RU

WUF13: Azərbaycanın beynəlxalq arenada yeni uğuru



Azərbaycan COP-29-un ardından dünya birliyinə özünün mükəmməl təşkilatçılıq istedadı ilə daha bir qlobal tədbirə – BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyi etməkdədir. Paytaxt Bakıda keçirilən bu mötəbər tədbir WUF tarixində rekordlarla, fəal təşəbbüslərlə müşayiət olunmaqdadır. Forumun 13-cü Sessiyasının açılış mərasimində çıxış edən Prezident İlham Əliyevin vurğuladığı kimi, 182 ölkədən 45 mindən artıq iştirakçı rekord göstəricidir və bu, Azərbaycanda COP29-dan sonra keçirilən ikinci ən böyük beynəlxalq tədbirdir.

Tədbirin əhəmiyyətini artıran digər bir amil onun Azərbaycanda “Şəhərsalma və Memarlıq İli”nin qeyd edildiyi tarixi bir dövrə təsadüf etməsidir. “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan Forum dünyada modern şəhərsalma fəaliyyətində beynəlxalq birliyin vahid niyyətinin, Azərbaycana etimadının bariz ifadəsidir. Eyni zamanda, zəngin memarlıq ənənələrinə, şəhər mədəniyyətinə, qədim tarixə malik Azərbaycanın şəhərsalmaya, onun inkişafına olan böyük sadiqliyini nümayiş etdirir.

WUF13 ilk növbədə, Azərbaycanın qədim şəhər memarlığına malik mədəniyyət vizyonunu təqdim etmək baxımından mühüm əhəmiyyət kəsb edir. Cənab Prezident çıxışında bu məsələyə xüsusi olaraq toxundu və bu, təsadüfi deyil, çünki qədim dövlətçilik ənənəsinə malik Azərbaycan həm də şəhər sivilizasiyalarının mərkəzlərindən biridir. Avropa və Asiya arasında yerləşən, Şərq və Qərbin mədəniyyət körpüsü olan ölkəmizdə unikal memarlıq arxitekturası formalaşıb. Bakı, Naxçıvan, Qəbələ, Şəki, Gəncə və Şamaxı kimi şəhərlərimizdə memarlıq irsi şəhər mədəniyyətinin, infrastrukturunun elementlərini özündə əks elətdirir. Şəkinin Kiş kəndində yerləşən ən qədim kilsə və ya Lahıcda 15 əsr öncə qurulmuş su və kanalizasiya sistemi isə bunun bariz nümunəsidir.

Azərbaycan dayanıqlı inkişaf atributlarından olan şəhər landşaftına ümumi tərəqqinin ayrılmaz hissəsi kimi yanaşır və sürətlə dəyişən urbanizasiya proseslərinə uyğun tarixi irs üzərində müasir şəhərsalma ansamblı yaradır, ətraf mühit-şəhər vəhdətinin tələblərini və nizamını qoruyub saxlayır.

İki əsr əvvəl neft hasilatının başlanması sayəsində ətraf mühitin mühafizəsinə dəyən zərərin, o cümlədən “Qara şəhər”, Bibiheybət, Böyükşor və digər tarixi ərazilərin pozulmuş ekoloji mənzərəsini müasir layihələrlə dəyişən ölkə rəhbərliyi Bakının əsl şəhər obrazını inşa edir.

Modern şəhərsalmanın simvollarından olan “Ağ Şəhər və “Sea Breeze” layihələri şəhər idarəetməsi üçün nümunə və təcrübə istinadlarıdır. Eləcə də, müasir urbanizasiya layihələri ilə həmahənglik təşkil edən yol-nəqliyyat infrastrukturunun yenilənməsi, şəhərdaxili mobilliliyin tənzimlənməsi, “yaşıl şəhər” konsepsiyası beynəlxalq təcrübədə maraqla qarşılanır.

Forum Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi yeni innovativ şəhərsalma layihələri, “ağıllı tikinti” modelinin dünyaya tanıdılması baxımından da mühüm təşviqat kursu kimi səciyyələndirilə bilər. Şəhərlərin baş planları hazırlanarkən müasir urbanizasiya standartları, ekoloji tarazlıq və dayanıqlı inkişaf prinsipləri əsas meyarlar kimi qəbul edilir, Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasında bu ənənə və arxitektura, innovasiya və texnoloji yanaşmalar üstünlük təşkil edir ki, həmin şəhərsalma təcrübəsi dünyada xüsusi maraq doğurur.

Prezident İlham Əliyevin bəyan etdiyi kimi, 2022-ci ildən etibarən Ağdamda, Zəngilanda və Xankəndidə BMT ilə birgə üç Milli Şəhərsalma Forumunun keçirilməsi bizə böyük təcrübə qazandırıb. Bu yaxın və etibarlı tərəfdaşlıq azad edilmiş ərazilərdə bərpa və quruculuq prosesi isə şəhərsalma yanaşmasını vahid konseptdə tamamlamaqla, “ağıllı şəhər” modelinin tamamilə yeni simasını formalaşdırır.

Forum Azərbaycan şəhərlərini, memarlıq, tarixi-dini abidələrini 30 il ərzində darmadağın edərək regiondan urbisid və ekosid törətmiş Ermənistanın simasını dünyaya çılpaqlığı ilə tanıtmaq baxımından da mühüm tribuna kimi dəyərləndirilə bilər.

Hazırda şəhərsalmanın inkişafına olan ehtiyacı yaxşı anlayan dövlət kimi Azərbaycan sürətli şəhər inşasını davam etdirir, eyni zamanda, paytaxt şəhərləri üçün keçərli olan bu tələbatı qlobal tərəfdaşlarla birgə mübadilə əsasında ehtiyatlı yanaşma əsasında həyata keçirməyə üstünlük verir, qlobal tərəfdaşlarla birgə proqramlar icra etməyi hədəfləyir. Bu baxımdan, Sessiya çərçivəsində BMT-dən olan ekspertlərin dəstəyi və çoxsaylı qonaqların iştirakı ilə görüşlər unikal layihələrin ərsəyə gəlməsində yeni imkanlar yaradacaq.

WUF13 çərçivəsində ilk dəfə olaraq Liderlər Sammitinin keçirilməsi isə rəsmi Bakının həm də ictimai-siyasi məsələlərin müzakirə olunduğu sabit məkan olduğunu əks etdirir. Hazırda dünyanın müxtəlif bölgələrində davam edən kəskin münaqişələr və artan geosiyasi risklər fonunda Azərbaycanın dünyanın fərqli nöqtələrindən dövlət və hökumət başçılarını, yüksək səviyyəli nümayəndələri bir yerə toplaması, onları sabitlik, dayanıqlı inkişaf, həmrəylik platforması ətrafında birləşdirməsi müasir dünya üçün yeni bir nümunə deməkdir.

Forumun məqsədinin bəşəriyyətin üzləşdiyi ən aktual problemlərdən biri olan sürətli urbanizasiyanın şəhərlərə, iqtisadiyyatlara, iqlim dəyişikliyinə və siyasətlərə təsirini nəzərə alsaq, liderlərin Bakıya toplaşması indiki kritik dövrdə xüsusi əhəmiyyət daşıyır. BMT-nin Baş katibi Antonio Quterreşin videomüraciətində səsləndirdiyi kimi, qlobal böhranlar, münaqişələr, artan enerji xərcləri və bahalaşan ərzaq qiymətləri dövründə liderlərin Bakıda görüşü tarixi hadisədir. Yaxud, BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudia Rossbaxın bəyan etdiyi kimi, dünyanın müxtəlif icmalarından və on minlərlə insanın Bakıda bir araya gəlməsi təsadüfi deyil.

WUF13 praktiki fəaliyyət, tərəfdaşlıq və investisiyalar vasitəsilə icranı sürətləndirmək üçün bir fürsətdir. Bu, həm dövlət, həm özəl sektor, həm də kiçik sahibkarlar üçün sınaq və imkanlar deməkdir.

Bir sözlə, Azərbaycan ona həvalə edilmiş məsuliyyətli missiyanı unikal plan üzrə davam etdirir və əminik ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının nəticələri COP29-un nəticələri qədər uğurlu olacaq.

Ramid Namazov
Milli Məclisin deputatı

Избранный
46
1
baki-xeber.com

2Источники