymətlərində müəyyən artım müşahidə olunsa da, bu artım Tehran rejiminin planlaşdırdığı səviyyəyə çatmadı. ABŞ vəziyyəti nəzarətdə saxlaya bildi. Vaşinqton strateji enerji ehtiyatlarından istifadə etdi, alternativ enerji marşrutlarını aktivləşdirdi və müttəfiq ölkələrlə koordinasiyanı gücləndirdi. Bunun nəticəsində qlobal enerji bazarında genişmiqyaslı xaosun yaranmasının qarşısı alındı.

Şərhçinin fikrincə, İranın öz addımları nəticə etibarilə onun özünə daha ağır zərbə vurdu. Hörmüz boğazında gərginliyin artması fonunda ABŞ İranın dəniz ticarətinə qarşı daha sərt nəzarət mexanizmləri tətbiq etdi. İran limanlarına çıxış imkanları məhdudlaşdırıldı, neft daşımalarında ciddi problemlər yarandı və rejimin iqtisadi itkiləri sürətlə artmağa başladı. Beynəlxalq məlumatlara görə, yaranmış vəziyyət İran iqtisadiyyatına yüz milyonlarla dollar zərər vurub və bu proses davam edir.

Sadiq İsabəyli hesab edir ki, Tehran regionu böyük enerji və təhlükəsizlik böhranına sürükləməklə öz geosiyasi çəkisini artırmağa çalışsa da, planlaşdırdığı nəticəni əldə edə bilmədi. Əksinə, həm iqtisadi baxımdan daha ağır vəziyyətə düşdü, həm də qlobal sistemə təsir imkanlarının düşündüyü qədər geniş olmadığını görmüş oldu.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
30
bizimyol.info

1Источники