BAKI, 19 may. TELEQRAF
Şəhərsalma və iqlim gündəlikləri bir-biri ilə sıx bağlıdır, çünki urbanizasiya prosesləri ətraf mühitə təsir etdiyi kimi, ekoloji dəyişikliklər də şəhərlərə öz fəsadlarını göstərir.
Teleqraf xəbər verir ki, bu barədə WUF13-ün Milli Koordinatorunun müavini Gülşən Rzayeva Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) “Həssas və münaqişədən zərər çəkmiş ərazilərdə şəhər həlləri vasitəsilə sülhə töhfə verən iqlim fəaliyyəti” adlı sessiyasının açılışında bildirib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin adından qonaqları salamlayan Gülşən Rzayeva rəsmi Bakının tədbirdə mühüm təşəbbüslərlə çıxış etdiyini vurğulayıb.
Onun sözlərinə görə, bu layihələr həm növbəti şəhərsalma forumları, həm də COP konfransları üçün böyük bir miras rolunu oynayacaq.
G. Rzayeva qeyd edib ki, uzunmüddətli işğal dövründə dağıntılara məruz qalmış Qarabağ və Şərqi Zəngəzurun bərpası istiqamətində ölkəmiz zəngin təcrübəyə sahibdir:
“Hazırda regionda aparılan genişmiqyaslı yenidənqurma işləri bənzər çətinliklərlə üzləşən post-münaqişə ölkələri üçün unikal bir model rolunu oynayır. Bu fəaliyyət yalnız infrastrukturu və yaşayış sahələrini bərpa etməklə məhdudlaşmır, həm də insan mərkəzli planlaşdırma prinsiplərinə əsaslanaraq regionda dayanıqlı sülhə xidmət edir”.
G. Rzayeva COP29 dövründən əsası qoyulan və səfir Elşad İsgəndərovun rəhbərliyi ilə hazırlanan yeni təşəbbüsün əhəmiyyətini də diqqətə çatdırıb:
“Layihə böhranlardan zərər çəkmiş dövlətlərə dəstək xarakteri daşıyır. Təşəbbüsün əsas hədəfi çətin bərpa mərhələsindən keçən ölkələrdə şəhər maliyyəsini gücləndirmək, eləcə də yerli icmaların inkişafı üçün investisiyaların cəlb edilməsini təmin etməkdir”.