RU

“Yalnız ailə ilə qəbul edirik” deyən restoran sahiblərinə XƏBƏRDARLIQ – Qanun deyir ki…

Bakıda və digər şəhərlərdə bəzi restoranların “ailəvi məkan” adı altında tək gələn kişiləri içəri buraxmaması uzun illərdir müzakirə mövzusudur. Bir çox hallarda müştərilərə “yalnız ailə ilə qəbul edirik” cavabı verilir.

Bəs bu yanaşma qanunidirmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Turan Abdullazadə bildirib ki, Azərbaycan qanunvericiliyinə əsasən insanların cinsinə görə ayrı-seçkiliyə məruz qalması yolverilməzdir.

Vəkil

Onun sözlərinə görə, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi dövlətin hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verdiyini açıq şəkildə təsbit edir:

“Konstitusiyada insanların hüquqlarının cinsinə görə məhdudlaşdırılması birbaşa qadağan olunur. Restoran isə kütləvi xidmət müəssisəsidir və hər kəsə eyni şərtlərlə xidmət göstərməlidir. Mülki hüquqda bu, publik müqavilə prinsipi adlanır.

“Ailəvi restoran” anlayışı hüquqi termin deyil və bəzi hallarda cinsə görə ayrı-seçkiliyi əsaslandırmaq üçün istifadə olunur. Beləliklə, tək gələn şəxsi yalnız cinsinə görə geri çevirmək Konstitusiyanın 25-ci maddəsinin pozulması hesab edilir”.

Turan Abdullazadə əlavə edib ki, Avropa hüququnda da bu məsələ ilə bağlı yanaşma kifayət qədər sərtdir. Onun sözlərinə görə, Avropa İttifaqının 2004/113/EC nömrəli direktivi mallara və xidmətlərə çıxış zamanı kişi və qadınlar arasında bərabər rəftarı məcburi edir:

“İstər qadın, istərsə də kişi olsun, hər kəs bank, hotel və restoran kimi obyektlərə eyni hüquqlarla daxil olmaq imkanına sahibdir. Almaniya, İngiltərə və Fransa kimi ölkələrdə bu cür siyasət tətbiq edən müəssisələr məhkəməyə verilib və cərimələniblər. Avropada “yalnız cütlükləri qəbul edirik” yanaşması belə hüquqi məsuliyyət yarada bilir”.

Hüquqşünasın fikrincə, həm Azərbaycan, həm də Avropa hüququ baxımından məsələ ilə bağlı nəticə eynidir. Bir şəxsin yalnız cinsinə görə restorana buraxılmaması qanunsuzdur.

Müşviq Tofiqoğlu
KONKRET.az

Избранный
15
1
konkret.az

2Источники