RU

Ərdoğan: Türkiyə TDT-nin güclənməsi üçün bütün imkanlardan istifadə edəcək

Ankara, 19 may, AZƏRTAC

Türk Dövlətləri Təşkilatına (TDT) sədrliyi dövründə qurumun həm daxildə, həm də beynəlxalq müstəvidə güclənməsi üçün Türkiyə bütün imkanlardan istifadə edəcək.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Nazirlər Kabinetinin iclasının yekunlarına dair keçirilən brifinqdə deyib.

O, Türküstanda keçirilmiş TDT-nin qeyri-rəsmi Zirvə görüşünün nəticələrini şərh edərkən mərhum Prezident Turqut Özalın 34 il əvvəl söylədiyi fikirləri xatırladıb: “Türkiyənin qarşısında imkan qapıları açılıb – XXI əsr türklərin və Türkiyənin əsri olacaq”.

“Bu gün həmin sözlər sürətlə həyata keçir”, – deyə dövlət başçısı bildirib və xatırladıb ki, payızda Türkiyə TDT-nin 13-cü Zirvə görüşünə ev sahibliyi edəcək.

Türkiyə Prezidenti İran ətrafında artan gərginlik məsələsinə də münasibət bildirib: “Dünyaya sunami kimi yayılan gərginliyin vurduğu ziyanın miqyası hələ tam aydın deyil. Daha narahatedici məqam isə eskalasiyanın spekulyasiya və bazar manipulyasiyaları üzərində qurulan “parazitar iqtisadi münasibətlər sistemi” yaratmasıdır”.

Onun sözlərinə görə, İran ətrafındakı gərginlik qlobal rifah baxımından dağıdıcı həddə çatıb.

Rəcəb Tayyib Ərdoğan müasir dünyada problemlərin və böhranların qloballaşdığına diqqət çəkib. “Məsafələrin əhəmiyyətini itirdiyi bir şəraitdə dünyanın digər bölgələrində baş verənlərə heç kim laqeyd qala bilməz”, – deyə Türkiyə lideri bildirib. O, bir neçə həftə ərzində bütün dünyaya yayılan 2008-ci il maliyyə böhranını, eləcə də Rusiya-Ukrayna müharibəsinin yaratdığı ərzaq böhranını xatırladıb və qeyd edib ki, bundan ən çox Afrika ölkələri zərər görüb.

“Qlobal iqtisadiyyata inteqrasiya olunmuş hər bir ölkə kimi Türkiyə də xaricdə baş verən həm müsbət, həm də mənfi proseslərin təsirini bu və ya digər şəkildə hiss edir. Son 23 ildə atdığımız addımlar sayəsində mənfi təsirlər minimuma endirilir”, – deyə o vurğulayıb.

Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Избранный
101
3
azertag.az

4Источники