RU

Gəncədə "moyşik" yuduğu maşını qaçıraraq qəza törətdi, 8 ay həbs cəzası aldı

Gəncə Şəhər Məhkəməsində talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmədə təqsirləndirilən Aqil Ömərovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə ona 8 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

 

İttihama görə, təqsirləndirilən şəxs 2025-ci ilin fevral ayında Gəncə şəhərində işlədiyi avtoyuma məntəqəsində müştəriyə məxsus avtomobili qanunsuz olaraq ələ keçirərək idarə edib, nəticədə yol-nəqliyyat hadisəsi törədib.

 

İş materiallarına əsasən, hadisə 2025-ci il tarixdə baş verib.

 

Belə ki, Aqil Ömərov həmin vaxt işçi kimi fəaliyyət göstərdiyi avtoyuma məntəqəsində müştəri. Zərərçəkmiş H.H. (adı, soyadı şərtidir) tərəfindən yuyulmaq üçün təhvil verilmiş dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan, lakin qanunsuz şəkildə ələ keçirərək avtoyuma məntəqəsindən çıxarıb.

 

İttihamda göstərilib ki, təqsirləndirilən şəxs nəqliyyat vasitəsini avtoyuma məntəqəsinin sahibinin iradəsinə zidd olaraq, sürücülük hüququ olmadan və spirtli içkinin təsiri altında idarə edib. O, maşını Gəncə şəhəri ərazisində sürərək Səməd Vurğun küçəsindən Eminbəyli küçəsinə dönmə əməliyyatı həyata keçirən zaman idarə etdiyi avtomobilin ön sol hissəsi ilə digər hərəkətdə olan “Kia Karnival” markalı nəqliyyat vasitəsi ilə toqquşub.

 

Hadisə nəticəsində avtomobillərə ziyan dəyib, zərərçəkmiş şəxsə ümumilikdə 6 180 manat məbləğində maddi zərər vurulduğu müəyyən edilib.

 

Məhkəmə iclasında Aqil Ömərov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini qeyd edib. O, ifadəsində Gəncə şəhəri, Səməd Vurğun küçəsində yerləşən avtoyuma məntəqəsində yuyucu işlədiyini, hadisədən əvvəl nə avtomobil sahibini, nə də digər nəqliyyat vasitəsinin sürücüsünü tanımadığını və onlarla hər hansı şəxsi münasibətinin olmadığını söyləyib.

 

Təqsirləndirilən şəxs ifadəsində qeyd edib ki, onun həmin avtomobili idarə etmək üçün heç bir hüququ olmayıb, sürücülük vəsiqəsi də olmayıb və maşın sahibi tərəfindən ona nəqliyyat vasitəsini idarə etməyə icazə verilməyib.

 

Aqil Ömərovun sözlərinə görə, hadisə günü iş yerində yemək yeyib və spirtli içki qəbul edib. Həmin vaxt avtoyuma məntəqəsinə gətirilmiş maşını yumaq məqsədilə sükan arxasına əyləşsə də, sonradan avtomobili sürmək istəyi yaranıb. O, avtomobil sahibinin obyekt ərazisində olmadığını görərək sürücünün maşınla birlikdə verdiyi açardan istifadə edib, mühərriki işə salaraq nəqliyyat vasitəsini Eminbəyli küçəsi istiqamətində idarə etməyə başlayıb.

 

Təqsirləndirilən şəxs bildirib ki, məktəb yaxınlığına çatdıqdan sonra geriyə dönmək istəyərkən qarşıdan gələn “Kia Karnival” markalı avtomobillə toqquşma baş verib. Hadisədən sonra avtomobildən düşərək nəqliyyat vasitələrinə baxdıqda onlara ciddi ziyan dəydiyini gördüyünü deyib.

 

O, məhkəmədə əməlindən peşman olduğunu bildirərək, azadlığa buraxılacağı təqdirdə işləyib dəymiş maddi ziyanı hissə-hissə ödəməyə hazır olduğunu qeyd edib.

 

Qeyd: Aqil Ömərov əvvəllər məhkumluq həyatı yaşayıb.

 

Kamal Məmmədov

Tarix: 19 May 2026, 09:36   
Избранный
15
pravda.az

1Источники