RU

WUF13: Azərbaycanın turizm mövqeyini gücləndirmək üçün İMKAN

Son illər ölkəmizdə keçirilən beynəlxalq tədbirlər müxtəlif sahələrdə irəliləyişlərə gətirib çıxarır. 

Belə ki, idman, iqtisadiyyat, mədəniyyət sahəsində keçirilən tədbirlər ölkəmizə səfər edən xarici dövlətlərin nümayəndələri ilə müvafiq qurumlar arasında əlaqələrin daha da genişlənməsinə, yeni-yeni müqavilələrin imzalanmasına, əməkdaşlığın qurulmasına şərait yaradır. 

Bugünlərdə isə Azərbaycan daha bir beynəlxalq tədbirə - BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) ev sahibliyi edir. Forum çərçivəsində xarici ölkələrdən minlərlə insan Bakıya səfər edib. Bakıda təşkil olunan WUF13 kimi tədbirlər turistlərin ölkəmizə marağının artmasında hansı rolu ola bilər?

Məsələ ilə bağlı "Skal Baku" Azərbaycan turizm peşəkarları təşkilatının sədri, turizm eksperti Ceyhun Aşurov “Cebheinfo.az”-a bildirib ki, 2026-cı ildə WUF13 kimi mötəbər forumun Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq urbanizasiya gündəliyində artan rolunun və həmçinin ölkəmizə göstərilən yüksək beynəlxalq etimadın göstəricisidir: 

"Təsadüfi deyil ki, Azərbaycanda 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan olunub. Bu qərar ölkəmizin yalnız memarlıq və infrastruktur baxımından deyil, həm də dayanıqlı şəhər idarəçiliyi sahəsində yeni mərhələyə keçdiyini göstərir. Bu gün Azərbaycanda urbanizasiya səviyyəsi 58,6 faiz təşkil edir. 

Ölkəmizdə 79 şəhər və 263 qəsəbə var. Bu statistika onu göstərir ki, şəhərlərin inkişafı artıq yalnız tikinti məsələsi deyil, sosial rifah, turizm, ekologiya və iqtisadiyyatın birgə idarə olunması məsələsinə çevrilib.Turizm sektoru üçün isə bu tədbirin çox ciddi strateji əhəmiyyəti var. İlk növbədə, forum Azərbaycanın beynəlxalq imicini daha da gücləndirəcək. 

Gələn xarici nümayəndə, investor, media təmsilçisi, urbanist, akademik və biznes liderinin Bakıya səfəri ölkəmizin təhlükəsiz, müasir və qonaqpərvər ölkə kimi tanınmasına töhfə verəcək. Tədbirin yaratdığı beynəlxalq tanıtım effekti forum bitdikdən sonra da digər tədbirlərdə olduğu kimi davam edəcək". İkinci mühüm məsələ biznes və tədbir turizmidir: 

"Dünyada MICE turizmi — yəni görüşlər, konfranslar, sərgilər və beynəlxalq forumlar turizmi — ən yüksək gəlir gətirən istiqamətlərdən biridir. Bakı artıq Formula 1 Azerbaijan Grand Prix, COP29 və digər beynəlxalq tədbirlərlə bu sahədə mühüm təcrübə qazanıb. 

WUF13 isə Bakının regional tədbir və urban turizmi mərkəzi kimi mövqeyini daha da gücləndirəcək. Forum çərçivəsində otellər, restoranlar, nəqliyyat sektoru, turizm agentlikləri, bələdçi xidmətləri və xidmət sənayesinin digər sahələrində ciddi hazırlıq görülmüşdür. Bu, həm dövlət, həm özəl sektor, həm də kiçik sahibkarlar üçün sınaq və imkanlar deməkdir".

Ekspertin sözlərinə görə, digər mühüm istiqamət şəhər infrastrukturunun inkişafıdır: 

"Belə tədbirlər yalnız qısamüddətli iqtisadi fayda yaratmır, eyni zamanda uzunmüddətli urban inkişaf prosesini sürətləndirir. Yeni nəqliyyat həlləri, rəqəmsal xidmətlər, yaşıl ictimai məkanlar və müasir turizm infrastrukturu gələcək turist axını üçün də mühüm baza yaradır. WUF13-ün ən vacib xüsusiyyətlərindən biri isə inklüzivlik və dayanıqlılıq yanaşmasıdır. 

Otellər, restoranlar, muzeylər və turizm məkanlarında geniş monitorinqlər aparılır. Bu yanaşma gələcəkdə Azərbaycanın daha inklüziv turizm destinasiyasına çevrilməsinə töhvə verəcək. Eyni zamanda, tədbirin bütün mərhələləri ISO 20121 beynəlxalq dayanıqlı tədbir idarəetmə standartına uyğun şəkildə həyata keçirilir. 

Karbon emissiyasının azaldılması, yaşıl enerji istifadəsi, tullantıların idarə olunması və ekoloji həllər artıq müasir tədbir turizminin əsas tələblərindən biridir. Bu isə Azərbaycanın dayanıqlı tədbir təşkilatçılığı sahəsində də nümunəvi model formalaşdırdığını göstərir. 

Urbanizasiya artıq yalnız memarlıq deyil, texnologiya, turizm, ekologiya, sosial siyasət və innovasiyanın birləşdiyi sahəyə çevrilib.  WUF13 yalnız bir forum deyil. 

Bu tədbir Azərbaycanın beynəlxalq turizm xəritəsində mövqeyini daha da gücləndirmək, Bakını regional urban və tədbir turizmi mərkəzinə çevirmək, eyni zamanda daha yaşıl, daha təhlükəsiz və daha inklüziv şəhər modeli formalaşdırmaq üçün tarixi fürsətdir. 

İnanıram ki, bu forum həm şəhərlərimizin gələcəyinə, həm də turizmin dayanıqlı inkişafına öz töhfəsini verəcək".

Избранный
28
cebheinfo.az

1Источники