RU

Qaz ixracatı strateji olmaqla yanaşı, ölkəyə daxil olan valyutanın həcmini artıracaq-Özəl

"Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibəsində Azərbaycan ilə Avropa İttifaqı arasında genişlənən enerji əməkdaşlığına toxunaraq ölkəmizin qitənin 12 dövlətinə qaz ixrac etdiyini bildirib". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib: "Avropanın enerji təhlükəsizliyinin güclənməsinə xüsusi töhvə verən Azərbaycanın təbii qaz hasilatının yaxın illərdə əhəmiyyətli dərəcədə artacağı gözlənilir. 2025-ci ildə Azərbaycanda 51,5 milyard kubmetr təbii qaz hasil edilib. 2024-cü ildə bu göstərici 50.3 milyard kubmetr idi. Hasilatın 14,1 milyard kubmetri "Azəri-Çıraq-Günəşli"nin, 27,9 milyard kubmetri "Şahdəniz"in, 1,6 milyard kubmetri "Abşeron" yatağının, 7,9 milyard kubmetri isə SOCAR-ın payına düşüb. Qaz ixracına gəldikdə isə, xaricı ümumi satış 25,2 milyard kubmetr olub. Bundan 12,8 milyard kubmetr Avropaya, 9,6 milyard kubmetr Türkiyəyə, 2,3 milyard kubmetr Gürcüstana, 0,5 milyard kubmetr isə Suriyaya ixrac edilib. 
Son 4 ildə yalnız Avropaya 57 milyard kub metrdən çox qaz nəql edən Azərbaycanın artan qaz hasilatı ixracatın da həcminə təsirsiz ötüşmür. Təbii qazın həcminə görə Azərbaycan Avropa İttifaqında idxalçı dövlətlər arasında ilk beşlikdə qərarlaşıb. Planlaşdırılan və ya gözlənilən artımlar isə Azərbaycan qaz ixracatının kəskin artmasına səbəb olacaq. Bu daha çox ölkəyə, daha çox qaz tədarükü deməkdir.
Digər tərəfdən, yaşıl enerji hasilatının artması daxili istehlakda təbii qaz qənaətinə və daha çox ixracata imkan verəcək. Bu isə dövlət gəlirlərinin artırılması baxımdan vacibdir. Qaz ixracatı strateji olmaqla yanaşı, ölkəyə daxil olan valyutanın həcmini artıracaq.
Bu baxımdan, Azərbaycan yaxın illərdə təbii qaz ixracatını kəskin artıra biləcək. Bu isə Cənub Qaz Dəhlizinin ötürmə imkanlarının genişləndirilməsini daha prioritetləşdirir. Təbii qaz ixracatı dövlət gəlirlərini artırmaqla yanaşı, ölkəmizin geo-siyasi mövqeyini daha da möhkəmləndirərək regionun enerji təhlükəsizliyinin güclənməsində Azərbaycanın rolunu gücləndirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
48
olaylar.az

1Источники