İşğaldan azad olunmuş ərazilərdə yeni idarəetmə modelinin qurulması çərçivəsində gələcəkdə bələdiyyələrin fəaliyyəti də "ağıllı şəhər" konsepsiyası əsasında təşkil olunacaq.
Ölkə.az xəbər verir ki, bunu Prezident yanında İdarəçilik Akademiyasının müəllimi Xalidə Məlikova Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Region Bələdiyyələrin Urbanizasiyası Forumu"nda deyib.
Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri çərçivəsində gələcəkdə bələdiyyə institutunun formalaşdırılması mühüm istiqamətlərdən biri hesab edilir.
"Həmin ərazilərdə fəaliyyət göstərəcək bələdiyyələrin əsas məqsədi yerli əhalinin sosial problemlərinin həllinə dəstək olmaq, daha operativ və səmərəli xidmətlər təqdim etmək, infrastruktur layihələrini yeni formatda həyata keçirmək və bölgənin dayanıqlı inkişafını təmin etmək olacaq. İşğaldan azad olunmuş ərazilərdə tətbiq edilən "ağıllı şəhər" və "ağıllı kənd" yanaşmaları gələcək yerli idarəetmə modelinin formalaşmasına da təsir göstərəcək".