RU

“Prezident Azərbaycanın keçmişi, bu günü, gələcəyi haqqında dünyaya mesaj verdi”

Xalqcebhesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Prezident İlham Əliyevin Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasındakı (WUF13) çıxışı, əslində, Azərbaycanın keçmişi, bu günü və gələcəyi haqqında dünyaya ünvanlanan siyasi, mədəni və strateji mesaj idi. Çünki burada söhbət yalnız şəhərlərin tikilməsindən yox, dövlətin necə qurulmasından, xalqın hansı sivilizasiya ənənəsinə malik olmasından və gələcəyə hansı baxışla irəliləməsindən gedirdi. Prezidentin “Azərbaycan xalqı şəhəryaradan xalqdır” fikri xüsusi diqqət çəkdi. Qəbələ, Gəncə, Naxçıvan, Şamaxı kimi qədim şəhərlərin nümunə göstərilməsi təsadüfi deyildi. Bununla dünyaya mesaj verildi ki, Azərbaycan təsadüfi coğrafi məkan deyil, minilliklər boyu şəhər mədəniyyəti formalaşdırmış, dövlətçilik və urban həyat ənənəsi yaratmış qədim sivilizasiya məkanıdır. Bu yanaşma Azərbaycanın beynəlxalq imicini daha da dərinləşdirir. Çünki müasir dünyada güclü dövlət olmaq yalnız iqtisadi və hərbi imkanlarla ölçülmür; tarixi-mədəni köklər, şəhər mədəniyyəti və sivilizasiya yaddaşı da mühüm amildir”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Elnarə Akimova söyləyib.

Deputatın sözlərinə görə, çıxışın digər mühüm istiqaməti Azərbaycanda urbanizasiya prosesinin tarixi inkişaf yolunun göstərilməsi idi: “XIX əsrin ikinci yarısından başlayaraq ölkədə yeni urbanizasiya mərhələsinin formalaşması, xüsusilə Bakının sənaye və neft mərkəzi kimi yüksəlişi Azərbaycanın modernləşmə tarixinin vacib hissəsidir. Prezident burada çox incə, amma strateji bir xətt ortaya qoydu: modernləşmək milli kimliyi itirmək demək deyil. Azərbaycan tarixi qorumaqla yenilənən, milli memarlıq və mədəni irsi müasir şəhərsalma ilə birləşdirən model təqdim edir. Bu gün Bakıda, bölgələrdə və xüsusilə yeni qurulan yaşayış məntəqələrində görünən mənzərə məhz bu siyasətin nəticəsidir”.

O bildirib ki, çıxışda dövlət rəhbərliyinin şəhərsalma siyasətinə xüsusi diqqət göstərməsinin vurğulanması da mühüm siyasi mesaj idi: “Bu, urbanizasiya məsələsinin təsadüfi və lokal təşəbbüs deyil, dövlət strategiyasının əsas istiqamətlərindən biri olduğunu nümayiş etdirdi. Şəhərlərin inkişafı, yolların çəkilməsi, infrastrukturun yenilənməsi, parkların, sosial obyektlərin yaradılması Azərbaycanda uzunmüddətli inkişaf siyasətinin tərkib hissəsi kimi təqdim olundu. Burada əsas məqam ondan ibarətdir ki, dövlət urbanizasiya prosesinə yalnız tikinti prizmasından baxmır; insan həyatı, sosial rifah, ekoloji balans və milli memarlıq düşüncəsi birlikdə nəzərə alınır. Ən təsirli məqamlardan biri isə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma siyasətinin təqdimatı idi. Prezident faktiki olaraq dünyaya göstərdi ki, Azərbaycan dağıntıları sadəcə bərpa etmir, yeni inkişaf fəlsəfəsi yaradır. Qarabağ və Şərqi Zəngəzur bu gün dünyanın diqqətlə izlədiyi böyük şəhərsalma və dayanıqlı inkişaf layihəsinə çevrilib. “Ağıllı şəhər”, “ağıllı kənd”, yaşıl enerji zonası, müasir infrastruktur, ekoloji yanaşma — bütün bunlar Azərbaycanın postmünaqişə dövründə necə strateji və uzaqgörən siyasət həyata keçirdiyini nümayiş etdirir. Dünyada bir çox ölkələr müharibədən sonra xaos və qeyri-müəyyənlik yaşayarkən, Azərbaycan azad edilmiş torpaqlarda sistemli və planlı quruculuq modeli ortaya qoyur. Bu isə ölkənin beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırır”.

E.Akimova həmçinin deyib ki, Prezidentin çıxışında xüsusi vurğulanan digər məqam Azərbaycanın qlobal tədbirlərə uğurla ev sahibliyi etməsi idi: “COP29 və WUF13 kimi mühüm beynəlxalq platformaların Azərbaycanda keçirilməsi artıq ölkənin yalnız regional deyil, qlobal miqyasda etibarlı tərəfdaş kimi qəbul olunduğunu göstərir. Dünyada müharibələrin, siyasi böhranların və təhlükəsizlik risklərinin artdığı bir dövrdə Azərbaycanın beynəlxalq dialoq üçün təhlükəsiz məkan kimi seçilməsi böyük siyasi etimadın göstəricisidir. Bu, həm də onu göstərir ki, Azərbaycan artıq qlobal gündəlik formalaşdıran məsələlərin müzakirəsində fəal iştirak edən ölkəyə çevrilib. Ümumilikdə, Prezident İlham Əliyevin WUF13-dəki çıxışı Azərbaycanın inkişaf modelini dünyaya təqdim edən konseptual çıxış idi. Bu çıxışda tarixlə gələcək, milli irslə modern şəhərsalma, postmünaqişə bərpası ilə dayanıqlı inkişaf ideyası vahid siyasi baxış kimi təqdim olundu. Əsas mesaj isə aydın idi: Azərbaycan yalnız öz şəhərlərini qurmur, həm də regionda və dünyada yeni inkişaf, təhlükəsizlik və dayanıqlı urbanizasiya modeli formalaşdırır”.

Röya İsrafilova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
7
icma.az

1Источники