Fransada yetkinlik yaşına çatmayan qızların cinsi istismarı və fahişəliyə cəlb edilməsi şəbəkəsi qurmaq ittihamı ilə mühakimə olunarkən həbsxanada ölü tapılan Cefri Epşteynlə bağlı işin Fransa qolu üzrə aparılan təhqiqatda yeni zərərçəkmişlərin olduğu məlum olub.
"Cebheinfo.az" xəbər verir ki, Paris Respublika prokuroru Lor Bekkuo "RTL" radiosu və "Public Senat" kanalının birgə yayımladığı "Grand Jury" proqramında prokurorluğun keçən il ABŞ ictimaiyyəti ilə paylaşılan 3 milyondan çox Epşteyn sənədi ilə əlaqədar apardığı genişmiqyaslı təhqiqatdakı yenilikləri dəyərləndirib.
Prokuror Bekkuo sənədlərin dərcindən sonra Epşteynin Fransa qolunun araşdırıldığı "insan alveri" təhqiqatı çərçivəsində 20-yə yaxın zərərçəkmişin müəyyən edildiyini, bu şəxslərdən təxminən 10-nun əvvəllər məlum olmayan yeni adlar olduğunu bildirib.
Bekkuo müəyyən edilən şəxslərin yarısının, adı Epşteyn sənədlərində keçən müxtəlif model agentliklərinin keçmiş rəhbərləri Jan-Lük Brunel və Jerald Marinin qurbanları olduğunu xatırladıb.
Bu şəxslərdən bəzilərinin xaricdə olduğunu qeyd edən prokuror Bekkuo təhqiqatla bağlı beynəlxalq hüquqi yardım tələb etdiklərini diqqətə çatdırıb.
ABŞ Ədliyyə Nazirliyi yanvar ayında Epşteynlə bağlı yeni sənədləri ictimaiyyətə açıqlamış, siyasət və iş dünyasından bir çox məşhur simanın adının yer aldığı qovluqlar böyük əks-səda doğurmuşdu.
Paris Prokurorluğu sənədlərdə adıkeçən bəzi şəxslərin Epşteynlə əlaqələrinin araşdırılması üçün təhqiqat başlatmışdı.