"Son iki gündə yağan yağışların iqlim dəyişikliyinin şəhərləşməyə təsirini gördük" -
İqlim dəyişikliyi ilə urbanizasiya arasındakı əlaqəni son iki gündə müşahidə etdiyimiz güclü yağışlardan sonra əlavə izah etməyə ehtiyac yoxdur. Hamımız iqlim dəyişikliyinin şəhərləşməyə təsirini gördük. WUF13 təşkilatçılarını bu çağırışın uğurla idarə olunmasına görə təbrik edirəm".Metbuat.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov Ümumdünya Şəhərsalma Forumunun (WUF13) “Həssas və münaqişədən zərər çəkmiş ərazilərdə şəhər həlləri vasitəsilə sülhə töhfə verən iqlim fəaliyyəti” adlı sessiyasının açılışına ünvanladığı mesajında deyib. O vurğulayıb ki, bu gün iqlim dəyişikliyi, urbanizasiya, yenidənqurma, sülh və həssaslıq məsələləri bir-biri ilə sıx bağlıdır. Xüsusilə postmünaqişə ərazilərinin bərpasında iqlim riskləri, mina təhlükəsi və insanların təhlükəsiz geri dönüşü kimi çətinliklər paralel şəkildə nəzərə alınmalıdır: “Dünyanın müxtəlif bölgələrində iqlim böhranı artıq qaçqın düşərgələrinə də ciddi təsir göstərir. Dünyanın ən isti 15 qaçqın düşərgəsində ildə təxminən 200 gün ekstremal hava hadisələri qeydə alınır. Proqnozlara görə, 2050-ci ilə qədər iqlim qaçqınlarının sayı 70 milyona çata bilər. Artıq iqlim səbəbindən didərgin düşən insanların sayı münaqişə qaçqınlarını üstələyir”. Gülbeniz Hüseynli / Mətbuat.az