RU

WUF13: Azərbaycanın postmünaqişə dövründə bərpa təcrübəsinin dünya üçün əhəmiyyəti

Şahin Bayramov: Qarabağ Universiteti dayanıqlı şəhərsalma və dirçəliş strategiyasının mühüm tərkib hissəsidir

Bakı, 19 may, AZƏRTAC

Bakıda BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Hökumətinin birgə təşkilatçılığı ilə keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ölkəmizin beynəlxalq nüfuzunun və qlobal çağırışların həllində artan rolunun növbəti mühüm təsdiqidir. COP29-dan sonra dünyanın ən böyük beynəlxalq platformalarından birinə ev sahibliyi etməyimiz Azərbaycanın artan qüdrətinin və ölkəmizə göstərilən beynəlxalq etimadın bariz nümunəsidir. Bu cür qlobal platformaların məhz Azərbaycanda keçirilməsi ölkəmizin təhlükəsiz, sabit, innovativ və əməkdaşlığa açıq tərəfdaş kimi qəbul olunduğunu bir daha nümayiş etdirir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Qarabağ Universitetinin rektoru Şahin Bayramov deyib. O bildirib ki, əsas mövzusu “Dünyanın məskunlaşdırılması: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” olan WUF13 müasir dövrün ən aktual çağırışlarını əhatə edir: “Azərbaycan isə bu istiqamətdə yalnız konseptual deyil, praktik və real təcrübə ortaya qoyan ölkələrdən biridir. Xüsusilə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən sistemli və sürətli quruculuq prosesi faktiki olaraq yeni bir inkişaf modeli formalaşdırır. İnsanəsaslı şəhərsalma, ağıllı texnologiyalarla idarə olunan yaşayış məkanları, yaşıl enerji yanaşması, dayanıqlı inkişaf prinsipləri, təhlükəsiz və sağlam insan məskənlərinin qurulması bu modelin əsas elementlərini təşkil edir. Müasir nəqliyyat infrastrukturu, keyfiyyətli səhiyyə xidmətləri, müasir təhsil mühiti, hərtərəfli mədəni inkişaf ekosistemi, sürətlə genişlənən məşğulluq imkanları və əlverişli investisiya iqlimi bərpa olunan Qarabağın əsas inkişaf göstəriciləridir. Bu baxımdan postmünaqişə dövründə həyatın bərpası və davamlı məskunlaşmanın təmin olunması istiqamətində Azərbaycanın əldə etdiyi nəticələr beynəlxalq miqyasda xüsusi maraq doğurur. Qarabağ artıq yalnız yenidən qurulan region deyil, həm də gələcəyin dayanıqlı şəhərsalma və insan məskunlaşması modelinin formalaşdığı unikal məkandır. Milli, regional və beynəlxalq tədbirlərə ev sahibliyi edən yeni yaşayış məkanlarının yaranması, turizm potensialının inkişafı və müasir urbanizasiya yanaşmalarının tətbiqi sözügedən modelin mühüm komponentləridir”.

Şahin Bayramov Qarabağ Universitetinin bu böyük missiyanın ayrılmaz tərkib hissəsi olduğunu vurğulayıb: “Universitetimiz elm, təhsil və innovasiya ekosisteminin inkişafı vasitəsilə işğaldan azad olunmuş ərazilərin davamlı tərəqqisinə töhfə verməyi prioritetlərindən biri hesab edir. Bu gün Qarabağ Universitetində 50-yə yaxın ixtisas üzrə müasir məzmunlu ali təhsilli kadr hazırlığı həyata keçirilir. İnanırıq ki, burada hazırlanacaq gələcəyin müəllimləri, həkimləri, hüquqşünasları, iqtisadçıları, mühəndisləri, incəsənət və turizm mütəxəssisləri və digər peşə sahibləri Qarabağın dayanıqlı inkişafında, təhlükəsiz və cəlbedici yaşayış məkanına çevrilməsində mühüm rol oynayacaqlar. Təbii ki, universitetimizin fəaliyyət istiqamətləri yalnız kadr hazırlığı və tədris prosesi ilə məhdudlaşmır. Belə ki, Qarabağ Universiteti dayanıqlı inkişaf üçün elmi əsasların yaradılmasına xidmət edən tədqiqatların aparılmasını, müvafiq innovativ həllərin hazırlanmasını, yaşıl inkişaf, rəqəmsal transformasiya və süni intellekt fokuslu innovasiya mərkəzinə çevrilməyi hədəfləyir. Güclü dövlət dəstəyi, yüksəkixtisaslı akademik heyətin qlobal vizyonu, yenilikçi tələbə gənclərin enerjisi, çevik universitet-sənaye əməkdaşlığı və yerli icma ilə fəal ünsiyyət qeyd olunan hədəflərə çatmaq üçün mühüm baza formalaşdırır. Prezident İlham Əliyevin birbaşa diqqət və qayğısı nəticəsində hazırda Qarabağ Universitetinin müasir kampusu sürətlə formalaşır. Akademik, inzibati və tədqiqat infrastrukturu Qarabağda həyata keçirilən şəhərsalma strategiyasının ilkin və uğurlu nəticələrindən biri kimi meydana çıxır və artıq Xankəndi şəhərinin ümumi memarlıq simasında özünəməxsus yer tutur. İnşaat mühəndisliyi ixtisası üzrə həyata keçirilən kadr hazırlığı isə yaxın perspektivdə müasir mühəndis kadrların bu quruculuq prosesinə əhəmiyyətli töhfə verməsinə zəmin yaradır”.

Rektor universitetin incəsənət profilli ixtisaslarında təhsil alan tələbələr və onların müəllimlərinin son iki ildə Qarabağda mədəni ekosistemin inkişafına mühüm töhfələr verdiklərini qeyd edib: “Müntəzəm keçirilən konsert proqramları və mədəni tədbirlər bölgəyə qayıdan sakinlər tərəfindən böyük rəğbətlə qarşılanır. Xüsusilə “Xarıbülbül” beynəlxalq musiqi festivalında iştirak Qarabağda mədəni həyatın yenidən canlanmasının simvolik göstəricilərindən biridir. Qarabağ Universiteti Klinikası, Tibb və sağlamlıq elmləri fakültəsinin fəaliyyətə başlaması həm tibbi kadr hazırlığına, həm müasir tədqiqatların aparılmasına, həm də keyfiyyətli səhiyyə xidmətlərinin göstərilməsinə imkan yaradır. Sağlam həyat mühiti və yüksək insan rifahı dayanıqlı məskunlaşmanın əsas şərtlərindən biri kimi fəaliyyətimizin mərkəzində dayanır. Qısa müddət ərzində 2200-ə yaxın tələbənin və 400-dən artıq peşəkar mütəxəssisin Xankəndi şəhərinə gəlməsi Qarabağ Universitetinin regionda həyatın bərpası prosesində oynadığı rolu açıq şəkildə nümayiş etdirir. Bu baxımdan Qarabağ Universiteti Azərbaycan Prezidentinin müəllifi olduğu Qarabağın dirçəlişi strategiyasının, işğaldan azad olunmuş torpaqlarda həyatın bərpası və davamlı məskunlaşmanın təmin olunması siyasətinin mühüm tərkib hissələrindən biri kimi qiymətləndirilə bilər. Qürurvericidir ki, Qarabağ Universiteti WUF13 çərçivəsində təşkil olunan “Urban Expo” sərgisində öz paviliyonu ilə iştirak edir. Bunu Qarabağ Universitetinin beynəlxalq arenada tanıtımı baxımından böyük imkan və əlverişli fürsət hesab edirik.

Qeyd olunanlar WUF13-ü Azərbaycanın dayanıqlı şəhərsalma və insan əsaslı məskunlaşma, eləcə də postmünaqişə məkanlarının bərpası və inkişafı sahəsindəki unikal təcrübəsinin beynəlxalq ictimaiyyətlə paylaşılması üçün mühüm platforma kimi dəyərləndirməyimizə əsas verir. İnanırıq ki, Bakının ev sahibliyi etdiyi bu Forum ölkəmizin qlobal şəhərsalma gündəliyində rolunu daha da gücləndirəcək”.

Избранный
6
1
azertag.az

2Источники