Ayna saytına istinadən ain.az xəbər verir.
“Ən təhlükəlisi isə budur: insanlar məhsuldan istifadə etdiyini düşünür, halbuki əsl məhsul onların özü olur - davranışı, emosiyası, reaksiyası və şəxsi datası”
“Deməli, belə bir mövzu haqda danışmaq istəyirəm. Neçə vaxtdı “TikTok”da blogerlərin “online” iş videoları qabağıma çıxırdı. Sonra bir xanım yazmışdı ki, ““online” iş deyib qızları “Sugo”ya yönləndirirsiniz”. Maraq üçün proqramı yüklədim. Qeydiyyatdan keçən saniyə dayanmadan mesajlar gəldi. Fikirləşdim, bot olar yəqin. Bir nəfərlə danışdım, o da düz fikirləşdiyimi təsdiqlədi. Yazan hamısı qızdı, bundan əmin ola bilərsiz. İndi mənə yenə deyəcəksiniz ki, nəyinə lazım camaat pulunu qazanır. Amma and içsım də, inandıra bilmərəm ki, xəbərimiz də olmadan sizin də evinizdən kimsə gizlin bura girə bilər - "pula görə". Onsuz da öz şəkilləri deyil, sadəcə oğlanlara cəlbedici sözlər yazıb həmsöhbət olurlar, nəyəsə uyğun faiz alırlar. Fikirləşin görün bu necə pis fəsadlara yol açır?”. AYNA.AZ xəbər verir ki, bu sözləri Salman Əlisoy adlı vətəndaş “Facebook” səhifəsində yazıb.
Vətəndaş sosial mediada tez-tez qarşımıza çıxan “Sugo” reklamlarının fəsadlarının böyük ola biləcəyini düşünür: “Çoxuna qalsa, hamı öz evinin içinə cavabdehdi, amma evinin içindəkinə də çöldən müdaxilə ola bilir. Pula ehtiyac var deyə bu millətin qızların pozğunluğa sövq edən hər kəs birbaşa şərəfsizdi. Bunun reklamını edən bütün blogerlər də şərəfsizdi”.
Vətəndaş daha sonra bir səs yazısı paylaşıb. Paylaşımda bir qadın 13 yaşlı qızının bu “işə” cəlb olunduğunu, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət etdiyini deyib. Narahat olan qadın deyir ki, “Sugo”ya qoşulan qızının hərəkətlərində, davranışında dəyişiklik olub. Və təsdiqləyir ki, “Sugo”dakı qızlar bot yox, real insanlardır.

Yazar, "Laboratory of Art" həvəskar incəsənət toplumunun layihə rəhbəri Fərid Nəsibzadə isə problemin texnoloji tərəfini detallı izah etməyə çalışıb.
Qeyd edib ki, son vaxtlar bəzi sosial tətbiqlərin, xüsusilə də canlı yayım və anonim ünsiyyət platformalarının (çox rast gəldiyimiz "SUGO" və digər online tanışlıq proqramlarının) aqressiv şəkildə yayılması diqqət çəkir: “Maraqlıdır ki, bu platformaların bir çoxunda əsas “marketinq aləti” kimi emosional manipulyasiya, süni yaxınlıq hissi və xüsusilə yeniyetmələrin diqqətindən istifadə olunur.
Bu artıq klassik reklam modeli deyil.
Burada işləyən sistem “attention economy” - yəni insan diqqətinin kommersiyalaşdırılması modelidir. Platforma ilk mərhələdə istifadəçiyə:
emosional maraq,
virtual yaxınlıq,
sosial təsdiq,
“kimsə səni gözləyir” hissi verir və daha çox istifadəçi yığaraq daxilində müəyyən potensial müştəri bazası yığaraq bu və ya digər məhsul/xidmət reklamları edə bilir.
Sonra isə insanı tətbiq daxilində daha çox saxlamaq üçün:
alqoritmik manipulyasiya,
bot və ya yarı-real profillər,
coin/gift sistemi,
notification bombardmanı,
süni aktivlik görüntüsü
işə düşür.
Ən maraqlı və düşündürücü tərəf isə budur: bu sistemlərin bir çoxu texniki olaraq çox qapalı işləyir. Serverlərin harada yerləşdiyi, məlumatların kim tərəfindən idarə olunduğu, real sahiblik strukturu çox zaman şəffaf olmur.
Bəzi platformalar:
“proxy” və “relay” infrastrukturları,
IP maskalama texnologiyaları,
CDN və “multi-routing” sistemləri,
anonim “hosting” xidmətləri,
“offshore” qeydiyyatlar
vasitəsilə real idarəetmə nöqtələrini gizlədə bilir. Bu isə kibertəhlükəsizlik dünyasında artıq “sadə sosial tətbiq” yox, potensial data toplama və davranış idarəetmə mexanizmi kimi qiymətləndirilir”.
“Darknet və qaranlıq şəbəkə texnologiyaları bizə öncələr əfsanə kimi gəlirdi, amma artıq "dark" tərəfi üzə çıxır. Və reallıq budur ki, müasir rəqəmsal manipulyasiya üçün açıq internetin özündə də insan psixologiyası, data analizi və anonim texnologiyalar üzərindən çox böyük sistemlər qurulur”, - deyə bildirib.
F.Nəsibzadə daha sonra qeyd edib: “Ən təhlükəlisi isə budur: insanlar məhsuldan istifadə etdiyini düşünür, halbuki əsl məhsul onların özü olur - davranışı, emosiyası, reaksiyası və şəxsi datası. Bu tip tətbiqlərin arxasında isə çox yaxşı maddi resursları olan şəbəkələr dayanır və bu şəbəkələrin uzantıları sosial şəbəkələrdəki yerli profillərəcən gedib çıxır. Bu adamlar çox hazırlıqlıdır. Sistemləri güc strukturları tərəfindən çökdürlərsə bəzi xırda qurbanlar verərək, canlarını qurtarıb yeni sistemlər qurmaq üçün hazırlıqlıdır”.
“Texnologiya düşmən deyil. Amma insan psixologiyasını və xüsusilə gənclərin, yeniyetmələrin diqqətini kommersiya obyektinə çevirən sistemlərə qarşı savadlı olmaq artıq seçim yox, zərurətdir”, - deyə yazar fikrini tamamlayıb.

Gülnar Nəsibli adlı vətəndaş isə yazıb: “Vaxtilə bu mövzu ilə bağlı yazmışdım, yenə qeyd edirəm: reklam bazarında ciddi nəzarət problemi var. Küçədəki kiçik reklam lövhələrinə cərimə tətbiq olunur, amma sosial şəbəkələrdə yayılan bayağı və etikadan uzaq reklamlara nəzarət edən yoxdur. Bu gün “asan pul” adı altında, xüsusilə qadın bədəni üzərindən qurulan reklamlar sürətlə yayılır. Halbuki kənd həyatı, əkin-biçin, ferma fəaliyyəti, sağlam qidalanma və zəhmətlə qazanılan uğuru göstərən məzmunlar demək olar ki, görünmür. Uşaqlarınızın telefonuna nəzarət edin! Əvvəllər sosial şəbəkələrdə əsasən qumar oyunları reklam olunurdu. Bu gün isə vəziyyət daha təhlükəli istiqamət alıb. Azyaşlıların istismarına şərait yaradan, insanları mənəvi və psixoloji manipulyasiyaya sürükləyən məzmunlar yayılır. Məsələyə dərindən baxdıqda isə bunun artıq insan alveri və istismar riskləri ilə əlaqəli ciddi sosial problem olduğu görünür. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tətbiqin Azərbaycanda istifadəsinə qadağa qoyulmalıdı. Bu, ciddi məsələdir”.
P.S. Əlaqədar dövlət təşkilatlarına məsələ ilə bağlı sorğular göndərsək də, cavab ala bilmədik. Ümid edirik ki, aidiyyəti qurumlar məsələyə ciddi yanaşacaq, vətəndaşları narahat edən problemin aradan qaldırılması istiqamətində addım atacaqlar.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.