RU

Bakıda qurulan gələcək: Azərbaycanın şəhərsalma modeli dünyaya nə deyir?

Dünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakıda keçirilməsi təsadüfi deyil. Bu hadisə, Azərbaycanın son onilliklərdə həyata keçirdiyi genişmiqyaslı şəhərsalma siyasətinin beynəlxalq arenada tanınması və qiymətləndirilməsinin bariz nümunəsidir. Qədim şəhərlərin ölkəsi olan Azərbaycan, tarixi irsi müasir şəhərçilik anlayışı ilə birləşdirərək dünya üçün unikal bir inkişaf modeli ortaya qoyur.

Şəhəryaradan xalqın qədim tarixi;

Azərbaycan xalqı tarixən şəhəryaradan xalq kimi tanınıb. Eramızdan əvvəlki dövrlərdən etibarən bu torpaqda böyük şəhər mədəniyyətinin əsasları qoyulub, zaman-zaman inkişaf edərək bu günümüzə qədər gəlib çatıb. Məsələn, Qəbələ qədim Albaniya dövlətinin paytaxtı kimi e.ə. IV əsrdə salınan, öz dövrünün ən mühüm siyasi və mədəni mərkəzlərindən birinə çevrilən şəhər olub. Gəncə, bu gün Azərbaycanın ikinci böyük şəhəri olaraq qəribə bir tarixi davamlılığın simvolunu təcəssüm etdirir. Min illik tarixə malik bu şəhər müxtəlif sivilizasiyaların qovşağında parlaq bir mədəniyyət ocağına çevrilib.

Naxçıvan – min illik tarixi olan qədim şəhərdir və eyni zamanda müasir inkişafın canlı nümunəsi kimi diqqəti cəlb edir. Bu ərazidə aparılan arxeoloji qazıntılar göstərir ki, şəhər həyatı burada çox qədim dövrlərdən başlayıb. Şamaxı isə Azərbaycanın qədim paytaxt şəhərlərindən biri olaraq Şirvanşahlar dövlətinin mərkəzi rolunu üstlənib, Şərqin mühüm ticarət və mədəniyyət qovşaqlarından biri olub. Bütün bu şəhərlər Azərbaycan xalqının şəhər mədəniyyətinin köklərinin nə qədər dərin olduğunu sübut edir.

Naxçıvan

XIX əsrin ikinci yarısından müasir urbanizasiyaya doğru;

XIX əsrin ikinci yarısı Azərbaycanda urbanizasiya tarixinin yeni mərhələsinin başlanğıcı kimi qeyd olunur. Bakıda neft sənayesinin sürətli inkişafı şəhərin simasını köklü surətdə dəyişdirdi. Avropadan gətirilən memarlıq üslubları, genişləndirilən küçə şəbəkələri, müasir infrastruktur, yəni bütün bunlar Azərbaycanın o dövrdə qlobal urbanizasiya meyillərinə qoşulduğunu sübut edir. Tarixi qorumaqla müasirləşmənin uyğunlaşdırılması həmin dövrün əsas çağırışı idi. Bu çağırışa verilən cavab isə İçərişəhərin qorunub saxlanması ilə paralel olaraq şəhərin yeni hissələrinin inşası, bugünkü Bakının memarı olub. Söhbət sadəcə binaların deyil, bütöv bir həyat tərzinin, şəhər mədəniyyətinin qorunub gələcəyə ötürülməsindən gedir. Bu siyasətin kökləri XIX əsrə gedib çıxsa da, onun müasir dövrə uyğunlaşdırılan, zənginləşdirilən forması bu gün daha planlı, məzmunlu və hərtərəfli şəkildə həyata keçirilir.

Siyasi iradə və şəhərsalma dövlət prioriteti Kimi;

Azərbaycanın şəhərsalma sahəsindəki uğurlarının arxasında güclü siyasi iradə dayanır. Azərbaycan Prezidenti cənab İlham Əliyev şəhərsalma məsələlərini dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi daim diqqətdə saxlayıb. İqtisadi inkişafın şəhər infrastrukturunun modernləşməsi ilə paralel aparılması, regionların inkişafına kompleks yanaşma, yeni şəhər mərkəzlərinin yaradılması – bütün bunlar ardıcıl və sistemli bir siyasətin məhsuludur. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhərsalma, mədəni irsinin qorunması və bərpası sahəsindəki fəaliyyəti isə bu siyasətə xüsusi bir humanist məzmun qatıb. Bakının tarixi mərkəzinin UNESCO Dünya İrs Siyahısına daxil edilməsi, mədəni abidələrin bərpası, ictimai məkanların yenidən canlandırılması kimi layihələrin reallaşdırılmasında bu şəxsi dəstəyin müstəsna əhəmiyyəti olub. Şəhərsalma siyasəti beləliklə yalnız texniki-iqtisadi bir sahə deyil, həm də milli kimliyin, mədəni yaddaşın qorunması və inkişaf etdirilməsi missiyasını daşıyan strateji bir istiqamətə çevrilib.

İşğaldan azad edilən ərazilər: Şəhərsalmada qlobal presedent;

2020-ci il Vətən müharibəsinin qələbəsi ilə Azərbaycanın nəzarətinə qayıdan torpaqlar – Şuşa, Ağdam, Füzuli, Laçın, Kəlbəcər, Zəngilan və digər şəhər və kəndlər onillik işğal dövründə demək olar ki, tam dağıdılıb. Düşmən tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən bu dağıdıcılıq nəticəsində Azərbaycanın qədim şəhərlərindən yalnız xarabalıqlar qalıb.

Şuşa

Azərbaycan bu torpaqlarda həyata keçirilən bərpa və yenidənqurma prosesi ilə dünya üçün unikal bir nümunə ortaya qoyub. Sıfırdan şəhər qurmaq qlobal şəhərsalma təcrübəsində nadir hallarda qarşılaşılan bir vəziyyətdir. Müasir ekoloji standartları, ağıllı şəhər texnologiyalarını, bərpa edilə bilən enerji mənbələrini və universal əlçatanlıq prinsiplərini əsas götürərək hazırlanan Qarabağ Dirçəliş Planı 21-ci əsrin şəhərsalma anlayışının canlı laboratoriyasına çevrilib. Şuşanın – Azərbaycanın mədəni paytaxtının yenidən qurulması bu prosesdə xüsusi simvolik əhəmiyyət daşıyır. Tarixən Şərqin musiqi və poeziya mərkəzlərindən biri sayılan Şuşanın tarixi toxuması qorunmaqla müasir şəhər infrastrukturuna qovuşdurulması həm milli özünüifadənin, həm də qabaqcıl şəhərsalma düşüncəsinin parlaq nümunəsidir. Bu prosesdə Azərbaycan yalnız öz torpaqlarını deyil, bütövlükdə münaqişə sonrası şəhərsalmanın gələcəyini müəyyən edən yeni standartları da bərpa edir.

Azərbaycan: Qlobal dialoq üçün təhlükəsiz platform;

Bugünkü dünyada geosiyasi gərginliklər artdıqca, beynəlxalq dialoq üçün neytral, etibarlı platformaların əhəmiyyəti daha da böyüyür. Azərbaycan bu boşluğu doldurmaqda qeyri-adi bir uğar qazanıb. 2024-cü ildə COP29-a – BMT-nin iqlim dəyişikliyi üzrə Tərəflər Konfransına ev sahibliyi etmək, ardından 2026-cı ildə WUF13-ü Dünya Şəhərsalma Forumunu qəbul etmək Azərbaycanın beynəlxalq arenada nə qədər güclü bir mövqe qazandığını açıq şəkildə göstərir.

Bu uğurların bir neçə səbəbi var. Birincisi, Azərbaycan siyasi baxımdan sabit, təhlükəsiz bir dövlətdir; diplomatik əlaqələri geniş, müxtəlif sivilizasiyalar, dinlər və mədəniyyətlər arasında körpü rolunu oynamaq ənənəsi uzun bir tarixi keçmişə malikdir. İkincisi, ölkənin möhtəşəm infrastrukturu və beynəlxalq tədbirlərin keçirilməsi üçün zəruri olan logistik imkanları artıq dünya səviyyəsindədir. Üçüncüsü, Azərbaycanın müstəqil xarici siyasət kursu onu Şimal-Cənub, Şərq-Qərb oxlarında unikal bir vasitəçilik mövqeyinə qoyur.

Münaqişələrin, iqlim böhranının, urbanizasiyanın doğurduğu çağırışların qlobal gündəmi müəyyənləşdirdiyi bir dövrdə Azərbaycanın bu forumları uğurla təşkil etməsi yalnız texniki-lojistik bir nailiyyət deyil, eyni zamanda güclü siyasi bir mesajdır: dialoq mümkündür, birgə həllər tapıla bilər, dünya birlikdə daha yaxşı bir gələcək qura bilər.

Azərbaycan modeli – Dünya üçün dərs;

WUF13-ün Bakıda keçirilməsi dünya şəhərsalma ictimaiyyətinə son dərəcə dəyərli bir mesaj verir: Azərbaycan modeli öyrənilməyə, müzakirə edilməyə və əsasında yeni konsepsiyalar hazırlanmağa layiq bir nümunədir. Bu model bir neçə fərqli komponentin uğurlu sintezini özündə ehtiva edir. Tarixi irsin qorunması ilə müasir inkişafın uyğunlaşdırılması, dövlət siyasi iradəsinin şəhərsalmaya ardıcıl tətbiqi, münaqişə sonrası ərazilərin sıfırdan qurulması, beynəlxalq dialoq üçün etibarlı platforma olmaq – bu dörd element birlikdə Azərbaycanın şəhərsalma sahəsindəki unikal yerini müəyyən edir. Bütün bunlar heç bir ölkənin tam olaraq təkrarlaya bilməyəcəyi, lakin hər ölkənin öz şərtlərinə uyğun şəkildə istifadə edə biləcəyi dərsləri ehtiva edir. WUF13 çərçivəsində dünyaya təqdim olunan bu model, Azərbaycanın yalnız regional bir uğur hekayəsi olmadığını, eyni zamanda qlobal şəhərsalma gündəminə dəyərli töhfə verən, öz yolunu özü çəkən bir inkişaf fəlsəfəsinin sahibi olduğunu bütün aydınlığı ilə ortaya qoyur.

WUF13

Fadil Paşayev,
Əməkdar jurnalist

Избранный
43
2
konkret.az

3Источники