RU

Sabir Rüstəmxanlı ilə müsahibə

Salam, hörmətli Sabir bəy.

Sabir Rüstəmxanlı ömrünün 80-ci ildönümündə bir yaradıcı insan olaraq özündən razıdırmı?

Çətin sorudur. İnsan yalnız bütün düşüncələrini, ideyalarını, xəyalında tutduğu konuları yazıb bitirsə özündən razı ola bilər. Bu, mümkünsüz bir işdir. Çünki, yaş artdıqca yazmaq istədiklərin də artır. Hər bitirdiyin kitabdan yeni əsərin ideyası cücərir. Bir də ki, mənim ömrümün bir hissəsi 1988-ci ildən başlanan milli-azadlıq hərəkatına, ilk müstəqil, demokratik qəzetimizin buraxılmasına, yeni bağımsızlıq qazanmış respublikanın qanun yaradıcılığına, mətbuat və informasiya işinin təşkilinə, Ermənistanın işğalçılıq siyasətinin dünya ölkələrinə çatdırılmasına, ana dilimizin qorunmasına, xaricdə diasporumuzun güclənməsinə sərf olundu. Bu, çox və müxtəlif işlə eyni zamanda məşğul olmaq öz-özlüyündə bir xöşbəxtlikdir. Amma bir yazar olaraq mənim bir çox kitablarım bu işlərə qurban getdi; zamanımın böyük bir hissəsini ədəbiyyata sərf edə bilmədim.

Sizin şeirlərinizdə və əsərlərinizdə vətən, qan yaddaşı, kimlik, şəxsiyyət kimi mövzular aparıcı xəttdir. Bəs müasir Azərbaycan ədəbiyyatında, poeziyasında bu mövzunun ifadə forması sizcə necə dəyişib?

Sovetlər Birliyinin tərkibində olsaq da ötən əsrin 60-80-ci illəriAzərbaycanda Milli intibah dövrü sayıla bilər. Ali məktəblərdə, ədəbiyyat gecələrində, şeir məclislərində ən çox müzakirə olunan bölünmüş Azərbaycan xalqının və türk dünyasının problemləri və gələcəyi idi. Ana dilinin Konstitusiyaya dövlət dili kimi salınması, tarixi əsərlərin yaradılması yeni nəsli millətin mənəvi dəyərlərinə bağlayırdı. Mənim “Gəncə qapısı” kitabım Gəncə adının yasaqlandığı, “Sağ ol, ana dilim” kitabım dilimizinn rəsmi məclislərdən kənarlaşdırıldığı, “Qan yaddaşı” kitabım millətin tarixinin unutdurub onun Cənubi Qafqazda yeni yaranmış bir millət kimi təqdim edildiyi, genetik bağların qoparıldığı bir vaxtda yazılıb, yayımlanmışdı. “Ömürkitabı” adlı əsərim milli azadlıq hərəkatınınideoloji təməllərindən biri olmuşdur. Təvəzökarlıqdan kənar olsa dabunları deməliyəm. İndi Azərbaycan müstəqildir. Gənclərin ictimai-siyasi həyata bizim nəsil qədər yaxından müdaxiləsinə ehtiyac qalmır. Mən 30 il millət vəkili oldum. Amma indiki nəsil ən çox “ədəbiyyat vəkilləri” kimi yaşayırlar. Ədəbi axtarışlara, yeni yaradıcılıq metodlarına yiyələnmək üçün gen-bol vaxtları var. Hər kəsin siyasətlə ədəbiyyat arasında seçim etmək imkanı var.

Sovet dövründə yazmaqla müstəqillik dövründə yazmaq arasında sizin üçün ən böyük fərq hansıdır?

Bu suala qismən cavab verdim. Sovet dövründə ədəbi əsərlər senzuradan keçirdi. İndi senzura yoxdur. Senzura bir sıra milli ideyaları əsərlərin alt qatına keçirilməsinə səbəb olurdu. İndi müəlliflər senzurasız, daha açıq və təəssüf ki, bəzən daha tərbiyəsiz yazırlar.

İndiki ictimai prosseslərdə ədəbiyyatın təsir gücü nə qədərdir?

Ədəbiyyatın ictimai proseslərə təsiri getdikcə zəifləyir. Hakimiyyət orqanları hər zaman ədəbiyyatdan ehtiyat edir, ona qısqanclıqla yanaşır,ondan çəkinir və onun geniş yayılmasına maraq göstərmirlər.Buna görə də ədəbiyyata rəsmi diqqət zəifdir;kitablar az tirajla çap olunur və çox zaman bölgələrdəki kitabxanalara gedib çata bilmir. Əvəzində sosial medianın təsiri artıb və sosial mediada yayılan ədəbiyyatisə arzuolunan səviyyədə deyil.

Azərbaycançılıq ideyasını sizin yaradıcılığınızda formalaşdıran nə oldu, mühit, şəxsi düşüncə və ya ailə?

Üçü də bir yerdə. Ailə erkən yaşlarında həm də bizə türklüyümüzü və umumtürk folklorunu öyrədib. Ona görə də mən də, Məmməd Əmin Rəsulzadənin dediyi kimi, azərbaycançılıqla türkçülük arasında ciddi fərq görməmişəm. Lakin sovet dövründə azərbaycançılıq daha qabarıq və bəzən də türkçülüyü unutdurmaq üçün təbliğ edilirdi.Düşüncələrimizin biçimlənməsində yuxarıda dediyim kimi, ötənəsrdə Stalindən sonrakı “yumşalma” sürəcinin də etkisi olub.

Bir şair üçün azadlıq nədir?

Şair üçün şəxsi azdlıqdan daha önəmli olan millətinin azadlığıdır, millət azad deyilsə başqa hər şey dəyərini itirir.

Bir də azadlıq deyiləndə sözünü pərdələmədən deyə bilməyi və tarixi torpaqlarımızı sərbəst gəzib görə bilməyi düşünürük.

Sosial şəbəkə dövründə şair olmaq sizcə asanlaşıb, yoxa əksinə?

Əksinə, çətinləşib. Çünki, şeir adına sosial şəbəkədə yayılan söz yığınları əsil şeirin meydanını daraldır.

Ədəbiyyatda hansısa sevdiyiniz bir klassiklə danışa bilsəydiniz, ona nə demək istəyərdiniz?

Nəsimiyə deyərdim ki, sənin o böyük insanının sonrakı taleyi niyə bu qədər acınacaqlıdır? Niyə o, “Allahın zərrəsi” olduğunu unutdu və daha çox şeytana meyl etməyə və bir-birini qırmağabaşladı?! Bir də Mirzə Cəlilə deyərdim ki, “sağ ol, ustad. Sən “Ölülər”də Şərqin klassik və dəyilişməz mənzərəsini yaratmısan.

Zaman sizi dəyişdi, yoxsa siz zamana müqavimət göstərdiniz?

Mən heç vaxt zamanın dalınca sürünməyə, onun diqtəsiylə yazmağa çalışmamışam. Əksinə onu qabağlamağa çalışmışam. Buna görə də nə zaman necə yaşa dolduğumu da hiss etmədim. Kainatın zaman sayğacı yoxdur. Onu insan Günəşin və Yerin hərəkətinə uyğun müəyyənləşdirib. Buna görə də ilin bölgülərinə uyğun yaşamaq sadəlövhlükdür.. Biz zahirən dəyişilirik. Başqa dəyişilən bir şey yoxdur.

Yaradıcılığınızın dönüş nöqtəsi saydığınız əsər və ya dövr hansıdır?

1985-ci ildə yazıb 1988-ci ildə nəşr etdirdiyim “Ömür” kitabı.

Yazdığınız hansı şeir və ya sətir illər sonra da olsa sizi hələ də təəccübləndirir?

19 yaşımda yazdığım “Vətən” şeiri.

Əsərlərinizdən birini bu gün yenidən yazası olsaydınız bu hansı əsər olardı və niyə?

“Ömür” kitabı”nın Güney Azərbaycana həsr olunan ikinci

hissəsini yazardım.

Ədəbiyyatımızda hansı daha güclüdür, qələbə, yoxsa yaşadığımız itkilərin xatirəsi?

Məncə müharibənin gətirdiyi faciələr haqqında daha çox yazılır və daha çox yazılmalıdır. Qələbə böyük siyasi-hərbi, psixoloji üstünlükdür. Lakin 30 illik işğalın yaraları daha dərindir və hələ uzun müddət sağalmayacaq.

Siz şeir yazarkən tarixlə dialoq qurursunuz, yoxsa tarix yazırsınız?

Mən şeirdə tarix yazmıram. Tarixlə dialoq qururam və daha çox qan yaddaşımızı diriltməyə çalışıram.

Ömür kitabına” bu gün əlavələr etsəydiniz bu nə olardı və o bölmənin adını nə qoyardınız?

“Sərhəd çəkilməklə millət ayrılmaz”

Sabir Rüstəmxanlının hələ də yazılmamış, mütləq yaratmalıyam dediyi əsər və ya bədii qəhrəman?!

İndi yazdığım “Xatirələrim” də öz obrazımı yaradıram. Ömür vəfa etsə fantastik bir əsər yazmaq istəyirəm. İnsanın yer üzünədoğuluşu və bu gün öz əli ilə yaratdığını məhv etmə ehtirası haqqında.

Qarabağ mövzusu illər boyu sizin yaradıcılığınızda hansı mərhələlərdən keçdi? Qalib ölkənin Xalq şairi olmaq necə bir duyğudur?

“Qarabağ” “Ömür kitabı” nın ayrıca bir fəslidir. Sonra itirilmiş torpaqlarımız və yaşadığımız faciələr haqqında silsilə şeirlərim var. Lakin bu şeirlərin heç birində ümidsizlik yoxdur. Xocalı haqqında şeirimdə dediyim kimi; “ Tək bir nəfər də qalsaq, dönəcəyik Xocalı.”Avropanın bizi məğlubiyyətimizlə barışdırmağa çalışdığı illərdə:

“Çəkil torpağımdan ey yağı düşmən,

Mən şeytan ümidin üzən millətəm.”-deyib işğalçılara meydan oxumuşam. “ Savaş bitməyib hələ” adlı qələbə savaşının gələcəyi ümidi ilə yazılmış poemam var. Zəfərimiz haqqında ən ciddi poetik əsərlərdən sayılan “Qarabağa dönüş” adlı poema bu yazdıqlarıma yekun vurub.

Sizcə şair cəmiyyətin taleyində iştirak edən şəxsdir, ya onu sözə çevirən şahid?

Mən heç zaman şahid qismində olmaq istəməmişəm. Bu mənim xarakterimə ziddir. Mən hadisələrin içində tarixə yön verən milli qüvvələrin mərkəzində və ya önündə olmağa çalışmışam. Şair hər şeydən öncə öz ölkəsinin vətəndaşıdır. Həm sözü, həm də əməli ilə millətlə bir səngərdə olmağıbacarmalıdır.

Əgər şair , yazıçı olmasaydınız hansı sənəti seçərdiniz?

Ya matematika alimi ya da müəllim olardım.

Bu gün oxucu ilə şair arasında məsafə necədir?

Hamı oxucu ilə şairin bir-birindən uzaqlaşdığını düşünür. Amma mən belə düşünmürəm. Hər şairin öz oxucusu var. Onu özü qazanmalıdır.

Sizi bu gün də yazmağa məcbur edən o daxili qüvvə nədir?

Sevgi.

Bir misra ilə həyat fəlsəfənizi ifadə etsəydiniz bu hansı misra olardı?

- “Mən qaya yazısı, qan yaddaşıyam.”

Müasir gənc şair və yazıçılara baxanda Azərbaycan ədəbiyyatının gələcəyi haqqında nə düşünürsünüz?

Azərbaycanın mədəniyyətinin də, ədəbiyyatının da daha parlaq gələcəyinə inanıram, Çünkibiz istedadlı xalqıq. Nə qədər sıxıntılar olsa da bu millət hər zaman öz içindən dünyanın ən ağıllı adamları sırasında yer tuta bilən dahilər yetişdirəcək.

Sabir Rüstəmxanlı öz 80 illik ömür yolunu düşünəndə nəyə sevinir, nəyə təəssüflənir?

Sevinirəm ki, daim çalışmışam, sevmişəm-sevilmişəm, gözəl ailəm və uşaqlarım, ardımca gələn böyük bir nəsil, minlərlə silahdaşım və əqidədaşım var. Torpaqlarımızı işğaldan azad etmişik. Kədərlənirəm ki, “yolun sonu görünür.”

Son olaraq oxuculara və gənc nəsillərə nə demək istəyərsiniz?

Həyatın qədrini bilin. İnsanı sevin. Vətəniniz və millətinizlə qürur duyun. Xalqımızın ləyaqətini hər yerdə uca tutmağa çalışın.

Təşəkkür edirəm, Sabir bəy. Verdiyiniz cavablar o qədər səmimi, gözəl və mükəmməldir ki, sizi bir ustad kimi yenidən kəşf etdim, yenidən dəyərləndirdim. Məncə yolun əvvəlidir... SİZ Azərbaycan xalqı üçün, Türk dünyası üçün əvəzsiz bir şəxsiyyətsiniz. Bunu tarix də isbat edəcəkdir. Qarşıda gələn 80 illik yubileyinizi ürəkdən təbrik edir, sizə uzun və sağlam ömür arzu edirəm. Çox yaşayın, bizim və dünyamızın yaxşı insanlara ehtiyacı böyükdür...

Hazırladı:

Aysel Xanlarqızı Səfərli

Избранный
17
1
turkustan.az

2Источники