RU

Qırğız Prezidenti: Bu forum urbanizasiya üçün dünyaya unikal platforma təqdim edir

BAKI, 18 may. TELEQRAF

Mənzil siyasəti, təhlükəsiz və dayanıqlı şəhərlər məsələlərinə həsr olunan bu forum urbanizasiya, dayanıqlı inkişaf, iqlim dəyişikliyi və mənzil əlçatanlığı mövzularının müzakirəsi üçün dünyaya unikal platforma təqdim edir.

Teleqraf xəbər verir ki, bu barədə Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimi çərçivəsində Liderlərin Bəyanatı zamanı bildirib.

O qeyd edib ki, dağlıq ölkə olaraq Qırğız Respublikası dağ regionlarının dayanıqlı inkişafına xüsusi əhəmiyyət verir:

“BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, dağlar dünyada yaşayan 1,1 milyard dağ sakininin həyatını və rifahını birbaşa dəstəkləməklə yanaşı, həm də dağətəyi ərazilərdə yaşayan milyardlarla insana dolayı yolla fayda verir.

Təəssüf ki, buzlaqların əriməsi, iqlim dəyişikliyi, əhali miqrasiyası və ekosistemlərə artan təzyiq yüksək dağlıq və dağətəyi bölgələrdə yerləşən şəhərlərə mənfi təsir göstərir.

Kiçik olmasına baxmayaraq, zəngin tarixə və özünəməxsus mədəni xüsusiyyətlərə malik bu şəhərlər çoxsaylı problemlərlə üzləşirlər. Dağ şəhərlərinin dayanıqlı inkişafını təmin etmək üçün diqqətinizi üç əsas istiqamətə yönəltmək istərdim. Birinci istiqamət ekosistem dayanıqlığının təmin edilməsidir. Biz dağ ekosistemlərinin həssaslığını nəzərə alan inteqrasiya olunmuş şəhər idarəetmə strategiyalarının hazırlanmasının tərəfdarıyıq”.

O əlavə edib ki, xüsusilə buzlaq sularının azalmasına uyğunlaşma və suya qənaət texnologiyalarının tətbiqi həyati əhəmiyyət daşıyır.

“Bundan əlavə, tullantıların toplanması, emalı və utilizasiyası üzrə ekoloji cəhətdən təhlükəsiz sistemlərin hazırlanması və tətbiqi, həmçinin təbii landşaftların çirklənməsinin qarşısının alınması vacibdir. Biz həmçinin yerli, ekoloji təmiz materiallardan istifadənin, enerji səmərəli texnologiyaların və dağ şəraitinə uyğunlaşdırılmış zəlzələyə davamlı layihələndirmənin xüsusi əhəmiyyət kəsb etdiyini düşünürük.

İkinci istiqamət dağ urbanizmi üçün innovasiyalardır. Buraya bələdiyyə xidmətlərinin, nəqliyyat və enerji təchizatı sistemlərinin rəqəmsallaşdırılması da daxil olmaqla, dağlıq bölgələrin spesifik xüsusiyyətlərinə uyğun “ağıllı” texnologiyaların inkişafı daxildir.

Qırğız Respublikasının təcrübəsinə əsaslanaraq hesab edirik ki, enerji müstəqilliyini təmin etmək və emissiyaları azaltmaq üçün dağlıq bölgələrdə hidroenerji və günəş enerjisi potensialından maksimum istifadə edilməlidir. Əlbəttə, təbii fəlakətlərə davamlı nəqliyyat şəbəkələrinin yaradılması və erkən xəbərdarlıq sistemlərinin inkişafı da eyni dərəcədə vacibdir.

Üçüncü istiqamət insan kapitalı və mədəni irsdir. Dağ şəhərləri yalnız təbiət deyil, ilk növbədə insanlardır. Buna görə də biz vətəndaşlarımız və qonaqlarımız üçün rahat yaşayış və iş şəraitinin yaradılmasına çalışırıq. Buraya təhsil və sosial infrastrukturun, turizm marşrutları və obyektlərinin inkişafı, eləcə də “rəqəmsal köçərilər” konsepsiyasına dəstək daxildir”.

Избранный
15
teleqraf.com

1Источники