RU

İqlim dəyişmələrinin ağır təbii fəsadları Bakıda bir daha göründü...



Rövşən Abbasov: “İqlim dəyişmələrinin ağır təbii fəsadlarının yenidən müşahidə olunması onu göstərir ki...”

Bakının ev sahibliyi ilə Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) öz işini davam etdirir. WUF13-də müzakirə edilən əsas mövzulardan biri qlobal iqlim dəyişmələri ilə bağlıdır. Hazırda qlobal iqlim dəyişmələri, onun yaratdığı fəsadlar, çıxış yolları mövzusu gündəmdədir. Bu gün Azərbaycanda və regionda yağan yağışlar qlobal iqlim dəyişikliyinin nəticəsi olaraq qeyd edilir. Qlobal iqlim dəyişmələrinin ağır təbii fəsadları son günlər özünü göstərməkdədir.

Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri, ekoloq Rövşən Abbasov baki-xeber.com-a bildirdi ki, Bakıda keçirilən World Urban Forum 13 çərçivəsində iqlim dəyişmələri və şəhərlərin dayanıqlılığı məsələlərinin geniş müzakirə olunması təsadüfi deyil. “Son illərdə müşahidə olunan intensiv yağışlar, sel hadisələri, anomal hava şəraiti və temperatur dəyişiklikləri qlobal iqlim dəyişmələrinin regionumuza təsirinin artıq praktik şəkildə hiss olunduğunu göstərir.

Bu gün Azərbaycanda və region ölkələrində yağan intensiv yağışlar bir çox hallarda qlobal iqlim dəyişmələrinin nəticəsi kimi qiymətləndirilir. Atmosferdə temperaturun artması daha çox buxarlanma yaradır, nəticədə havada rütubətin miqdarı artır və qısa müddətdə daha güclü yağıntılar baş verir. Bu isə şəhərlərdə daşqın riskini artırır.

Bakıda iqlim dəyişmələrinin ağır təbii fəsadlarının yenidən müşahidə olunması onu göstərir ki, şəhər infrastrukturu və urbanizasiya siyasəti yeni iqlim reallıqlarına uyğunlaşdırılmalıdır”.

R.Abbasov qeyd etdi ki, xüsusilə yağış sularının idarə olunması sistemlərinin gücləndirilməsi, yaşıllıq ərazilərinin artırılması, keçirici səthlərin genişləndirilməsi və iqlimə davamlı şəhər planlaşdırılması artıq vacib prioritetlərdən biridir. “Bu baxımdan WUF13 kimi beynəlxalq platformalarda Bakı üçün iqlimə davamlı və dayanıqlı şəhər yanaşmalarının müzakirəsi xüsusi əhəmiyyət daşıyır”-deyə R.Abbasov vurğuladı.

İradə SARIYEVA

Избранный
15
baki-xeber.com

1Источники