RU

Bakının növbəti siyasi-diplomatik zəfəri - Yeni dünyanın strateji mərkəzi

“Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) Azərbaycanın son illərdə əldə etdiyi beynəlxalq siyasi-diplomatik uğurların məntiqi davamı və yeni geosiyasi reallıqlar fonunda artan qlobal nüfuzunun növbəti təsdiqidir. İkinci Qarabağ müharibəsində qazandığı tarixi Zəfərdən sonra Azərbaycan regionda tamamilə yeni siyasi, iqtisadi və təhlükəsizlik arxitekturası formalaşdırıb. Bu gün Bakı təkcə Cənubi Qafqazın deyil, bütövlükdə Avrasiya məkanının əsas diplomatik, geoiqtisadi və nəqliyyat mərkəzlərindən birinə çevrilməkdədir. WUF13 kimi qlobal tədbirin Azərbaycanda keçirilməsi də məhz bu yeni reallığın mühüm göstəricisidir”.

 Bunu Ölkə.az-a açıqlamasında deputat Cavanşir Feyziyev deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev forumun açılış mərasimində çıxışı zamanı xüsusi vurğuladı ki, tədbirdə 182 ölkədən 45 mindən artıq iştirakçının qeydiyyatdan keçməsi rekord göstəricidir. “Bu faktın özü Azərbaycanın beynəlxalq aləmdə artan etimadının və nüfuzunun bariz nümunəsidir. COP29-dan sonra daha bir nəhəng beynəlxalq tədbirin yüksək səviyyədə təşkili göstərir ki, Azərbaycan artıq qlobal tədbirlərin keçirilməsi üçün ən etibarlı və təhlükəsiz platformalardan biri hesab olunur”, - o vurğulayıb.

 Deputat qeyd edib ki, WUF13 yalnız şəhərsalma forumu deyil: “Bu tədbir həm də Azərbaycanın yumşaq və orta güc siyasətinin mühüm elementidir. Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin təsir imkanları yalnız hərbi və iqtisadi potensialla ölçülmür. Bu gün humanitar diplomatiya, beynəlxalq platformalara ev sahibliyi, qlobal problemlərin həllində iştirak və sivilizasiyalararası dialoq dövlətlərin yumşaq güc potensialını müəyyən edən əsas amillərdir. Azərbaycan da məhz Prezident İlham Əliyevin uğurlu çoxvektorlu xarici siyasəti nəticəsində bu istiqamətdə mühüm nailiyyətlər əldə edib”.

Deputat əlavə edib ki, Prezident İlham Əliyevin çıxışında Azərbaycanın Şərqlə Qərb arasında körpü roluna xüsusi diqqət yetirməsi təsadüfi deyildi: “Tarixən müxtəlif sivilizasiyaların qovuşduğu məkan olan Azərbaycan bu gün də Avropa ilə Asiyanı birləşdirən mühüm geostrateji platforma rolunu oynayır. Bu, yalnız coğrafi mövqedən irəli gəlmir. Bakı həm enerji təhlükəsizliyi, həm nəqliyyat-kommunikasiya xətləri, həm də beynəlxalq siyasi dialoq baxımından mühüm mərkəzə çevrilib. Şimal-Cənub və Orta Dəhliz layihələri fonunda Azərbaycanın geoiqtisadi çəkisi daha da artır.

Forum çərçivəsində Prezidentin Qarabağ və Şərqi Zəngəzurla bağlı səsləndirdiyi fikirlər xüsusi diqqət çəkdi. Dövlət başçısı qeyd etdi ki, Ermənistanın 30 illik işğalı nəticəsində bu ərazilər tamamilə dağıdılıb, Ağdam isə beynəlxalq müşahidəçilər tərəfindən “Qafqazın Xirosiması” adlandırılıb. Lakin cəmi beş il ərzində həmin ərazilərdə misilsiz yenidənqurma layihələrinin həyata keçirilməsi Azərbaycanın iqtisadi, texnoloji və idarəetmə potensialını nümayiş etdirir. Tunellərin, körpülərin, beynəlxalq hava limanlarının, dəmir yollarının, enerji infrastrukturlarının tikilməsi göstərir ki, Azərbaycan postmünaqişə dövründə regionun inkişaf modelini formalaşdırır.

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” layihələri isə artıq dünya urbanizasiya təcrübəsində nümunə kimi təqdim olunur. Bu layihələr yalnız dağıdılmış ərazilərin bərpası deyil, eyni zamanda yaşıl enerji, ekoloji təhlükəsizlik, müasir şəhərsalma və dayanıqlı inkişaf konsepsiyalarının tətbiqidir. Bu baxımdan WUF13 Azərbaycanın qlobal iqlim dəyişiklikləri, ekologiya və dayanıqlı inkişaf gündəliyinə verdiyi töhfələrin də nümayişidir.
Forumun iqtisadi və geoiqtisadi əhəmiyyəti də olduqca böyükdür. Belə mötəbər tədbirlər ölkəyə investisiya axınının artmasına, yeni əməkdaşlıq platformalarının yaranmasına və turizm sektorunun inkişafına ciddi təsir göstərir. Dünyanın müxtəlif ölkələrindən minlərlə nümayəndənin Bakıya gəlməsi Azərbaycanın turizm potensialının beynəlxalq səviyyədə təbliği baxımından mühüm rol oynayır. Eyni zamanda, bu tədbirlər ölkənin xidmət sektorunun, nəqliyyat infrastrukturunun və şəhər iqtisadiyyatının inkişafına əlavə stimul verir.

Prezident İlham Əliyevin çıxışında Bakının ekoloji transformasiyası ilə bağlı səsləndirdiyi fikirlər də xüsusi əhəmiyyət daşıyır. Qara şəhərin Ağ şəhərə çevrilməsi, Böyükşor və Bibiheybət kimi ərazilərin yenidən qurulması Azərbaycanın ekoloji təhlükəsizlik sahəsində həyata keçirdiyi uğurlu siyasətin göstəricisidir. Son 20 ildə Bakıda yüzlərlə park və ictimai məkanın salınması, ekoloji nəqliyyat sisteminin genişləndirilməsi və yaşıl şəhər konsepsiyasının tətbiqi Azərbaycanın urbanizasiya siyasətinin əsas istiqamətlərindən biridir.

BMT-nin Məskunlaşma Proqramının rəhbərliyinin və beynəlxalq ekspertlərin forumda iştirakı Azərbaycanın beynəlxalq etimad mühitində mühüm yer tutduğunu göstərir. Bu gün Azərbaycan artıq beynəlxalq münasibətlər sistemində təşəbbüs verən, regional və qlobal gündəm formalaşdıran dövlətlərdən biri kimi çıxış edir. Məhz buna görə də ölkəmizin artan nüfuzu və beynəlxalq uğurları bəzi anti-Azərbaycan dairələrini ciddi narahat edir.

COP29 ərəfəsində olduğu kimi, WUF13 zamanı da müəyyən xarici mərkəzlər və ermənipərəst dairələr tərəfindən Azərbaycana qarşı qarayaxma kampaniyaları aparılır. Məqsəd Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vurmaq, onun uğurlarına kölgə salmaq və regionda yaratdığı yeni reallıqları gözdən salmaqdır. Lakin reallıq tamamilə fərqlidir. Dünyanın 182 ölkəsindən on minlərlə insanın Bakıya gəlməsi, tədbirin yüksək səviyyədə təşkili və Azərbaycanın beynəlxalq əməkdaşlıq platformasına çevrilməsi bu cəhdlərin tam iflasa uğradığını göstərir.

WUF13 bir daha nümayiş etdirdi ki, Azərbaycan artıq yalnız enerji resursları ilə tanınan ölkə deyil. Bu gün Azərbaycan beynəlxalq humanitar diplomatiya, şəhərsalma, yaşıl enerji, dayanıqlı inkişaf və qlobal təhlükəsizlik məsələlərində söz sahibi olan dövlətə çevrilib. Prezident İlham Əliyevin həyata keçirdiyi çoxvektorlu xarici siyasət kursu nəticəsində Azərbaycan həm yumşaq güc, həm də orta güc elementi kimi beynəlxalq münasibətlər sistemində mövqeyini getdikcə daha da gücləndirir.

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası Azərbaycanın yeni dünya düzənində artan rolunun, regional liderliyinin və qlobal miqyasda etibarlı tərəfdaş statusunun növbəti siyasi-diplomatik zəfəri kimi tarixə düşür”.

Mürtəza

Избранный
46
1
olke.az

10Источники