"Bu gün, demək olar ki, Azərbaycan qədər öz milli və maliyyə resursları hesabına 9-a yaxın şəhəri, 300-dən artıq kənd və qəsəbəni yenidən quran ikinci bir ölkə yoxdur".
Moderator.az xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
“Azərbaycan beynəlxalq səviyyəli tədbirlərin keçirildiyi mühüm məkanlardan biridir və ölkəmizdə bu qəbildən olan çoxsaylı tədbirlər təşkil olunur. Azərbaycan BMT çərçivəsində keçirilən ən böyük tədbirlərdən biri olan COP29-a ev sahibliyi edib. Bunun ardınca isə Ümumdünya Şəhərsalma Forumunun Azərbaycanda keçirilməsi həm beynəlxalq ictimaiyyətin, həm də BMT ailəsinin ölkəmizə olan etimadının göstəricisidir. Nəzərə almaq lazımdır ki, hazırkı dövrdə dünyanın bütün ölkələri bu miqyaslı tədbirləri keçirmək imkanına malik deyil. Təhlükəsizlik vəziyyəti, müharibələr, təşkilatçılıq qabiliyyəti, şəhərlərin hazırlıq səviyyəsi və digər amillər səbəbindən hər ölkə və hər şəhər belə tədbirlərə hazır olmur. Azərbaycanın beynəlxalq etimad qazanması, hazırlıq səviyyəsi və çoxtərəfli diplomatik tədbirlərə uğurla ev sahibliyi etməsi Ümumdünya Şəhərsalma Forumu kimi nüfuzlu bir tədbirin ölkəmizdə keçirilməsini şərtləndirib”.
Hikmət Hacıyev bildirib ki, bu, BMT miqyasında COP29-dan sonra ikinci ən böyük tədbirdir və qısa zaman ərzində belə iki böyük tədbirin Azərbaycanda keçirilməsi xüsusi əhəmiyyət daşıyır: “Azərbaycanda Ümumdünya Şəhərsalma Forumunun keçirilməsinin əhəmiyyətinə gəldikdə isə, ilk növbədə cənab Prezidentin forumun açılışında vurğuladığı məqamlara toxunmaq istərdim. Birincisi, qeyd olundu ki, Azərbaycan xalqı zəngin şəhərsalma mədəniyyətinə malikdir. Azərbaycanda şəhərlərin yaranma tarixi eramızdan əvvəlki dövrlərə gedib çıxır. Qədim Albaniyanın paytaxtı olmuş Qəbələ, Naxçıvan və digər qədim Azərbaycan şəhərlərini, həmçinin orta əsr şəhərlərimizi buna nümunə göstərmək olar.
Bu zəngin ənənələr və təcrübə əsasında bu gün də Azərbaycanda müasir şəhərlər inkişaf etdirilir. Eyni zamanda urbanizasiya prosesi çərçivəsində tarixi irs qorunur. Bugünkü Bakı bunun ən gözəl nümunəsidir və bu, dünya səviyyəsində də qəbul olunur. UNESCO-nun Dünya İrs Siyahısına Bakının bir sıra tarixi məkanlarının daxil edilməsi də bunun göstəricisidir. Azərbaycanın digər bölgələrində yerləşən şəhərlərimiz də bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Burada postmünaqişə dövründə şəhərlərin və yaşayış məskənlərinin yenidən qurulması məsələsi də xüsusi qeyd olunmalıdır. Azərbaycan Respublikasının bu istiqamətdə apardığı fəaliyyət, cənab Prezidentin də vurğuladığı kimi, unikal xarakter daşıyır”.
Prezidentin köməkçisi vurğulayıb ki, məskunlaşma və mənzil problemlərinə qlobal kontekstdə baxdıqda, Ermənistanın Azərbaycana qarşı işğalı nəticəsində 1990-cı illərin əvvəllərində yaranmış qaçqın və məcburi köçkün problemi xüsusi qeyd olunmalıdır: “Həmin dövrdə ağır şəraitdə yaşayan məcburi köçkünlər çadırlarda məskunlaşmışdı. Lakin qısa müddət ərzində Azərbaycan dövləti tərəfindən bu vəziyyət dəyişdirildi, məcburi köçkünlər üçün yaşayış evləri və mənzillər inşa edildi. Bütün bunlar göstərir ki, Azərbaycan bu gün qlobal problemlərin müzakirə olunduğu mühüm platformaya çevrilib və Ümumdünya Şəhərsalma Forumu da məhz bu məqsədə xidmət edir”.