Bakı-Tiflis-Bakı sərnişin qatarının fəaliyyətinin bərpası istiqamətində danışıqlar aparılır. "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən verilən məlumata görə, qurum hazırda "Gürcüstan Dəmir Yolları" ilə işçi qaydada texniki və təşkilati məsələləri müzakirə edir.
Gürcüstan mediasında rəsmi mənbələrə istinadən yayılan məlumata görə, Bakı-Tiflis-Bakı sərnişin qatarının fəaliyyəti bu il mayın 26-da bərpa olunacaq. COVID-19 pandemiyası və xüsusi karantin rejimi səbəbindən Bakı-Tiflis-Bakı sərnişin qatarının fəaliyyəti 2020-ci ilin martında dayandırılıb. Ümumdünya Səhiyyə Təşkilatı koronavirus pandemiyasının başa çatdığını 2023-cü il mayın 6-da elan etsə də, Azərbaycan karantin rejimini xeyli yumşaltmasına baxmayaraq, quru sərhədlərindəki məhdudiyyətləri hələ də saxlayır. Ötən ilin mayında da Gürcüstan mətbuatında Bakı-Tiflis qatarının fəaliyyətinin bərpa olunacağı barədə məlumatlar yayılsa da, bu reallaşmamışdı. O zaman ekspertlər prosesin dayandırılmasını Azərbaycan tərəfinin istəksizliyi ilə əlaqələndirirdi. Analitiklər hesab edir ki, pandemiyanın bitməsindən üç il keçsə də, quru sərhədlərindəki məhdudiyyətlərin saxlanması daha çox təhlükəsizlik amilləri ilə bağlıdır.
"Azərbaycan Dəmir Yolları" QSC isə onu da bildirir ki,Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində imzalanan "Bakı-Tiflis-Qars" yeni dəmir yolu xətti layihəsinin icrasına dair Marabda-Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin bərpası, yenidən qurulması və inşası üzrə Koordinasiya Şurasının 41-ci iclasının Protokolu BTQ layihəsi üzrə reallaşdırılmış modernləşdirmə işlərinin başa çatdırılmasını və yekun qəbulunu təsdiqləyir. Bu tədbir həmçinin BTQ xəttinin effektiv idarəçiliyinin təmin edilməsi məqsədilə ADY və "Marabda-Kartsaxi Dəmir Yolu" MMC-nin törəmə şirkətləri tərəfindən yaradılmış "BTKI Railways" MMC birgə müəssisəsinin işə başlaması ilə əlamətdar olub. BTQ-nin imkanlarının artırılması məqsədilə 2024-cü ildə "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən xəttin Gürcüstan ərazisindən keçən 184 kilometrlik hissəsində modernləşdirmə işləri aparılıb. 5 mərhələdən ibarət olan layihə 13 dəmir yolu stansiyası, 55 körpü, 8 dartı yarımstansiyası, 320 bina və süni mühəndis qurğularını əhatə edir. Layihə çərçivəsində 30,3 km uzunluğunda yeni dəmir yolu xətti, təkər cütlərinin dəyişdirilməsi stansiyası, 153,1 km uzunluğunda mövcud dəmir yolunun reabilitasiya və rekonstruksiyası üzrə işlər həyata keçirilib. Layihə mürəkkəb coğrafi relyefdə, bəzi ərazilərdə dəniz səviyyəsindən 2400 metr yüksəklikdə və sərt iqlim şəraitində icra olunub. Görülən işlər nəticəsində BTQ-nin illik yük ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb: "Modernləşdirmənin məqsədi BTQ-ni Orta Dəhlizin əsas yükdaşıma arteriyalarından birinə çevirmək və dəhlizin rəqabət qabiliyyətini artırmaqdır. Bu modernləşmə BTQ-ni Çin və Mərkəzi Asiyadan Avropaya uzanan ən qısa və çevik quru marşrutlardan biri kimi daha funksional edir. ADY layihənin Azərbaycan tərəfində – Bakı–Böyük Kəsik sahəsində də əsaslı təmir işləri həyata keçirib, enerji sistemini yeniləyib. Ötən il Böyük Kəsikdən Hacıqabul sahəsinə qədər dəyişən cərəyan sistemi tətbiq olunub, rabitə və işarəvermə sistemləri yenidən qurulub. Artıq BTQ sadəcə Bakı, Tiflis və Qarsı birləşdirən dəmir yolu deyil, modernləşdirilmiş xətt Orta Dəhlizin yükdaşıma qabiliyyətini artıracaq, Şərq–Qərb ticarət axınlarını sürətləndirəcək, Azərbaycanı regional tranzit qovşağı kimi gücləndirərək Avrasiya logistika sistemində yeni balans yaradacaq".
Ramil QULİYEV