“Bakıda keçirilən Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) təkcə şəhərsalma və urbanizasiya məsələlərinin müzakirə olunduğu beynəlxalq platforma deyil, həm də Azərbaycanın yeni geosiyasi və geoiqtisadi statusunun dünyaya təqdim olunduğu strateji hadisəyə çevrilib. İqlim dəyişikliklərinin təsirləri və havanın qeyri-sabitliyinə baxmayaraq, forumun yüksək səviyyədə təşkili və 40 mindən artıq iştirakçının Bakıya toplaşması göstərir ki, Azərbaycan artıq qlobal tədbirlərin keçirilməsi baxımından dünyanın əsas diplomatik mərkəzlərindən birinə çevrilməkdədir. Cənab Prezident İlham Əliyevin forumdakı çıxışında məhz bu reallıqlara diqqət çəkərək Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi bərpa-quruculuq strategiyasını, dayanıqlı inkişaf modelini və gələcək şəhər konsepsiyasını beynəlxalq auditoriyaya təqdim etdi”.
Bunu Hakimiyyet.az -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Onun sözlərinə görə, Forum bird aha onu göstərir ki, Azərbaycan artıq yalnız regional siyasi aktor deyil, qlobal dialoq və əməkdaşlıq platformasına çevrilib. “Forumun yüksək səviyyədə təşkili isə Azərbaycanın böyükmiqyaslı beynəlxalq tədbirlərin keçirilməsində qazandığı təcrübənin və idarəçilik imkanlarının növbəti nümayişidir”, - o vurğulayıb.
Deputat bildirib ki, Prezident İlham Əliyev çıxışında xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma işlərinə toxunaraq Azərbaycanın işğaldan azad edilmiş ərazilərində “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası əsasında tamamilə yeni urbanizasiya modeli yaradıldığını vurğulayıb:
“Dövlət başçısı qeyd etdi ki, bu ərazilərdə bütün layihələr yaşıl enerji, rəqəmsal idarəetmə və dayanıqlı inkişaf prinsiplərinə uyğun şəkildə həyata keçirilir. Bu mesaj əslində Azərbaycanın yalnız dağıdılmış bölgələri bərpa etmədiyini, eyni zamanda gələcəyin şəhər modelini qurduğunu göstərir.
WUF13 çərçivəsində keçirilən müzakirələrin əsas mövzuları - iqlim dəyişikliyi, mənzil böhranı, şəhərlərin dayanıqlı inkişafı, böhran sonrası bərpa, rəqəmsal urbanizasiya və yaşıl iqtisadiyyat- Azərbaycanın qarşıya qoyduğu strateji inkişaf hədəfləri ilə tam uyğunluq təşkil edir. Bu baxımdan forum Bakının qlobal urbanizasiya gündəliyində söz sahibi olmaq iddiasını ortaya qoyur.
Prezident İlham Əliyevin forumda səsləndirdiyi əsas mesajlardan biri də Azərbaycanın postmünaqişə dövründə yaratdığı yeni reallıqlar idi. Dövlət başçısı vurğuladı ki, azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, yeni şəhərlər salınır, infrastruktur yenidən qurulur və region müasir inkişaf modelinə uyğun transformasiya edilir. Bu isə beynəlxalq investorlar və maliyyə institutları üçün yeni iqtisadi imkanlar yaradır.
Əslində WUF13 Azərbaycanın iqtisadi strategiyası baxımından da mühüm platformadır. Forumda iştirak edən beynəlxalq şirkətlər, investorlar və urbanistika üzrə ixtisaslaşmış qurumlar Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələrə xüsusi maraq göstərirlər. “Ağıllı şəhər”, yaşıl enerji, rəqəmsal texnologiyalar, logistika, infrastruktur və turizm layihələri gələcəkdə regiona xarici investisiyaların cəlb olunmasını sürətləndirə bilər.
Forumun geoiqtisadi əhəmiyyəti Azərbaycanın tranzit və logistika imkanları ilə də birbaşa bağlıdır. Prezident İlham Əliyevin çıxışında Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində oynadığı rola diqqət yetirməsi təsadüfi deyildi. Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan gələcəkdə regionun əsas iqtisadi və logistika mərkəzlərindən birinə çevrilmək niyyətini açıq şəkildə nümayiş etdirir. WUF13 isə bu strategiyanın beynəlxalq auditoriyaya təqdim edilməsi üçün mühüm imkan yaratdı”.
Deputat onu da qeyd edib ki, Forum Azərbaycanın beynəlxalq nüfuzunun güclənməsi baxımından da mühüm əhəmiyyət daşıyır: “Dünyada geosiyasi qarşıdurmaların və iqtisadi qeyri-sabitliyin artdığı bir vaxtda Bakının belə böyük beynəlxalq tədbirə uğurla ev sahibliyi etməsi ölkənin sabitlik, təhlükəsizlik və əməkdaşlıq məkanı kimi qəbul olunmasını daha da gücləndirir. Bu isə Azərbaycanın həm siyasi, həm iqtisadi, həm də diplomatik imkanlarını genişləndirir.
Turizm aspektindən də WUF13 mühüm dividendlər vəd edir. Minlərlə xarici nümayəndənin Bakıya gəlməsi Azərbaycanın beynəlxalq tədbirlər turizmi sahəsində mövqeyini möhkəmləndirir. Eyni zamanda Qarabağ və Şərqi Zəngəzurun gələcək turizm potensialının beynəlxalq auditoriyaya təqdim olunması həmin bölgələrin qlobal tanıtımına xidmət edir.
Forum çərçivəsində keçirilən dialoqlar, assambleyalar və dəyirmi masalar göstərir ki, müasir şəhərsalma artıq yalnız memarlıq və infrastruktur məsələsi deyil, həm də geosiyasət, iqtisadiyyat, sosial inkişaf və təhlükəsizlik məsələsidir. Azərbaycanın bu proseslərin mərkəzində yer alması isə ölkənin qlobal gündəlikdə artan rolunun göstəricisidir.
Nəticə etibarilə, WUF13 Bakıda keçirilən adi beynəlxalq forum deyil. Cənab Prezident İlham Əliyevin çıxışı fonunda bu tədbir Azərbaycanın yeni geosiyasi statusunun, postmünaqişə inkişaf modelinin və gələcək iqtisadi strategiyasının dünyaya təqdimatı kimi qiymətləndirilə bilər. Qlobal şəhər gündəliyinin gələcək konturlarının məhz Bakıda formalaşdırılması isə göstərir ki, Azərbaycan artıq yalnız regionun deyil, daha geniş beynəlxalq məkanın inkişaf istiqamətlərinə təsir edən əsas aktorlardan birinə çevrilir”.
Mürtəza