RU

Nə sülh, nə müharibə: Qərar vermək çətindir

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

“Tramp İrana qarşı növbəti hərbi əməliyyatları təxirə salsa da, Yaxın Şərqdə hərbi eskalasiya riski kifayət qədər yüksəkdir". 

Bu sözləri politoloq Oqtay Qasımov “Cebheinfo.az” -a şərhində ABŞ-İsrail və İran arasında növbəti müharibənin mümkünlüyü barədə fikirlərini bölüşərkən bildirib. Onun sözlərinə görə, ABŞ ilə İran arasında danışıqlar faktiki olaraq, dalana dirənib və tərəflərin irəli sürdüyü təkliflər digəri tərəfindən qəbul olunmur:

 “Ən son İranın irəli sürdüyü təkliflərə Vaşinqton mənfi reaksiya verib. ABŞ Prezidenti Donald Tramp Çinə rəsmi səfərindən sonra yenidən İran mövzusuna qayıdıb və onun İranla bağlı bu dəfəki ritorikası kifayət qədər sərt idi. 

Ağ Evin rəhbəri Tehrana açıq şəkildə xəbərdarlıq edib ki, İranın zamanı tükənir və dərhal qərar verməlidir. Lakin dünən axşam Tramp öz sosial şəbəkə hesabında paylaşdığı şərhində qeyd edib ki, o, hazırda İrana qarşı planlaşdırılan hücum əməliyyatlarını təxirə salıb və İran hakimiyyətindən cavab gözləyir. 

O bildirib ki, onun belə bir qərar etməsində əsas səbəb Körfəz ölkələri – Səudiyyə Ərəbistan, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin dövlət rəhbərlərinin xahişi olub. Körfəz ölkələrinin rəhbərləri Trampla telefon əlaqəsi saxlayaraq ondan İrana qarşı hərbi əməliyyatları təxirə salmasını xahiş ediblər və ona bildiriblər ki, İran tərəfindən müəyyən addımların atılması gözləniləndir və gözləmək mövqeyi tutmaq lazımdır. 

Prezident Məsud Pezeşkianın adından yayılan bəyanat da xüsusi diqqət çəkir.  Bəyanatda qeyd olunur ki, dialoqdan yayınmaq mənfi nəticələrə gətirib çıxara bilər". O.Qasımov əlavə edib ki, ABŞ-nin İrana qarşı hərbi əməliyyatları təxirə salınsa da, regionda hərbi eskalasiya riski kifayət qədər yüksəkdir:

“Tramp hər hansı formada İran məsələsini həll etməlidir. Eyni zamanda, bu məsələdə İsrail faktorunu da nəzərə almaq lazımdır. Regionda ABŞ-nin hərbi bazaları var, möhkəmlənmək və savaşa hazırlıq istiqamətində tədbirlər görülür. İsrail tərəfi bəyan edib ki, onlar da İranla savaşa hazırdırlar. 

Yaxın Şərq regionunda kritik bir məqam müşahidə olunur. Danışıqlar dolaysı ilə davam edir, amma tərəflər arasında qarşılıqlı etimad yoxdur. Bu baxımdan, regionda hərbi eskalasiya riski yüksəkdir. Əgər yaxın zamanda İrana qarşı hücumların növbəti mərhələsi baş tutarsa, Körfəz ölkələri müqavimət göstərməyəcək. 

Onu da vurğulayım ki, BƏƏ hərbi eskalasiyadan daha çox ehtiyatlanır. Çünki 40 günlük savaşda İranın raket hücumlarından ən çox zərər çəkən ölkə BƏƏ olub.  Bu savaşda İranın raketlərinin 19 % - i İsrailə atılıbsa, əksəriyyəti Körfəz bölgəsinə, ən çox da BƏƏ-dəki müəyyən hərbi hədəflərə atılıb”.

Yunis Abdullayev 

“Cebheinfo.az”

Açar sözlər:

Tramp Oqtay Qasımov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
3
1
cebheinfo.az

2Источники