Köhnə dünya düzəninin sürətlə dağıldığı və çox mürəkkəb,qarışıq, təlatümlü və qeyri-müəyyənliklərlə müşayət olunan bir şəraitdə yeni,əslində xaotik surətdə şaxələnmiş dünya düzəninin formalaşmağa başladığı hazırkı mərhələdə təkbaşına hərəkət edib,davamlı olaraq böyük uğurlar qazanmaq getdikcə çətinləşir. Bu kontekstdə türk dövlətlərinin birliyinin daha da möhkəmləndirilməsi və gücləndirilməsi çox ciddi taleyüklü bir milli məsələ kimi obyektiv zərurətə çevirib. Türk Dövlətləri Təşkilatı(TDT) yarandıqdan sonra,xüsusən də İkinci Qarabağ mühabəsində Azərbaycanın qələbəsinin yaratdığı yeni situasiya fonunda bu birliyə real məzmun vermək istiqamətdə çox mühüm işlər görülüb.Tarixən çox qısa bir zaman kəsiyində bu qurumun yeni güc mərkəzinə çevrilməsi kontekstində diqqətçəkən addəmlar atılıb və yaxşı nəticələr əldə olunub. Son bir neçə ildə TDT-yə üzv ölkələr siyasi, iqtisadi,humanitar və digər sahələrdə regional əməkdaşlıq üçün səmərəli mexanizmlər formalaşdıraraq türk dünyasının yeni geosiyasi reallıq kimi konturlarını müəyyən ediblər.
TDT yeni güc mərkəzinə çevrilməsi yolunda bu qurumun regional və qlobal proselərə təsirinin artması üçün mühüm strateji əhəmiyyət kəsb edən bir sıra üstünlüklərə-ortaq tarix,etnik birlik və bu birlikdən qaynaqlanan dəyərlər,mədəni və mənəvi bağlılıq,qarşılıqlı etimad, strateji baxımdan çox mühüm coğrafi mövqe,zəngin resurslar və gənclərin böyük xüsusi çəkiyə malik olduğı insan potensialı,orta perspektivdə birlikdə dünyada yetərincə öncül mövqelərə çıxmaq imkanlı iqtisadi potensial və sair bu kimi mühüm resus və göstəricilərə malikdir. BVF-in versiyası üzrə hesablamalara görə, 2025-ci ildə TDT-yə üzv dövlətlərin toplam ÜDM-i nominal dəyər ifadəsində 2,1 trilyon dollar,alıcılıq qabiliyyəti paraiteti üzrə isə 5,6 trilyon dollara (5553 milyard dollar) yaxın olub.TDT-yə üzv dövlətlərin toplam göstəricisi nominal ÜDM üzrə dünyanın 192 ölkəsi arasında 12-ci yerə,alıcılıq qabiliyyti parıteti üzrə isə 203 ölkə arasında 7-ci yerə uyğun gəlir ki,bu da kifayt qədər böyük iqtisadi və sürətli artım potensialını təmsil edir.Bu kontekstdə TDT-yə üzv dövlətlərin əməkdaşlığının təməlində duran sadalanan əsas amillər və möhkəm iqtisadi bazadır.Bu əsasda TDT-yə üzv dövlətlər qarşılıqlı sərmayə qoyuluşları,enerji,o cümlədən bərpa olunan enerji mənbələri və Orta Dəhliz marşrutları boyunca ticarət və nəqliyyat potensialının genişləndirilməsində əməkdaşlığı gücləndirirlər.
Eyni zamanada müasir dünya süni intellekt və rəqəmsallaşmanın əsas amillərə çevrildiyi bir dövrə qədəm qoyub.Bu gün əsas üstünlüklər, getdikcə daha çox dərəcədə, təbii resurlar üzərində yox,texnoloji innovasiyalar,süni intellekt və rəqəmsal tranformasiyalar üzərində qurulmağa başlandığından, artıq dövlətlərin və birliklərin gücü də neft, qaz və s. ilə deyil, datalar, süni intellekt, rəqəmsal platformalar və texnoloji suverenliklə ölçülür.Belə bir şəraitdə Türk dünyasının Rusiya,Çin və Qərb arasında XXI əsrin yeni nüfuzlu, tam hüquqlu geosiyasi güc mərkəzinə çevrilməsindən ötrü, hazırkı reallıqları nəzərə almaqla mədəni,iqtisadi,siyasi və sair sahələrdəki inteqrasiya ilə yanaşı, texnoloji,süni intellekt və rəqəmsal transformasiya sahəsində də rəqabət qabiliyyətli olması tələb olunur.Çünki şaxələnmiş güc mərkəzləri arasında rəqabətin kəskinləşdiyi hazırkı reallıqlar şəraitində qlobal texnoloji transformasiyadan kənarda qalan heç bir dövlət güclü və dayanıqlı sosial-iqtisadi inkişafa,heç bir birlik tam hüquqlu güc mərkəzinə çevrilə bilməz.Ona görə də əgər ilkin mərhələdə TDT öz fəaliyyətində daha çox mədəni-humanitar əlaqələrin inkişafına diqqət edirdisə,son vaxtlar siyasi dialoq və koordinasiya, iqtisadi inteqrasiya, enerji təhlükəsizliyi,nəqliyyat-logistika,regional təhlükəsizlik,süni intellekt və rəqəmsal transformasiya məsələlərini özündə birləşdirən çoxtərəfli strateji əməkdaşlıq platforması kimi çıxış edir. Bu artıq türk dünyasına yeni siyasi-iqtisadi məzmun vermək səyidir. TDT-yə üzv dövlətlərin bu platformadan çıxış etməyə başlamasını və bunun perspektivlərini, məşhur Amerika dövlət xadimi, diplomatı və politoloqu Zbiqnev Bjezinskinin “Böyük Şahmat Lövhəsi” əsərində Azərbaycana və Mərkəzi Asiyaya verdiyi geostrateji qiyməti hazırkı reallıqlar konteksində incələməklə demək olar ki,TDT-nin bu gedişini, vəziyyəti əsaslı surətdə öz xeyrinə dəyişmək üçün çox güclü və perspektivli bir gediş,”Böyük Şahmat Lövhəsi” kontekstində isə obrazlı şəkildə desək, “ATla GEDİŞ” adlandırmaq olar.
Bu baxımdan mayın 15-də Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının növbəti qeyri-rəsmi Zirvə görüşünün "Türk Dünyasının Mənəvi Paytaxtı" olan Qazaxıstanın Tüküstan şəhərində keçirilməsi Türk dünyasının keçmişini gələcəklə birləşdirən rəmzi məna kəsb etməklə yanaşı, həm də siyasi, iqtisadi,texnoloji və digər müstəvilərdə xüsusi əhəmiyyət kəsb edir.Həmin Zirvə Toplantısında "Süni İntellekt və Rəqəmsal İnkişaf" mövzusunun müzakirəyə çıxarılması TDT üçün təkcə texnologiya məsələsi deyil, həm də tam hüquqlu,müstqil güc mərkəzinə çevrilməyin yeni magistral yolu olan rəqəmsal sivilizasiya yolunda qlobal dəyişikliklərə optimal şəkildə uyğunlaşma iradəsinin ortaya qoyulmasıdır.TDT-yə üzv dövlətlər qarşılıqlı etimadı dərinləşdirə-dərinləşdirə pillə pillə irəliyərək Türk dünyasının ortaq siyasi iradəsini formalaşdıran, strateji baxışları vahid məcraya yönəldən və qlobal çağırışlara ortaq yanaşmanın formalaşdırıldığı mühüm mexanizmə çevrilib.Bu,Türk dünyasına yeni,daha perspektivli siyasi-iqtisadi məzmun verilməsi deməkdir.Bu mənada Tüküstan şəhərində keçirilmiş süni intellekt və rəqəmsallaşmaya həsr olunmuş sammit Türk dünyasının gələcək inkişaf trayektoriyasını müəyyənləşdirən strateji mərhələlərdən biri kimi tarixə düşdü.Çünki sammitin əsas mövzusu kimi müəyyənləşdirilən süni intellekt və rəqəmsal inkişaf məsələsi geniş geosiyasi baxışın təcəssümüdür.XXI əsrin əsas üstünlüyünün informasiyaya nəzarət, rəqəmsal imkanlar və texnoloji innovasiyalar üzərində qurulması faktının mövcud reallığını düzgün qiymətləndirən TDT yeni dövrün çağırışlarına uyğun strateji xətt formalaşdırıb. Son illər təşkilata üzv dövlətlər arasında nəqliyyat-logistika xəttlərinin genişləndirilməsi, enerji əməkdaşlığının dərinləşdirilməsi, iqtisadi inteqrasiyanın gücləndirilməsi ilə paralel şəkildə rəqəmsal transformasiya istiqamətində də addımlar atılıb. Proses mərhələli şəkildə inkişaf edərək artıq yeni-həlledici mərhələyə qədəm qoyub.Dünyada geosiyasi qeyri-müəyyənliklərin güclənməsi,beynəlxalq qurumların böhranı,texnoloji liderlik uğrunda mübarizənin getdikcə kəskinləşməsi fonunda Türk dünyası təkcə iqtisadi inteqtasiyanı deyil,həm də özünün rəqabətqabiliyyətli güc mərkəzini formalaşdırmaq imkanlarını müzakirə edir.Bu kontekstdə Qazaxıstanda keçirilən Zirvə görüşündə rəqəmsal inkişaf Türk dünyasının gələcək inkişaf modelinin əsas istiqamətlərindən biri kimi müəyyən edildi.Məqsəd vahid rəqəmsal məkan formalaşdırmasıdır.Türküstan qeyri-rəsmi Zirvə görüşü göstərdi ki, Azərbaycanın fəal iştirakı ilə regionun qlobal bazarda rəqabət qabiliyyətini gücləndirmək üçün nəzərdə tutulmuş vahid rəqəmsal məkan formalaşdırmaqla, yeni əməkdaşlıq arxitekturası,o cümlədən siyasi baxımdan türk dünyasının rəqəmsal geosiyasəti formalaşdırılır.Bu baxımdan Türküstan sammiti Türk dünyasının yeni geosiyasi dövrdə öz yerini dəqiqləşdirmək və möhkmləndirmək sahəsində səylərini artırmaq və türk rəqəmsal sivilizasiyasının yaradılması mərhələsinə keçid hesab oluna bilər.
Xalqları ayaq üstə saxlayan,daşıdığı dəyərlər üzərindən inkişafına təkan verən, yolunu, gələcəyini müəyyənləşdirən, birliyini, həmrəyliyini təmin edən, mücadilə əzmini artıran onun milli ideyaları və vahid hədəfləridir. Bu baxımdan Türk Dövlətləri Təşkilatının formalaşması,inkişafı Avrasiya məkanında siyasi, iqtisadi və geostrateji təsir imkanlarını sürətlə artıran mühüm beynəlxalq platformalardan birinə çevrilməsində tarixən türk dünyasında hədəflərin elmi cəhətdən əsaslandırılmış şəkildə dəqiq müəyyənləşdirilməsində və milli ideyanın bu yöndə yürüdülməsində aparıcı rol oynayan Azərbaycanın yeri,rolu,xidməti və zəhməti çox böyükdür.Türk dünyasının birliyi Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. Ona görə də Türk və müsəlman dünyasının nəhəng fikir adamlarından biri olan İsmayıl bəy Qaspıralının(1851-1914) “Dildə, Fikirdə, İşdə Birlik”ideyasına sözün əsl, tam və doğun mənasında nail olmaq istiqamətində Azərbaycanınn Türk dünyasının əsas birləşdirici aktorlarından biri kimi töhfəsi bu gün də artmada davam edir.Bu kontekstdə əvvəlki çıxışlarında ”Türk dünyası bizim ailəmizdir, bizim başqa ailəmiz yoxdur.Bu ailəni gələcəyə aparmaq üçün birgə səylərin göstərilməsi...çox önəmlidir” söyləyən Azərbaycan Prezidenti İlham Əliyev Türküstan Zirvə görüşündə bu fikri yeni məqamlarla inkişaf etdirərək bildirib ki,”Dünya rəqəmsal inkişaf və süni intellektin yaratdığı imkanlar sayəsində yeni inkişaf mərhələsinə qədəm qoyur.Türk dövlətləri bu prosesdə ön sıralarda yer almalıdır.Azərbaycanın rəqəmsal suverenliyinin möhkəmləndirilməsi və innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi əsas vəzifələrimizdən biridir. Rəqəmsal inkişaf sahəsində Türk dövlətləri ilə əməkdaşlıq uğurla davam edir.Avropa ilə Asiya arasında “Rəqəmsal İpək Yolu” layihəsi icra olunur. Bu layihənin tərkib hissəsi olan, Azərbaycan ilə Qazaxıstan arasında Transxəzər Fiber-Optik Kabel xəttinin yaxın aylarda istifadəyə verilməsi planlaşdırılır.Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız genişlənir. Cari qlobal geosiyasi şəraitdə Orta Dəhlizin əhəmiyyəti daha da artır. Reallaşmaqda olan Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək... Ailəmiz olan Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir.Azərbaycan bundan sonra da Türk Dövlətləri Təşkilatının möhkəmləndirilməsi naminə səylərini əsirgəməyəcək.”
Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Türküstanda keçirilən Qeyri-rəsmi Zirvə Toplantısında "Süni İntellekt və Rəqəmsal İnkişaf" üzrə birgə texnologiyalar, rəqəmsallaşdırmanın sürətləndirilməsi, süni intellektin iqtisadiyyata, təhsilə, təbabatə, istehsala və sair sahələrə inteqrasiyası məsələləri müzakirə olundu və çox mühüm Yol Xəritəsi xarakterli Bəyannamə qəbul edildi. Türküstan Bəyannaməsində süni intellektin və rəqəmsal texnologiyaların iqtisadi inteqrasiyanın, davamlı inkişafın, innovasiyanın, təkmilləşdirilmiş dövlət xidmətlərinin və türk mədəni irsinin qorunmasının strateji hərəkətverici qüvvəsi olduğu, eyni zamanda etik idarəetmə,kibertəhlükəsizlik və məlumatların qorunması ilə bağlı problemlərin həlli üçün əlaqələndirilmiş fəaliyyətin tələb olunduğu bildirilib.Türk dövlətləri arasında dayanıqlı rəqəmsal ekosistemlər qurmaq, insan mərkəzli və etik süni intellektləri təşviq etmək, ortaq infrastrukturu inkişaf etdirmək,beynəlxalq təcrübələrə uyğun olaraq və türk həmrəyliyi ruhunda insan kapitalını gücləndirmək üçün çoxtərəfli əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edilib.TDT məkanında rəqəmsal inteqrasiya, innovasiya ekosistemləri, məlumatlara əsaslanan qarşılıqlı əlaqə,süni intellekt və qabaqcıl texnologiyalar sahəsində praktik əməkdaşlığı təşviq etmək üçün hərtərəfli bir çərçivə kimi "Rəqəmsal Türk Dünyası" Konsepsiyasının qəbul edilməsinin vacibliyini vurğulanıb.Azərbaycanda Süni İntellekt Mərkəzinin və Süni İntellekt Akademiyasının, eləcə də yüksək performanslı hesablama infrastrukturunun yaradıldığı qeyd edilib.Türkiyə Respublikası tərəfindən mədəniyyətlərarası ünsiyyəti təşviq etmək, türk dillərini qorumaq və zənginləşdirmək, təhsil platformalarının effektivliyini artırmaq, səhiyyə texnologiyalarını təkmilləşdirmək və iqtisadi inteqrasiyanı təşviq etmək məqsədilə irəli sürülən "Türk Dillərinin Böyük Dil Modeli"nin və əlaqəli süni intellekt alətlərinin daha da inkişaf etdirilməsi və tətbiqi dəstəklənib. Azərbaycanda ilk süni intellekt əsaslı hüquqi maarifləndirmə platformasının tətbiqi və ilk milli böyük dil modelinin inkişafı təqdir edilib.Regional rəqəmsal qarşılıqlı əlaqəni gücləndirmək üçün Rəqəmsal İpək Yolu layihəsinin və yüksək sürətli bağlantı,yüksək performanslı hesablama, məlumat mərkəzləri, bulud infrastrukturu və yeni nəsil şəbəkələri daxil olmaqla,oxşar rəqəmsal infrastruktur layihələrinin inkişafının təşviq edilməsi vacib hesab olunub.Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Şərq-Qərb (Orta Dəhliz) boyunca yük daşınmasının səmərəliliyini və şəffaflığını artırmaq üçün üzv dövlətlərin elektron hökumət sistemləri daxil olmaqla milli vahid pəncərə sistemlərinin inteqrasiyası dəstəklənib. Rəqəmsal savadlılıq, süni intellekt təhsil, bacarıqların inkişafı və istedad mobilliyi üzrə birgə proqramlar vasitəsilə insan kapitalının inkişafı sahəsində əməkdaşlığın gücləndirilməsinə çağırılıb. Türkdilli Ölkələrin Parlamentlərarası Assambleyası (TÜRKPA) vasitəsilə türk dövlətlərinin süni intellekt və rəqəmsal texnologiyalar sahəsində hüquqi çərçivəsinin uyğunlaşdırılması səylərinin gücləndirilməsinin vacibliyi vurğulanıb. TDT daxilində Sənaye, Elm, Texnologiya və İnnovasiya üzrə Əməkdaşlıq üzrə Fəaliyyət Planında əks olunduğu kimi, sənayedə süni intellektdən məsuliyyətli və etibarlı istifadə ilə bağlı siyasət və təcrübə mübadiləsinin davamlı şəkildə aparılmasını asanlaşdırmaqla sənaye istehsalında süni intellekt və rəqəmsal transformasiya təşəbbüslərinin aktiv və əlaqələndirilmiş şəkildə həyata keçirilməsinin vacibliyi vurğulanıb. Türk dünyasında rəqəmsal sahibkarlıq, texnoloji suverenlik və süni intellekt əsaslı innovasiyaların kommersiyalaşdırılmasını stimullaşdırmaq üçün birgə texnologiya parklarının, innovasiya mərkəzlərinin, vençur fondlarının və dövlət-özəl tərəfdaşlıqlarının yaradılmasını təşviq edilməsinin vacibliyi bildirilib.
Bütün bu sadalananlar göstərir ki, Türk dövlətləri arasında ortaq tarixi, etnik, mədəni və mənəvi bağlılıq üzərində formalaşan əməkdaşlıq artıq keyfiyyətcə yeni mərhələyə-ortaq rəqəmsal inkişafdan qaynaqlanan ortaq rəqəmsal gələcək mərhələsinə qədəm qoyur.Bu kontekstdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Türküstanda keçirilən Qeyri-rəsmi Zirvə Toplantısında " Süni İntellekt və Rəqəmsal İnkişaf" üzrə Bəyannamədə Türk dünyasının rəqəmsal gələcəyi baxımından Gələcəyin Türk Modeli təqdim olunub.Bu Bəyannamədə öz əksini tapan çoxşaxəli fəaliyyətə sistemli xarakter verib adekvat nəticələr əldə etmək üçün TDT-nin yetərincə şansları var.Çünki Türk xalqlarının dünya sivilizasiyasına verdiyi əhəmiyyətli töhfəsi və ortaq tarix, dil, mədəniyyət, adət-ənənələr və dəyərlər sayəsində qlobal iqtisadiyyatın rəqəmsal gələcəyinin formalaşmasında türk dövlətlərinin rolu sürətlə artır.Bu reallığın fonunda müasir dünyanın hazırkı reallıqları həm də çox əyanı şəkildə nümayiş etdirir ki, mənafe birliyi olmyan yerdə məqsəd birliyi,məqsəd birliyi olmayan yerdə hərəkət birliyi, hərəkət birliyi olmayan yerdə hədəfə çatıb böyük gücə çevrilmək, yüksək nəticələr əldə edib yüksək sürətli,dayanıqlı inkişafa və davamlı tərəqqiyə nail olmaq mümkün deyil.Ona görə də bir sıra birliklər, beynəlxalq və regional qurumlar tarixin hazırkı mürəkkəb və keşməkeşli mərhələsinin sınaqlarına duruş gəturə bilməyib zəifləyib,böhran keçirir və sıradan çıxma təhlükəsi ilə üz-üzə qalıb. Digər birliklər, beynəlxalq və regional qurumlarla müqayisədə TDT soy-kökdən qaynaqlanan möhkəm təbii birlik sayəsində daha yüksək nəticələrə nail ola bilər və bu yöndə əsaslandırılmış iradə ortaya qoya bilib.Çünki TDT türk dövlətlərinin arasındakı dərin taraixi,mədəni,sosial-iqtisadi və sair xarakterli əlaqələr üzərində çox etibarlı özül üzərində förmalaşıb.Türk Dünyasına daxil olan ölkələrin mühüm strateji əhmiyyət kəsb edən coğrafi mövqeyi,regional və qlobal ölçülərdə əhəmiyyəti,resus və iqtisadi potensial,regional və qlobal proseslərə təsir imkanların getdikcə artması, onun TDT formatında inkişafı gücünə güc qatır.Bu prosesin qabaqcıl texnologiylar və rəqəmsallaşdırma əsasında daha da inkişaf etdirilməsi məhz belə bir əsasdan qaynaqlanan mənafe birliyinin məqsəd birliyi ilə tamamlanması,məqsəd birliyinin hərəkət birliyinə təkan verməsi,hərəkət birliyi sayəsində hədəfə çatıb çox böyük təsir imkanları olan gücə çevrilmək,yüksək nəticələr əldə edib yüksək sürətli,dayanıqlı inkişafa və davamlı tərəqqiyə nail olmaq olar.Bu kontekstdə Tükt dövlətləri arasında inteqrasiyanı bu cür məhkəm əsaslar üzərində hərtərəfli genişləndirmək və dərinlşdirmək,malların, insanların və sərmayələrin sərbəst hərəkətini yüksək səviyyədə təmin etmək,ortaq bazar,o cümlədən ortaq rəqəmsal bazar,ortaq silahlı qüvvələr yaratmaq, nəticədə daha geniş anlamda real təsir gücünə malik güc mərkəzinə çevrilməklə, yeni təsir arxitekturası yaratmaq yolundakı səyləri,Türk Dünyasının rəqəmsal geosiyasətinin formalaşdırırılması-Türk Dünyasının yalnız ortaq tarix, ortaq əlifba və ortaq dil deyil, həm də ortaq texnoloji gələcək qurmaq iradəsinin ifadəsidir.
Çox hissəsi Türk dünyasından keçən və regional və qlobal əhəmiyyəti getdikcə artan Orta Dəhlizdən rəqəmsal suverenliyə gedən yolda Türk dünyasınının daha geniş anlam və miqyaslarda real birliyinə nail olmaq, öz sıralarını genişləndirmək,həm regional,həm də qlobal müstəvidə rolunu artırmaq, innovasion əsaslarda siyasi,geosiyası,iqtisadi, geoiqtisdi, regional,institusional, ekoloji, sosial və sair istiqamtlərdə çox böyük effektlətər əldə etmək olar.Bu kontekstdə TDT humanitar və iqtisadi, xüsusən də energetika və loqistika sahəsəki uğurlu fəaliyytindən sonra yeni texnologiyalar, rəqəmsallaşdırma, təhlükəsiszlik və sair bi kimi sahələrdə də uğurla hərəkət etməklə, yeni təsir arxitekturası qurduğu yolun gedişatından görünən budur ki,Türk dünyasının möhkəm birlik səyləri kiməsə qarşı yox,türk dünyasının öz gələcəyi naminədir.Fikirdə,sözdə,əməldə milli dəyərlərimizə layiq bir gələcək qurmaq niyyətinin reallaşdırılmasının gedişatında çox fundamental bur sualın-“Yeni Avrasiyanın açarı kimin əlinə keçir?” sualının real cavabı məlum olacaq.Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlərin ortaq rəqəmsal gələcək üçün müəyyən etdiyi hədəflər və həmin hədəflərə doğru fəaliyyəti regional və regionlararası əməkdaşlğın güclənməsinə,səmərəliliyinin artmasına,xalqların sülh və təhlükəsizlik şəraitində yaşayıb sürətli tərəqqisinə xidmət edir.
Milli Məclisin deputatı,
Əli Məsimli